Şərqlə Qərb toqquşması Fransada
Şərqlə Qərb toqquşması Fransada

Dünənin yanlışları,bu günün nəticələri

Fransada nəşr olunan "Charlie Hebdo" satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücum nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb.Yaralılardan 4 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə ilə əlaqədar dəqiqləşdirilmiş məlumatı Parisin prokuroru Fransua Molen təqdim edib.
"Faktla bağlı Paris prokurorluğu bir neçə maddə ilə istintaqa başlayıb. Onların arasında qəsdən adam öldürmə və ölümə cəhd, qanunsuz silahlı qrupun yaradılması, cinayətkar qrup şəklində silahlı basqın, qanunsuz silah gəzdirmə maddələri var.Hər halda belə bir hadisənin baş verməsi və bu qədər insanın, həmçinin ixtisasca jurnalist olan insanın qətlə yetirilməsi istənilən halda çox pis nümunədir.Bunu bütün dünya xalqları və insanları qınayır. Amma məsələnin başqa tərəfinə xüsusi diqqət ayırmaq çox vacibdir. Söhbət bu tip hadisələrin baş verməsinə münbit şərait yaradan səbəblərdir. Gəlin ardıcıllıqla bu səbəbləri təhlil edək.

Söz azadlığı,yoxsa bir dinin təhqiri?

Nədən məhz bu jurnal hədəfə alındı və belə faciəli nəticələr oldu? Bu gün Fransada minlərlə qəzet və jurnal çıxır, amma bunların heç birinə qarşı hansısa addım atılmayıb və bu ilk pis nümunə oldu. İlkin araşdırmalar zamanı aydın oldu ki, adı çəkilən jurnal bir il öncə Məhəmməd peyğəmbəri aşağılayacaq karikatura dərc etmişdilər.Bu ciddi etiraza səbəb olmuşdu. Amma həmin zaman jurnal rəhbərliyi karikaturaya görə özlərini qınamadıqlarını bildirərək bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini dedilər. Bunun davamı olaraq Fransa höküməti açıq şəkildə bildirdi ki, azad sözə qarşı hər hansı addım ata bilməzlər və jurnalın fəaliyyətinə müdaxilə yol verilməzdir. Əslində teror aksiyası məhz bu biganəlik və milyonlarla insanın dini inancının təhqir olunan zaman baş vermişdi. Həqiqətən də ortada bir ədalətsizlik mövcuddur və bir ədalətsizlik növbəti ədalətsizliklərə imkan yaratdı. Sual olunur, erməni "soyqırım"ını tanımayan şəxs Fransada cəzalandırılırsa nədən milyonlarla insanın inanc mənbəyi olan peyğəmbəri təhqir edənlərə göz yumulur? . Məhz bu tip suallar aqressiyanı artıran arqumentlər oldu və bu prosesdə Fransa hakimiyyətinin tutduğu mövqe də ziddiyətlidir.

Fransa, tolerantlığın dəfn olunduğu məkan

Ümumiyyətlə götürəndə Fransa Avropada tolerantlığı həzm edə bilməyən və xristian cəmiyyətinə ən çox həvəs göstərən dövlət kimi tanınıb. 20 ildən çoxdur ki, Türkiyə kimi nəhəng bir dövlət Avropa Birliyinə daxil ola bilmir və bunun qarşısını alan Fransadır. Səbəb isə Türkiyənin müsəlman ölkəsi olmasıdır. Bundan başqa çarşab taxmaya qoyulan qadağalar, miqrantlara qarşı ciddi sanksiyaların tətbiqi Fransada irqçiliyin nə qədər inkişaf etdiyini sübut edən faktordur. Sözsüz ki, təsir olan yerdə əks təsir də olur və bu gün baş verən terror olayı bunun təsdiqidir. Bununla yanaşı Fransa hər zaman Yaxın Şərq ölkələri ilə qapalı oyunlar aparan bir dövlət kimi tanınıb. Liviyada Qəddafi hökümətinə, Misirdə Hüsnü Mübarək hakimiyyətinə gizli dayaq olan, milyardlarla manat dəyərində korrupsiya oyunlarına girən də məhz Fransa idi. Zamanında məhz bu cür despot dövlətlərin qorunması üçün hətta silahlı qruplaşmaların yaranmasına göz yuman Fransa bu gün elə bu qüvvələrin hədəfinə gəlib.

