Məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin hüquqları
11:46 08-01-2015
SİYASƏT
Məhkum olunmuş şəxslərin,
onların ailə üzvlərinin hüquqları
Azərbaycanda Prezident tərəfindən humanizm nümunəsi olan əfv sərəncamının verilməsi alqışlanır
Ötən ilin son günü ölkə başçısı cənab İlham Əliyev məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq sərəncam imzaladı.
Prezidentin 29.12.2014-cü il tarixdə imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən icra edildi. Əfv olunmuş 87 nəfər məhkumdan Penitensiar xidmətin tabeliyindəki müəssisələrdə azadlıqdan məhrumetmə növündə cəza çəkən 79 nəfərə əfv haqqında sərəncam tətbiq edildi. Sərəncamın icrası Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar xidmət rəhbərliyinin, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai komitə üzvlərinin, Ombudsman aparatının, qeyri-hökumət və dövlət təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə baş tutdu. Cəza çəkməkdən azad edilən şəxslər və onları qarşılamağa gələn yaxın qohumları ölkə Prezidenti cənab İlham Əliyevin humanist addımını yüksək qiymətləndirərək ona dərin minnətdarlıqlarını ifadə etdilər. Hətta ABŞ prezidenti də İlham Əliyevin dekabrın 29-da əfv sərəncamı imzalamasını düzgün istiqamətdə atılmış addım hesab etdi. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke əfv sərəncamını alqışladığını deyərək bildirdi ki, ABŞ Azərbaycan hakimiyyətini insan haqları və əsas azadlıqların təmin olunmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, digər məhbuslara münasibətdə də bu addımın atılmasına çağırır. Qeyd edək ki, Azərbaycan prezidentinin imzaladığı sonuncu əfv sərəncamı 87 nəfərə şamil olunub. Əfv olunanlar arasında "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "P.S Nota" qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, "NİDA" Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var. Ölkə Prezidentinin bu addımı ölkədə də rəğbətlə qarşılanaraq yüksək dəyərləndirildi. Azərbaycanın millət vəkilləri də əfvi çox yüksək dəyərləndirirlər.
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Çingiz Qənizadə "Unikal"a açıqlamasında deyib ki, insan azadlıqlarının qorunduğu bir ölkə kimi Azərbaycanda Prezident tərəfindən humanizm nümunəsi olan əfv sərəncamının verilməsi alqışlanır. Ç. Qənizadənin sözlərinə görə, əfv sərəncamları ilə məhbus həyatı yaşamış insanların cəmiyyətə inteqrasiyasına yenidən qapı açılır. Millət vəkili deyir ki, demokratik ölkələr üçün bu cür bağışlanma ənənəsi cəmiyyətdaxili münasibətlər baxımından böyük əhəmiyyət kəsb edir: "Mən deyərdim ki, Prezident İlham Əliyev tərəfindən növbəti əfv Sərəncamının imzalanması böyük humanizm nümunəsidir. Ölkə rəhbəri hər il bir sıra məhkumların əfv olunması ilə bağlı sərəncamlar imzalayır və bu, onlarla ailəyə sevinc bəxş edir. Məhz buna görə də, təkcə əfv olunan məhbuslar və onların yaxınları deyil, bütün ictimaiyyət bu addımı alqışlayır. Digər tərəfdən, bu, cəmiyyətdə ictimai barışa, sülhə, əmin-amanlığa, vətəndaşların bir-birinə normal münasibətinə xidmət edən, bu istiqamətdə topluma mühüm mesajlar verən addımdır. Deyərdim ki, cəmiyyətimiz növbəti əfv sərəncamının imzalanmasını yüksək qiymətləndirdi. Mən bir hüquq müdafiəçisi kimi həmişə əfvin tərəfdarı olmuşam. Çox təəssüf edirəm ki, bəzən əfvi elə təqdim edirlər ki, sanki bu beynəlxalq təşkilatları sakitləşdirmək üçün bir verilən qərardır. Mən deyərdim ki, qətiyyən belə deyil. "Cənab prezident humanizm nöqteyi - nəzərindən əfv verir".
Ç. Qənizadə əfvin ictimai təhlükə yaratmadığını, bəzən insanların əfvi düzgün başa düşməməsinə də toxundu: "Əfv olduqda hər kəs bilməlidir ki, məhbəsdən xüsusi ağır cinayət törətmiş şəxslər buraxılmır. Mən hüquq müdafiəçisi olaraq cəzasının müəyyən hissəsini çəkmiş, ilk dəfə cinayət törətmiş, xarakteri o qədər təhlükəli olmayan insanların azadlığa buraxılmasının tərəfdarıyam".
