Bu ilin gözləntiləri
10:23 06-01-2015
SİYASƏT
Bu ilin gözləntiləri
2015-ci ilin təlatümləri və əlamətdar günləri
2015-ci il Azərbaycan üçün nələr vəd edir və mühüm,həllini gözləyən proseslər həll olunacaqmı? Sözsüz ki, bu suala olduğu kimi cavab vermək mümkün deyil, amma müəyyən proqnozlar söyləmək olar. Beləliklə 2015-ci ilin gözləntiləri ilə tanış olaq.
Parlament seçkiləri ili
2015-ci il , ilk növbədə Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi il kimi yadda qalacaq və bu seçkilər kifayət qədər aktiv olacaq. İlkin proqnozlar budur ki, parlamentin tərkibində ciddi dəyişikliklər olacaq və hakim Yeni Azərbaycan partiyası yeni namizədlərlə çıxış edəcək. Çünki bu gün parlamentdə həddindən artıq yaşlaşmış, həmçinin gözlənilən aktivliyi nümayiş etdirə bilməyən millət vəkilləri var və onlar yeniləri ilə əvəzlənəcək. Bundan başqa hakim partiyanın ağır artileriyası sayılan Mübariz Qurbanlı, Əli Əhmədov kimi simaları artıq dövlət vəzifələrindədirlər və onları yeni koloridli şəxslər mütləq əvəzləməlidir. Bu isə sübut edir ki, parlamentin tərkibində yeni simalar olacaq. Bundan başqa hazırda müxalifətdə də hazırlıqlara başlayıblar və çalışacaqlar ki, bir neçə nəfərlə də olsa parlamentdə təmsil olunsunlar. Amma istənilən halda parlamentdə hakim partiya üstünlüyünü tam qoruyub saxlaya biləcək. Problem isə başqadır. Belə ki, hər zaman olduğu kimi bu seçkilər zamanı da müəyyən beynəlxalq güclər çalışacaqlar ki, Azərbaycana lazım olan və olmayan təzyiqləri artırsınlar. Burda isə məqsəd sözsüz ki, siyasi məqsədlərdir və prosesin bir başında erməni lobbisinin də olacağı şəksizdir. Çünki bu tip seçkilərdə Azərbaycanla bağlı mənfi rəy yaratmağa çalışan erməni lobbisi köklü məqsədlərinə nail olmağa çalışır. Ekspertlər həm də hesab edirlər ki, 2015-ci il Azərbaycanda kadr islahatları ili kimi də yadda qalacaq. Güman edilir ki, qanunverici qanadda yeniliklərin olduğu kimi, icraedici strukturlarda da islahatlar reallaşdırılacaq və daha çevik idarəetmə sisteminə uyğun komanda formalaşdırılacaq.
Ermənilərin total
hücum ili
2015-ci il həmçinin qondarma erməni "soyqırım"ının 100 illiyi kimi də yadda qalacaq. Artıq Ermənistan, dünya erməni kilsələri və erməni lobbisi bu istiqamətdə ciddi işlərə başlayıblar. Əsas hədəf isə artıq tək Türkiyə deyil, eyni zamanda Azərbaycandır. Buna görə hesab etmək olar ki, 2015-ci ildə erməni "soyqırım"ından istifadə etməklə Ermənistan Dağlıq Qarabağ problemi ilə bağlı dünya ictimaiyyətini çaşdıracaq bəzi layihələrə start verəcəklər. Elə buna görə Ermənistana ilk növbədə lazımdır ki, Azərbaycanın imicinə zərbələr endirsinlər və bundan sonra "antidemokratik Azərbaycanda demokratik qarabağlılar yaşaya bilmir" devizini gündəmə gətirsinlər. Buna görə hesab etmək olar ki, bu "soyqırım" oynunun əsas zərbəsi Azərbaycana yönələcək. Azərbaycan isə artıq indidən ciddi hazırlıqlara başlayıb və hücum diplomatiyası tezisi gündəmdə qalmaqdadır.
