Boş qalan komitə sədri və rektor postuna iddialılar
Boş qalan komitə sədri və rektor postuna iddialılar

Onların arasında bəzi millət vəkillərinin də olduğu deyilir

Hazırda Azərbaycanda bir neçə dövlət qurumu var ki, orada rəhbər postu boş qalır. Aylardır bu qurumlar rəhbərlərinin yolunu gözləyir.

Belə qurumlardan biri Dövlət Statistika Komitəsidir. Belə ki, komitə sədri Arif Vəliyev ötən il uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. İndiyədək onun yerinə təyinat aparılmayıb. A.Vəliyevin səlahiyyətlərini müavinləri icra edir.
Bu günlərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayev dünyasını dəyişib. Siyavuş Qarayevi hazırda tədris işləri üzrə prorektor Vaqif Qurbanov əvəz edir.
Ötən ilin son ayında isə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Boş qalan yerlərdən biri də Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələridir. Ötən ilin mart ayının 11-də HDQ-nin komandanı vitse-admiral Şahin Sultanov vəzifəsindən azad olunub. Daha sonra müdafiə nazirinin əmri ilə I dərəcəli kapitan Şahin Məmmədov HDQ-nin qərargah rəisi vəzifəsinə təyin olunub. Ş.Məmmədov 2014-cü ilin mart ayının sonlarında HDQ-nin qərargah rəisi I dərəcəli kapitan Yunus Məmmədov vəzifəsindən azad olunduqdan sonra HDQ-nın qərargah rəisi vəzifəsinin icrasını həyata keçirib. Həmin vaxtdan Ş.Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edir.
Xatırladaq ki, bu günlərdə Bakı Hərbi Məhkəməsində Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatətə baxılıb. Onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb. Yəni sabiq komandan həbsə düşüb çıxsa da, ondan boşalan vəzifə hələ də öz sahibini gözləməkdədir.
Bəs boş qalan bu önəmli postlara təyinatlar nə vaxt gerçəkləşəcək? Dövlət Neft Akademiyasının rektoru postuna təyinatın mərhum Siyavuş Qarayevin "qırx" mərasiminədək gerçəkləşməsi gözlənilmir. Yeni rektorun isə ADNA-nın hazırki prorektorlarından biri ola biləcəyi ehtimalı yüksək qiymətləndirilir.
Dövlət Statistika Komitəsinin artıq təxminən 6 aydır boş qalan sədr vəzifəsinə isə təyinatın indiyədək gerçəkləşdirilməməsi maraq doğurur. Belə iddialar var ki, bu posta təyin olunmaq istəyənlər arasında bəzi millət vəkilləri də var. Son vaxtlar YAP rəhbərliyində təmsil olunan bəzi deputatların yüksək postlara gətirilməsi (partiyanın sədr müavini və icra katibi olan Əli Əhmədovun baş nazir müavini, partiyanın icra katibinin müavini olmuş Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi) belə bir ehtimalı qüvvətləndirib ki, mərhum Arif Vəliyevdən boşalan posta məhz hakim partiyada vəzifə tutan deputatlardan biri təyin edilə bilər.
Qeyd edək ki, Dövlət Neft Akademiyasının yeni rektorunun da millət vəkilləri arasından təyin oluna biləcəyi ehtimalını yüksək qiymətləndirənlər az deyil. Hazırda Milli Məclis üzvü olan yetərincə deputat var ki, onlar həm də müxtəlif ali təhsil müəssisələrinə rəhbərlik edirlər. Elə bu da ADNA-nın mərhum Qarayevdən boşalan rektor görəvinə millət vəkillərindən birinin gətirilmə ehtimalının inandırıcılığını artırır.
Qeyd edək ki, bəzi ekspertlər bir çox dövlət qurumlarının boş qalan rəhbər postlarına təyinatların həyata keçirilməməsində qeyri-adi nəsə görmürlər. Onlar yeni dünyasını dəyişənlərin yerinə təyinatların aparılmamasını doğru hesab edir və bunun ən azı etik cəhətdən doğru olmadığını düşünürlər.
Uzun müddət hansısa önəmli vəzifənin boş qalması isə Azərbaycan təcrübəsində dəfələrlə rastlanmış hal kimi qiymətləndirilir və burada qeyri-adilik axtarılması doğru sayılmır.
Digər tərəfdən o da istisna edilmir ki, hansısa boş qalan posta təyinatın yubanmasında iqtidardaxili maraq toqquşmaları da rol oynayır. Hansısa qruplaşma çalışır ki, belə postlara özünə yaxın şəxslərin gətirilməsinə nail olsun.
Bu halın yuxarıda sadalanan vəzifələrə təyinatın yubanmasında rol oynayıb-oynamadığını isə demək çətindir. Hər halda yəqin ki, qarşıdakı həftələrdə, hətta ola bilsin aylarda sözügedən postlara kimlərin təyinat aldığı konkretləşəcək. O vaxt da səslənən ehtimal və iddialar da öz qüvvəsini itirmiş olacaq.
Günel Əkbər