Cahangir Əsgərovla Rövnəq Abdullayevin banklarına bəd xəbər
Cahangir Əsgərovla Rövnəq Abdullayevin banklarına bəd xəbər

"AZAL" şefi ilə ARDNŞ prezidentinin bankı "ən populyar"lar arasında yer almadı

Azərbaycanda ən yaxşı bankların ilk beşliyi məlum olub. Diqqət çəkən məqam həmin ilk beş bankın arasında bəzi iri məmurların nəzarətindəki bankların adlarına rastlanmamasıdır.
Bu haqda bir qədər sonra ətraflı bəhs edəcəyik. Hələliksə onu qeyd edək ki, "Media Consulting & Services" şirkəti dekabr ayında ölkə mətbuatında banklar barədə yayılan məlumatların nəticələrini açıqlayıb. fins.az-ın məlumatına görə, ötən ay populyar bankların siyahısına Azərbaycan Beynəlxalq Bankı başçılıq edib.
Dekabrda ABB barədə 571 məlumat yayılıb. Sonrakı yeri 535 məlumatla Unibank tutur. Qeyd edək ki, bu iki bank mətbuatdakı populyarlığına görə, digər bankları xeyli qabaqlayır. Müqayisə üçün bildirək ki, siyahıda sonrakı yeri tutan "Bank of Baku" populyarlığına görə, ikinci yeri tutan "Unibank"dan 2 dəfə geri qalır. Siyahıda 4-cü yeri "Kapitalbank" (248 məlumat), 5-ci yeri isə "Bank VTB" tutur.
Beşinci yerdə isə "VTB" qərarlaşıb.
"Unikal" xatırladır ki, KİV-də zaman-zaman yer alan iddialara görə, ölkədəki bir çox bankların arxasında yüksək vəzifəli çinovniklər dayanır. Belə ki, mətbuatda nəqliyyat naziri Ziya Məmmədovun adı "Bank of Azərbaycan", Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun adı "Bank Respublika", Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin adı "Xalq Bank", AZAL prezidenti Cahangir Əsgərovun "Silk Way Bank"la hallanır.
Ölkənin ən yaxşı banklarının siyahısında Rövnəq Abdullayevlə Cahangir Əsgərovun banklarının adlarına rastlanmaması isə maraq doğurur. İstisna deyil ki, bu onların hökumət daxilində təsir imkanlarının zəifləməsi ilə bərabər, biznes imperiyalarının da çətin günlər yaşaması ilə əlaqədardır.
Onu da deyək ki, "Media Consulting & Services" şirkəti həmçinin dekabr ayında ölkə mətbuatında sığorta şirkətləri barədə yayılan məlumatların nəticələrini də açıqlayıb. Məlum olub ki, ötən ay populyar sığorta şirkətlərinin siyahısına "Paşa Həyat" sığorta şirkəti başçılıq edib. Dekabrda bu şirkət barədə 131 məlumat yayılıb. Sonrakı yerləri "AXA Mbask" (120 məlumat), "Standard İnsurance" (75 məlumat) şirkətləri tutur.
Bu siyahıda diqqət çəkən məqam isə bəzi iri məmurların nəzarətindəki bankların ön sıralarda yer ala bilməməsidir. Xüsusilə nəqliyyat naziri Ziya Məmmədovun nəzarətindəki "Qarant Sığorta"nın "ən populyarlar" sıralamasından kənarda qalması nəzərəçarpan məqamdır.
Sənan Mirzə