Avropa Olimpiadası ili
2015-ci il təkcə Azərbaycan tarixində yox, həmçinin dünya ilk Avropa Olimpiadası ili kimi tarixə düşəcək. Azərbaycan artıq olimpiadaya hazırlıq işlərini yekunlaşdırmaq üzrədir və mütəxəssislərin fikrincə analoqu olmayan səviyyədə bir yarış təşkil ediləcək. Bir sözlə Azərbaycan artıq üzərinə götürdüyü əsas işləri yekunlaşdırmaq üzrədir və sözsüz ki, bu Azərbaycanın beynəlxalq imicinə müsbət təsirini göstərəcək. Ən azından dünyanın diqqəti Azərbaycana yönələcək, yüz mindən çox turistin Azərbaycana axını təmin ediləcək. Bununla həm də Dağlıq Qarabağın gündəmə gəlməsini təşkil etmək olacaq. Ancaq unutmaq olmaz ki, bu məqamdan yararlanmaq istəyən qüvvələr də olacaq. Xatırlayırsınızsa bir neçə il öncə Azərbaycanda "Eurovision" mahnı yarışması keçiriləndə bir sıra qüvvələr Azərbaycana ağır zərbə vurmağa çalışdılar və bu qüvvələr təxminən aşağıdakılar idi.
- Radikal İslamçı qüvvələr. Məlum oldu ki, adı çəkilən qüvvələr Azərbaycanda ciddi hazırlıq işləri həyata keçiriblər və yarışma öncəsi real terror aksiyaları həyata keçirtməyi planlaşdırmışdılar. Amma hüquq-mühafizə orqanlarının səyi nəticəsində onlarla terrorçu həbs edildi və ciddi terror aksiyalarının qarşısı alındı. Heç şübhəsiz ki, olimpiada öncəsi bu qüvvələr yenə aktivləşməyə çalışacaqlar və hazırda onların Azərbaycanda bazalarının olduğu da iddia olunur. Bu bir həqiqətdir ki, hazırda yüzə qədər azərbaycanlı hansı yollasa Suriyaya gedə biliblər və İŞİD kimi terrorçu bir təşkilatın sıralarındadırlar. Sözsüz ki, bu şəxsləri Suriyaya, İraqa göndərənlər hələ Azərbaycandadırlar və heç kəs təminat verə bilməz ki, bu şəxslər Azərbaycanda da hansısa silahlı birləşmə yaratmasınlar.
- Azərbaycana təzyiq etmək istəyən Qərb institutları. Mahnı yarışması zamanı məlum oldu ki, Avropanın özündə də Azərbaycana təzyiq etməyə çalışan bəzi institutlar var və bunların məqsədi Azərbaycan hakimiyyətini zəiflətməkdir. Məhz bu qüvvələrin rəhbərliyi ilə həmin zaman bir sıra aksiyalar keçirildi, hətta mahnı yarışmasının Azərbaycanda keçirilməməsini tələb etdilər. Azərbaycan isə bu problemin də öhdəsindən gələ bildi, diqqəti başqa yerə yönəltməyə çalışan qüvvələr istədiklərinə nail ola bilmədilər. Hesab edilir ki, bu il eyni ssenari ilə üz-üzə qalacağıq.
- Erməni lobbisi və Azərbaycandakı şəbəkəsi. Bu qüvvələr də olimpiada öncəsi Azərbaycan əleyhinə ciddi kompaniyaya start verəcəklər və buna hazır olmaq lazımdır. Leyla Yunusun rəhbərliyi ilə Azərbaycanda erməni lobbisinin ciddi bir şəbəkəsinin olduğunu gördük və bu şəbəkənin görünməyən qanadları bu gün də fəaliyyətdədirlər və Avropadakı himayədarlarına hesab vermək üçün müxtəlif addımlara əl ata bilərlər.
2015-ci ilin böhranı
Ekspertlərin fikrincə 2015-ci il həm də iqtisadi böhranın dərinləşdiyi il olacaq. Ən azından hazırda neftin qiyməti durmadan aşağı düşür və bu dünya iqtisadiyyatına ağır fəsadlar gətirir. Bu isə Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Çünki Azərbaycan büdcəsində neftin ciddi payı var və bunun müəyyən çətinliklər yaradacağı şübhəsizdir. Bununla bağlı prezident İlham Əliyev çıxış edərək bildirmişdi ki, neftin qiymətinin aşağı düşməsi iqtisadiyyata təsirsiz ötüşməyəcək. Amma Azərbaycan elə bir yol tutub ki, vətəndaşlar bunun acısını yaşamayacaq. Bundan başqa hazırda bir milyona yaxın azərbaycanlı Rusiyada hansısa formada bizneslə məşğuldurlar və hər ay Azərbaycana bu yolla milyonlarla manat pul daxil olurdu. Hazırda isə Rusiya iqtisadiyyatı tam çökməkdədir və buna görə azərbaycanlıların müəyyən müddətdən sonra Azərbaycana axın edəcəyi gözlənilir ki, bu da təsirsiz ötüşməyəcək.
