Azərbaycanda nurçuların hansı qanadı güclüdür?
11:48 27-12-2014
CƏMİYYƏT
Azərbaycanda nurçuların hansı qanadı güclüdür?
Siyasiləşmiş təriqət üzvləri real təhlükədir
Fətullah Gülən mövzusu aktuallığını saxlamaqdadır. Türkiyədə Fətullah Gülənə qarşı həbs qərarı çıxandan sonra həm o ölkədə, həm də digər dövlətlərdə fəaliyyət göstərən Fətullah Gülən adamlarına qarşı sərtlik artıb. O cümlədən Azərbaycanda da nurçuluq mövzusu aktualdır və aparılan təhlillər onu göstərir ki, uzun illər Azərbaycanda fəaliyyət göstərən nurçular dövlətin içinə sıza biliblər.
Hətta Elnur Aslanov vasitəsi ilə hakimiyyət düşərgəsində şəbəkə yaratdıqları da iddia olunurdu. Deyilənlərə əsaslansaq hesab etmək olar ki, yaxın vaxtlarda Fətullah Gülən tərəfdarlarına qarşı növbəti kampaniyaya start veriləcək. Amma sən demə bu dini qruplaşma da özündə bir neçə yerə parçalanıbmış və bəzən bunlar yanlış qarşılanır. "Azərbaycanda nurçuluğun 2 qanadı var". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Komitə sədrinin müavini bildirib ki, bunlardan biri "dərsxana nurçuluğu", digəri isə onlardan ayrılmış "müasir nuçuluq"dur: "Azərbaycanda əsasən bölgələrdə daha çox fəaliyyət göstərən "dərsxana nurçuluğu"dur. Onlara görə, dini izah eləməmişdən, hətta Qurandan öncə risalələri oxumaq lazımdır. Onların fikrincə, yalnız bu risalələri oxumaqla Quranı başa düşmək olar. Bunların "müasir nurçuluq" qanadından fərqi odur ki, siyasətə qarışmırlar. Ancaq təhsilə, dinlə bağlı təbliğata önəm verirlər. "Müasir nurçuluq" qanadında isə siyasi proseslərə müdaxilə var. Məsələn, seçkilərdə kollektiv şəkildə iştirak edirlər. Rəhbərlərinin mövqeyini nəzərə alaraq siyasi proseslərə qatılırlar".
G. İsmayılov nurçuluğun Azərbaycanda hansı məqamlarda təhlükəli olub-olmaması, cəmiyyət üçün qəbul olunmayan tərəflərindən də danışıb: "Bilirsiniz, Azərbaycanı birləşdirən dəyərlər var. Məsələn, 20 Yanvar faciəsini, Novruz bayramını, 28 May gününü, Qurtuluş gününü, 26 İyun gününü, 31 Dekabr gününü, Şah İsmayıl Xətaini, Dədə Qorqudu və s. qəbul etməyənə necə azərbaycanlı demək olar? Bunları qəbul etməyənin bir amerikandan, ingilisdən, ərəbdən fərqi varmı? Əlbəttə yoxdur. Saydıqlarım bu ortaq milli-mənəvi dəyərləri qəbul etməyən insanlar Azərbaycan dövlətinə, Vətənə, xalqına münasibət baxımından azərbaycanlı sayılmayandan sonra onların dindar olmasının elə bir əhəmiyyəti qalmır".
Komitə sədrinin müavini deyib ki, dinin ölkədə yayılmasında problem yoxdur: "Amma elə yayılmalıdır ki, qanunlar pozulmasın, həqiqi dini dəyərlər yayılsın və yayılan zaman milli-mənəvi dəyərlərə əks əməllər olmasın". Amma ekspertlər hesab edir ki, məsələ heç də belə deyil. Çünki hazırda nurçular deyiləndə əsas tərəf kimi Fətullah Gülən tərəfdarları nəzərə alınır. Türkiyədə də nurçulara qarşı savaş deyiləndə konkret olaraq Fətullah Gülən tərəfdarları nəzərədə tutulur. Fətullah Gülən tərəfdarlarına gəldikdə isə aydın olur ki, onların əsas fəaliyyətləri media, səhiyyə və təhsil sektoruna nəzarət etməkdir. Yəni elə Fətullah Gülən tərəfdarları daha çox siyasiləşiblər. Onların Azərbaycandakı fəaliyyətinə gəldikdə isə açıq şəkildə görünür ki, burda da təhsil sektoruna ciddi müdaxilə edə biliblər. Bütün bunlar isə sübutlayır ki, Azərbaycana gələn nurçular elə siyasiləşmiş qanada məxsusdurlar. Hətta iddia edilir ki, Azərbaycanda fəaliyyət göstərən Fətullah Gülən tərəfdarları vətəndaşlardan fərqlənməmək üçün qadınlarının hicab taxmamasına belə razı olublar. Bu isə təsdiqləyir ki, onlar üçün dini inanclar belə ikinci dərəcəli məsələdir. Məhz bu amilin özü də təhlükəlidir və açıq şəkildə görünür ki, bu təriqət üzvləri əslində Azərbaycana yad vərdişləri gətirirlər. Elə komitə sədri Mübariz Qurbanlının da açıqlaması buna misal ola bilər. M.Qurbanlı qeyd edib ki, bizim dinimizə və mədəniyyətimizə kənardan müdaxilələr var: "Kənar ideya, kənar adətlərin cəmiyyətə nüfuz etməsi isə onun məhvinə gətirib çıxara bilər. Kənar adət-ənənələrə milli adət-ənənələrimizin nüvəsinə girməyə imkan versək, özəyə daxil olan əsas element kənar ideya, kənar adət bizim adəti dağıdacaq. Onun yerinə özününkünü gətirəcək. Bunun içində milli mədəniyyət, milli mənəviyyat çökəcək, onun daşıyıcısı olan dil də tənəzzülə uğrayacaq, aradan qalxacaq. Bununla da millət tədricən deformasiyaya uğrayacaq, başqa bir millətin içində əriyib assimilyasiyaya məruz qalacaq. Bizim milli adət-ənənələrə müdaxilələr çox istiqamətlərdən gəlir. Onların arasında din amili də var. Biz milli-mənəvi dəyərlərimizin zədələnməsinə imkan verməməliyik".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15