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc da bildirir ki, istənilən hüquqi cəmiyyətdə cinayət və cəza sisteminin normal təmin olunması çox önəmlidir: "Əks halda, hansısa cinayətə diqqət göstərilməzsə, xaos yarana bilər. Dövlət və onun müvafiq strukturları ondan ötrü formalaşıb ki, baş vermiş cinayətlərə qarşı dərhal adekvat tədbirlər həyata keçirsin. Amma həbsdə olan insanların bu əməldən islah olunması üçün seçilmiş zaman müddətinə dövlət müxtəlif korrektələr həyata keçirə bilir. Bu vasitə ilə də vətəndaşlarını tərbiyə edir, onları hansısa şəkildə o əməllərdən daşındırmağa çalışır, sonradan azadlığa dönüşünə şərait yaradır. Məhz bu səbəbdən də ölkəmizdə 10 illərdir ki, amnistiya və əfv qərarları ilə bu prosesin üzərinə gedilir. Bunun da çox müsbət nəticələri mövcuddur. Ölkə başçısının verdiyi sərancam tək həmin şəxslər üçün yox, bütövlükdə millətimiz üçün böyük həmrəylik doğuran, anlaşma mühitinə müsbət təsir göstərən, humanizm ideyalarını gücləndirən bir addımdır. Yəni, burada təkcə azadlığa buraxılan məhdud sayda insanlardan danışılmır. Həbsdə olmayan insanlar da bu addımdan bir mənəvi ölçü götürür. Ölkə başçısı buna qədərki dövrdə minlərlə insanı əfv etməklə onlara şans yaradıb ki, yalnış əməllərindən uzaqlaşsınlar, dövlətin bu addımını müsbət dəyərləndirsinlər. Bu addımı yüksək mənəvi, siyasi və hüquqi addım kimi qiymətləndirirəm. Ölkə Prezidentinin bu addımından sonra bütün siyasi partiyalar düşmənçilik mövqelərindən uzaq durmalıdırlar. Barış aksiyalarını onlar da eyni dərəcədə müdafiə etməlidirlər".
Komitənin digər üzvü, millət vəkili Aqil Abbas da sərəncamı çox yüksək qiymətləndirir: "Bildiyimiz kimi, əfv sərəncamı ilk və sonuncu deyil. Bu günə qədər minlərlə insan ailəsinə, azadlığa qovuşub. Budəfəki sərəncamda gənclər də əfv edildi. Bundan başqa, iki jurnalist azad olundu. Bayram ərəfəsində ailələri bu cür sevindirmək ən böyük hədiyyədir".
Millət vəkili Fazil Mustafa isə deyir ki, Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə bağlı münasibətini həmişə açıq şəkildə söyləyib: "Mən ölkə başçısının əfv sərəncamı verməsi xəbərini alandan sonra bu xoşməramlı işə öz münasibətimi sosial şəbəkədə də yazmışdım. Bir daha qeyd edirəm ki, Prezidentin əfv fərmanı yeni təqvim ili ərəfəsində çox insanları sevindirdi. Jurnalistlərin, gənc fəalların, fərqli siyasi baxışları olan insanların həbsxanada oturması xoşagələn hal deyil və ölkəmizə də hər halda müəyyən təzyiqlərə rəvac verir. Adətən bu kateqoriyadan olan insanların xətalı əməlləri ola bilər, ancaq onların başqa motivlərlə cinayət törətmiş şəxslərlə eyni mühitdə qalması üzücüdür".
Millət vəkili deyir ki, bu siyahıda Tofiq Yaqublunun və İlqar Məmmədovun da adlarının olmasını arzu edir: "Xüsusilə də Qarabağ qazisi olan Tofiq Yaqublunun bu günədək həbsdə qalması heç də birmənalı qarşılanmır. Ümid edirəm ki, prezidentin bu humanist addımının davamı olaraq yaxın vaxtlarda Tofiq Yaqublu və İlqar Məmmədov da azadlığa qovuşacaqlar."
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı da Prezidentin bu addımını çox yüksək dəyərləndirir: "Ənənəvi olaraq artıq ölkəmizdə ildə 2-3 dəfə əfv sərəncamı imzalanır. Bununla bərabər amnistiya aktı qəbul olunur. Bu da möhtərəm Prezidentimizin siyasətinin humanist olmasını göstərir. Çox az ölkədə belə ənənənə var. Düzdür, əfv başqa ölkələrdə də mövcuddur. Amma bu formada - ildə bir neçə dəfə insanlara böyük sevinc bəxş etmək çox yüksək dəyərləndirilməlidir. Bu, həm humanist siyasətin göstəricisi, həm də yanlış yolda olan insanların tərbiyəsidir. Bunu bəzən bayramla əlaqələndirirlər. Amma belə deyil. Çünki, Əfv Məsələləri Komissiyası il boyu işləyir. Komissiya üzvlərinə il boyu müraciətlər daxil olur. Bayram ərəfəsində onların azadlığa çıxması ailələri üçün ikiqat sevincdir. Möhtərəm Prezident də məhz bunu nəzərə alaraq sərəncamı bayram ərəfəsində imzalayır. Bu iş asan məsələ deyil. Çünki, burada zərərçəkənin hüqunun qorunması məsələsi də var. Hər dəfə belə əfvin imzalanması dərin analiz tələb edir. Ölkə başçısının əfv sərəncamı hər il neçə-neçə ailəyə sevinc bəxş edir. İnsanların bağışlandıqdan sonra cəmiyyətdə yararlı bir vətəndaş kimi formalaşmasında böyük tərbiyəvi rol oynayır".
Digər Xəbərlər
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25