Avropa və Rusiyanın son tələbləri
2015-ci il həm də Avropa ilə Rusiyanın son toqquşma ili olacaq. Bu isə region dövlətlərinə təsirini göstərəcək. Necə ki, Ukrayna bu qarşıdurmanın ortasına düşdü və hazırda dövlətçiliyi belə təhlükə qarşısındadır. Hesab etmək olar ki, bu il Azərbaycan, Gürcüstan, Moldova kimi dövlətlər də bu prosesin iştirakçısına çevriləcəklər. Hazırda Rusiya bütün gücünü səfərbər edərək Ermənistandan sonra Azərbaycanın da Avrasiya ittifaqına qoşulmasına çalışır. Eyni istəklə Avropa da Azərbaycana marağını ciddiləşdirib. Bu isə Azərbaycanın həyata keçirtdiyi xarici siyasətdəki balanslaşdırma kursuna uyğun gəlmir və hesab etmək olar ki, 2015-ci il Azərbaycanın xarici siyasətində çox gərgin il olacaq. Hazırda bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda söz azadlığı, demokratiya kimi bəhanələrdən yararlanaraq təzyiqlərini artırmağa çalışırlar. Bu məqamda ABŞ kartını da unutmamalıyıq. İndilikdə ABŞ-Azərbaycan münasibətlərində bir gərginlik var və hələ ki, bu gərginlik arta-arta gedir. Bu baxımdan 2015- ci il həm də ABŞ-Azərbaycan münasibətlərinin aydınlaşacağı il olacaq. Düzdür, yaxın günlərdə ABŞ-ın Azərbaycana yeni təyin etdiyi səfir ölkəyə gələcək və ümid var ki, iki ölkə münasibətlərində bir normallıq yaranacaq. Amma neçə ki, ABŞ-da hakimiyyətdə demokratlardır, ciddi nə isə gözləməyə dəyməz. 2015-ci il həm də Türkiyə-Ermənistan münasibətlərinə bir düzən gətirə bilər. Belə ki, hazırda ekspertlər hesab edir ki, Türkiyə Ermənistanla sərhədlərin açılmasına gedə bilər və bununla Azərbaycana arxadan zərbə də vurmuş ola bilər.
2015-ci ildəki
Dağlıq Qarabağ
Dağlıq Qarabağ problemi bu il də müzakirə mövzusu olaraq qalacaq. Amma Dağlıq Qarabağ danışıqları ilə bağlı proqnozlar heç də ümidverici deyil. Əksinə, eskpertlər hesab edir ki, 2015-ci ildə atəşkəs rejimi daha çox pozulacaq və Ermənistan tərəfinin təxribatları daha azğınlaşacaq. Bunun isə bir neçə səbəbi var. İlk növbədə Rusiya Dağlıq Qarabağ kartından istifadə etməklə Azərbaycanın Avrasiya Ittifaqına qoşulmasına çalışacaq. Bundan istifadə edən Ermənistan isə atəşkəs rejimini pozmağa meyilli olacaq. Başqa tərəfdən 2014-cü ildə Erməistanın dəfələrlə atəşkəsi pozması və buna görə layiqli cavabını almasını, hətta bir helikopterlərinin vurulmasını da unutmamalıyıq. Ermənistan faktiki olaraq 2014-cü ildə Dağlıq Qarabağda ciddi nüfuz itkisinə məruz qaldı.Buna görə Ermənistan rəhbərliyi bu psixoloji məğlubiyyətdən qurtulmaq üçün aqressiyanı daha da artıracaq. Bu isə Dağlıq Qarabağla bağlı aparılan danışıqların effektini heçə salacaq. Nəhayət yuxarıda da göstərdiyimiz kimi 2015- ci ildə erməni "soyqırım"ının 100 illiyi olacaq. 20 il ərzində şahidi olmuşuq ki, Ermənistan tərəfi hər il "soyqırım" ərəfəsində aqressiyanı artırır və Ermənistan cəmiyyətinin özündə bir mənasız gərginlik, intiqamçılıq hissi artır. Bu il isə bu intiqamçılıq daha güclü olacaq və deməli atəşkəs rejiminin nəzarətdə saxlanması belə müşkül məsələyə çevriləcək. Bütün bu arqumentlər isə təsdiqləyir ki, 2015-ci ildə Dağlıq Qarabağla bağlı hansısa ümdə nəticələrə nail olmaq mümkünsüz görünür.
Beləliklə gördüyümüz kimi 2015- ci il kifayət qədər təlatümlü və əlamətdar hadisələrlə zəngin olacaq.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-25 23:55:58
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48