İŞİD oyununda
Fransa izi

Bu gün dünyanı sarsıdan, əslində İslam dünyasına ağır zərbə vuran İŞİD hərəkatının fəaliyyətində də Fransanın adı dəfələrlə çəkildi. Açıq şəkildə iddialar ortaya qoyuldu ki, İŞİD-in formalaşmasında Qərb dövlətlərinin o cümlədən Fransanın rolu olub. Tək bunu demək kifayətdir ki, İŞİD elan ediləndən və İraqda görünməmiş qətliamlar törədəndə Qərb buna sadəcə olaraq biganə yanaşdı və bu proseslərə müdaxilə etməyəcəklərini bildirdilər. Çünki İŞİD-i o zaman Suriyada Əsəd rejiminə alternativ görürdülər və bu səbəbdən heç bir addım atılmadı. Bununla paralel olaraq məlum oldu ki, İŞİD-in tərkibində olan döyüşçülərin böyük əksəriyyəti məhz avropadan gəlib. O zaman ortaya sual çıxdı, bunlar hansı yollarla Suriyaya, İraqa gəliblər və dünyaya meydan oxuyan Qərb xüsusi xidmət orqanları necə olub ki, bundan xəbər tutmayıblar? . Ümumiyyətlə bu tipli suallar həddindən artıq çoxdur və bunlara hələ ki, cavab verən yoxdur.İŞİD təzə yarananda isə aşağıdakı maraqlı məlumatlar ortaya çıxdı və bunu heç kəs təkzib etmədi. Belə ki, İŞİD terror qruplaşması bu günə qədər formalaşan ənənəvi İslam anlayışına qarşı müharibə elan etmişdir. Təşkilat şiələri və sünniləri vəhşicəsinə qətlə yetirir. Maraqlısı budur ki, xilafət qurmağı hədəf seçən İŞİD terror qruplaşması əsasən müsəlmanlara qarşı terror aktları törədir. Yəhudilərə və xristianlara qarşı müharibə elan etməməsini isə o zaman fətva verilməməsi ilə izah edirdilər.
Yaxın Şərqdəki və digər regionlardakı terror təşkilatlarından fərqli siyasi və hərbi strategiya ilə hərəkət edən İŞİD terror qruplaşması torpaq işğal edir. Təşkilat bu günə qədər praktikada nümunəsi olmayan terror və hərbi strategiyanın sintezi ilə əməliyyatlar həyata keçirir. Bəzi iddialara görə, İŞİD terror qruplaşmasının bu qədər güclü olmasının səbəbi İraq ordusunun keçmiş generallarının da bu təşkilata qoşulmasıdır. "Ya bizimlə ol, ya da öl" prinsipi ilə hərəkət edən İŞİD terror qruplaşmasının xəlifəlik iddiası bəzi radikal dini qrupların da maraqlarına uyğun gəlir. Terrorizm məsələləri üzrə mütəxəssis Bryus Hoffman İŞİD qruplaşmasını xarakterizə edərkən, "Əl-Qaidənin strategiyasını inkişaf etdirdilər və daha geniş sahədə həyata keçirdilər" demişdir.
İŞİD terror qruplaşmasının liderlərinin əksəriyyəti uzun müddət ABŞ-ın nəzarəti altında saxlanılıblar. Pentaqonun rəsmi məlumatlarına görə, İŞİD terror qruplaşmasının başçısı Bağdadi 2004-cü ilin fevral-dekabr aylarında İraqın cənubunda Bukka həbsxanasında nəzarətdə olub. Daha sonra İraq hökumətinə təhvil verilib. Hökumət isə 2009-cu ildə onu azadlığa buraxıb.
Daha sonra sərbəst qalan bu özək radikal baxışlarla təbliğata başlayıb. Təşkilatın rəhbərliyinin 10-12 nəfərdən ibarət olduğu təxmin edilir. Onlar daxildə ciddi əmr-icra mexanizmi yaradıblar.

