Cəzaçəkmə müəssisəsində məhbusların həyatı və hüquqları necə qorunur?
10:21 10-01-2015
SİYASƏT
Cəzaçəkmə müəssisəsində məhbusların həyatı və hüquqları necə qorunur?
Elçin Behbudov: "Milli Preventiv Qrup və Ədliyyə Nazirliyi yanında İctimai Şura cəzaçəkmə müəssisələrində ölüm faktından narahatlıq keçirməlidir"
Son günlər 14 saylı cəzaçəkmə müəssisəsində baş verən ölüm faktı cəmiyyətdə, sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.Məhkum Elşad Babayevin cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi faktı öz təsdiqini tapmasa da, meyidin üzərindəki qançır izləri mərhuma işgəncə verilməsi şübhəsini artırır. Ədliyyə Nazirliyi Penitensiar xidmətin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov bildirib ki, "14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
Xidmət səlahiyyətlisi deyib ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı Penitensiar xidmətin ictimaiyyətə rəsmi açıqlaması verilib: "Hadisə ilə bağlı eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb və istintaq aparılır".
Hələki istintaqın nəticəsi bəlli olmasa da, 14 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişmiş məhkum Elşad Babayevin bacısı Simuzər Babayevanın Penitensiar Xidmətin rəisi Mədət Quliyevin qəbulunda olması məhkumun döyülərək öldürülməsində əli olanların cəzalandırılacağına inamı artırır. Günhakarla cəzasız qalmasalar belə, cəzaçəkmə müəssisəsində baş verən bu cür olaylar məhkum şəxslərin təhlükəsizliyi, hüquqlarının qorunması ilə bağlı cəzaçəkmə müəssisələrində işgəncə faktlarının hələ də qaldığını təsdiqləyir. Halbuki, Azərbaycanda Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri bununla bağlı tez-tez cəzaçəkmə müəssisələrinə baxış keçirir, vəziyyəti öyrənirlər.
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov "Unikal" qəzetinə açıqlamasında bu faktın cəzaçəkmə müəssisələrində işgəncə faktlarının olmasından xəbər veridyini, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun narahatçılıq keçirməli olduğunu bildirib: "Hələki tibbi ekspertiza öz nəticəsini açıqlamayıb. Amma fotolar təsdiq edir ki, bu ölüm faktında işgəncə var. Mənə mərhumun bacısının göstərdiyi fotolar da bunu təsdiqləyir. E.Babayevin yaxınları mənə müraciət etdilər. Hamıya da bəllidir ki, Elşad Babayev həyatını evində, küçədə yox, dövlətin cəzaçəkmə müəssisəsində dəyişib. Onun bədənində çoxsaylı işgəncənin izləri var. Fotolardan bunu açıq-aşkar sezmək olur. Mən baş prokuror Zakir Qaralova müraciət ünvanlamışam ki, bu ölüm faktı araşdırılsın. Eləcə də ölkə başçısına müraciət etmişəm. Bu fakt bizi doğurdan da cəzaçəkmə müəssisələrində işgəncələrin verilməsi şübhəmizi artıraraq narahat edir. 14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi də, Penitensiar Xidmətin rəhbərliyi də bu hadisəyə görə birbaşa məsuliyət daşayırlar".
E.Behbudov deyir ki, hüquq müdafiəçiləri kimi bu faktdan Ombudsman da narahatlıq ifadə etməli, cəzaçəkmə müəssisələrində keçirdikləri monitorinqlərin şəffaf nəticələrini açıqlamalıdır: "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiyası Qanununun 1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsi Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunaraq, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilib. Konstitusiya Qanununun 8.1-ci maddəsinə əsasən Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır. Qaydalara əsasən cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilməlidir. İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı Müvəkkil maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti orqanlarına, hərbi hissələrə, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə daxil olmaq, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslərlə görüşmək və təkbətək söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olmaq, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və materialları 10 gün müddətində almaq, cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq, şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq, şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara, qərarından və hərəkətindən şikayət edilən orqanlar və ya vəzifəli şəxslər istisna olmaqla, tapşırıq vermək, müvafiq dövlət orqanlarına və təşkilatlarına ekspert rəyinin hazırlanmasını tapşırmaq, dövlət və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının və müvəqqəti saxlanılma yerlərinin rəhbərliyi tərəfindən təxirəsalınmadan qəbul edilmək hüquqlarına malikdir. Şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, Müvəkkilin qərar və ya hərəkəti nəticəsində insan hüquqlarını pozmuş dövlət və ya yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində Müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda Müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edə bilər), cinayət əlamətləri aşkar edildikdə müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək, əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək, qərar və hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək, insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə
kütləvi informasiya vasitələrini tanış etmək, insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün Müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında çıxış etmək, dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək, şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququ vardır. Düşünürəm ki, Ombudsman bu hüquq və vəzifələrindən lazımınca istifadə etməlidir".
E.Behbudov bildirir ki, cəzaçəkmə müəssisələrində ölüm faktları Ədliyyə Nazirliyi yanında İctimai Şuranı da narahat etməlidir: "Axı bu qurumların hər ikisi mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baxış keçirərək, oradakı vəziyyəti dəyərləndirirlər. Bəs niyə cəzaçəkmə müəssisələrindəki işgəncə faktlarını görmürlər? Mən bu fikrimlə onların fəaliyyətinə kölgə salmaq istəmirəm. Amma bu cür ölüm faktlarının olması ölkəmiz üçün başucalığı gətirmir. Əksinə, ölkədə demokratik şərait, insan hüquq və azadlıqlarının qorunması üçün görülən işlərə kölgə salır".
E.Behbudov deyir ki, rəhbərlik etdiyi təşkilat işgəncələrə dair ölkədə yeganə QHT olsa da, indiyədək cəzaçəkmə müəssisələrində işgəncə faktlarının olub-olmadığını araşdırmayıb: "Cəzaçəkmə müəssisələrinə ictimai nəzarətin olması vacibdir. Bu cəzaçəkmə müəssisələrində işgəncə faktlarının olmasının qarşısını ala bilər. Amma bizim quruma həmin müəssisələrdə monitorinq keçirməyə icazə verilmir. Cəzaçəkmə müəssisələrinə ictimai nəzarətin zəif olması, sonucda bu kimi hallara səbəb olur".
Digər Xəbərlər
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41