Məzahir Pənahov hədəfdə
13:31 30-12-2014
CƏMİYYƏT
Məzahir Pənahov hədəfdə
MSK-dakı maliyyə qalmaqalının ictimailəşdirilməsi nə vəd edir?
Dairə və məntəqə seçki komissiyalarında əməkhaqlarının hesablanması zamanı rüsvayçı nəticələrə səbəb olan qarışıqlıq baş verib. axar.az saytında yer alan xəbərə görə, 23 dekabr 2014-cü il bələdiyyə seçkiləri ilə bağlı iki ay müddətində fəaliyyət göstərən məntəqə seçki komissiyası üzvlərinin əməkhaqqısı hesablanarkən gəlir vergisi və sosial ödəmələrin tətbiq edilib-edilməməsi müzakirə edilib.
Bu vaxta qədər dairə və məntəqə üzvləri gəlir vergisindən azad edilib, çünki daimi iş yeri sayılmadığı və maaşların simvolik xarakteri bu güzəştə səbəb olub. Budəfəki bələdiyyə seçkilərində isə gəlir vergisi və sosial ödəmələr bir daha aktuallaşıb və problem də burdan başlayıb: əksəriyyət dairələr köhnə qayda ilə maaşların hesablanmasında gəlir vergisi və sosial ödəmələr tətbiq etməsələr də, bir neçə dairədə bu tutulmalar həyata keçirilib. Nəticədə eybəcər bir mənzərə yaranıb: Dairə və məntəqə seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri eyni vəzifəni daşımalarına və eyni əməkhaqqı təyininə baxmayaraq, fərqli maaşlar alıblar. Bu isə təbii narazılığa səbəb olub.
Əldə etdiyimiz məlumata görə, problem Mərkəzi Seçki Komissiyasının rəhbərliyində də müzakirə edilib və gəlir vergisinin maaşlara tətbiq edildiyi, amma əksər dairə rəhbərlərinin bu qərarı nəzərə almadığı bildirilib. Buna görə də qanunvericiliyə uyğun olaraq vergilərin və sosial ödəmələrin dərhal icra edilməsi dairə sədrlərindən tələb edilib.
Dairə sədrləri və mühasibatlıqlar isə bu tələbi icra etməkdə acizdirlər. Çünki əməkhaqları seçkidən bir neçə gün əvvəl işçilərin bank hesablarına oturdulub və demək olar ki, hamı artıq maaşını alıb. İndi üzvlərdən vergiləri geri istəmək praktiki olaraq mümkün deyil.
MSK isə tapşırığın icra edilməsi üçün DSK rəhbərlərinə vaxt qoyub. Məlumatda qeyd olunur ki, hətta vergi və sosial ödəmələrin dairə sədrlərinə "öz cibindən olsa belə" ödəmək tələbi əməlli-başlı çaşqınlıq yaradıb.
Narahatlığın səbəbi isə məbləğin həddən artıq böyük olmasıdır. Bir dairədə orta hesabla 50 məntəqə, hər məntəqədə isə texniki işçilərlə birgə 9 işçi olduğunu və gəlir vergisinin əməkhaqqı ödənilən noyabr-dekabr ayları üçün cəmi 54 manat təşkil etdiyini nəzarə aldıqda, ortaya təxmini hesablamalarla 25 min manat civarında bir rəqəm çıxır.
Hazırda dairə rəhbərləri qarışıqlığın bu il üçün də güzəşt tətbiqini uzatmaqla həllini xahiş edirlər. Belədə isə növbəti problem yaranır: bəs, vergilərin tətbiqi ilə əməkhaqqı hesablayan dairələr necə olsun? Onlar artıq gəlir vergisi və sosial ödəmələri əməkhaqlarına tətbiq ediblər, köçürmələri də həyata keçiriblər...
"Unikal" isə xatırladır ki, bir müddət əvvəl mətbuatda MSK sədri Məzahir Pənahovun vəzifəsindən kənarlaşdırıldığına, daha doğrusu, tutduğu postdan istefa verdiyinə dair xəbərlər yayılmışdı. Belə ki, yola salmaq üzrə olduğumuz ilin ilk yarısında, daha dəqiq desək, may ayında bəzi yerli KİV-lər Pənahovun səhhətində yarandığı problemlə əlaqədar könüllü olaraq vəzifəsindən istefa verdiyi barədə məlumat yayıb. MSK sədri isə istefa verdiyi barədə yayılan məlumatları təkzib edib. "Gördüyünüz kimi mən öz vəzifəmdəyəm. Mənimlə bağlı yayılan məlumatlara fikir verməyin", - Pənahov bildirmişdi.
Bundan əvvəl isə iki dəfə - 2008-ci ildə və 2010-cu ildə Pənahovun istefaya gedəcəyinə dair məlumatlar ortaya atılmışdı. Bu iki xəbər təsdiqlənməsə də, sonuncu informasiyanın nə qədər dəqiq olub-olmadığını zaman göstərəcək. Bəzi ehtimallara görə MSK sədrinin əvəzlənməsi gələn ilki parlament seçkilərindən əvvəl baş tuta bilər.
Baxmayaraq ki, bu, bir o qədər ağlabatan görünmür. Çünki parlament seçkisi kimi olduqca ciddi siyasi marafon ərəfəsində MSK rəhbərinin əvəzlənməsinə inanmaq çox çətindir.
Amma hər bir halda Məzahir Pənahovla bağlı bu iddianın ortaya atılmasının üzərindən bir müddət keçdikdən sonra MSK-da maliyyə qalmaqalının yaranması barədə xəbərin ictimailəşdirilməsi maraq doğurur. Mümkündür ki, kimlərsə Pənahovun bu postdan kənarlaşdırılmasında maraqlıdırlar və belə bir niyyətin gerçəkləşməsinə müəyyən zəmin hazırlamaq məqsədi güdürlər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12