Fransanın yeni
Şərq siyasəti

Bir məqama da xüsusi diqqət ayıraq ki, bu terror playı o zaman baş verdi ki, Fransanın Şərq siyasətində ciddi dəyişikliklərin olacağı söylənilirdi. İddia olunurdu ki, Fransa Suriya ilə münasibətlərə yenidən baxacaq və 100 il öncəki müstəmləkələrinə yenidən əl qoymağa çalışacaq. Çünki son 20 illik proseslər nəticəsində Yaxın Şərq sərvətlərindən ABŞ daha səmərəli yararlanmağa başladı və bu sözsüz ki, Qərbi qıcıqlandırdı. Güman edilir ki, bu cür səs-küylü terror olayından sonra Fransa Şərq dünyasında daha çevik siyasət yürüdə biləcək. Ekspertlər hesab edir ki, bu hadisənin baş verməsindən sonra tək Fransada yox, ümumilikdə Avropada İslama qarşı münasibətlər daha da kəskinləşəcək və bəzi dövlətlər bundan məqsədləri üçün istifadə edə biləcəklər.

Hadisələr inkişaf edəcək

Bir sıra konfliktoloqlar isə hesab edir ki, məsələnin başqa bir tərəfi isə İŞİD-in maraqları ilə bağlı ola bilər. İlk zamanlarda Avropadan və ABŞ-dan heç bir zərbə ala bilməyən İŞİD İraqda demək olar ki, istədiyini edə bilirdi. Amma ümumi ictimai qınaqlardan sonra Qərb və ABŞ qərara aldılar ki, İŞİD məsələsinə müdaxilə etsinlər.Onlara son bir neçə ay ərzində onlarla aviasiya zərbələri endirildi. Bundan sonra İŞİD liderləri açıq şəkildə bəyan etdilər ki, yaxın zamanlarda bu savaş Avropanın içinə doğru irəliləyəcək. Bu gün isə məlum terror olayları baş verir. Bunu nəzərə alan ekspertlər hesab edir ki, hadisələr zəncirvari şəkildə davam edə bilər və bu Şərqlə Qərb arasında dərin uçurumlar yaradacaq.Hesab edilir ki, Fransa Misir və Liviyada mövqelərini yenidən möhkəmlədərək, Suriya rejimini masa arxasına dəvət edəcək. Fransa daxilində isə müsəlmanlara qarşı ciddi kompaniyanın başlanacağı artıq sirr deyil. Hazırda iki gün ərzində Fransada bir neçə terror aktı artıq həyata keçirilib.Bunun bir neçə gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Bu isə artıq daha geniş həcmli bir prosesin başlandığına işarə ola bilər. Maraqlıdır, bəs bu proseslər hansısa formada Azərbaycana da təsir edə bilərmi?. İlk növbədə bunu qeyd edək ki, Azərbaycan prezidenti olaydan dərhal sonra Fransa prezidentinə başsağlığı verdi.Azərbaycan daima çalışır ki, Fransa ilə münasibətləri qorusun. Amma bu hadisə daha qlobal hadisədir.Ekspertlər hesab edir ki, bundan sonra mədəniyyətlərarası dialoqa ağır zərbə vurulacaq. Elə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bu fikirdədir və bildirir ki, bu dinlər və mədəniyyətlərarası dialoqa mənfi təsir göstərən haldır: "Lakin bu cür hərəkətlərin hansısa terrorla aradan qaldırılması istəklərini pisləyirik. Hesab edirik ki, əgər kimlərsə müqəddəslərə toxunursa, bu cür hərəkətləri yol verənləri ictimai qınaqla, müxtəlif tədbirlər keçirərək, bunun yolverilməzliyini həmin topluma çatdırmaqla həll etmək lazımdır. Hər hansı silaha əl atmaq, əlbəttə, yol verilən deyil. Ona görə də Fransada törədilən terror hərəkəti başa düşülən deyil, yol verilməzdir və bu əslində İslam dünyası ilə xristian dünyası arasında olan ziddiyyətləri daha da dərinləşdirir,islamafobiyanı Qərb dünyasında gücləndirir, tədricən qarşıdurmanı daha da mürəkkəbləşdirir. Ona görə də, biz bu hadisəni qətiyyətlə pisləyirik. Hesab edirik ki, terrorun vətəni milliyyəti, fərdiliyi yoxdur, terror elə terrordur".
Beləliklə İraqda partlayan bombaların səsini Avropadan eşitməyə başladıq. Amma bu hələ bir başlanığıcdır.