Korrupsiya İdarəsi Azərbaycanda rüşvət alanlarla verənlərin statistikasını açıqladı
2014-cü ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 218 cinayət xarakterli material araşdırır. Bu materialların 82%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2014-cü ilin yekunlarına dair yanvarın 15-də keçirdiyi mətbuat konfransında bildirib. K.Əliyev deyib ki, İdarəyə keçən il 3194 vətəndaşdan müraciət daxil olub.
K.Əliyevin sözlərinə görə, 161 saylı "Qaynar xətt" mərkəzinə 4945 müraciət daxil olub, həmin müraciətlərin 21-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilib.
2014-cü il ərzində Baş İdarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət etmiş 807, Baş İdarə rəisi tərəfindən isə 139 vətəndaş qəbul edilməklə ərizələri alınıb, həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin edilib.
2014-cü il ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş İdarənin əməliyyat qurumları tərəfindən 584 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 11 cinayət işi başlanıb.
2014-cü il ərzində Baş İdarənin İstintaq şöbəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Həmin cinayət işlərindən 16 şəxs barəsində 9 iş rüşvət alma (passiv rüşvətxorluq), 5 şəxs barəsində 4 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 43 şəxs barəsində 22 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 6 şəxs barəsində 6 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 5 şəxs barəsində 4 iş səhlənkarlıq, 134 şəxs barəsində 79 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 95 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 14 iş saxta sənədlərdən istifadə etmə, 2 şəxs barəsində 2 iş isə digər faktlarla əlaqədar olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 76 milyon 165 min 41 manat ziyandan istintaq müddətində 54 milyon 885 min 691 manat və ya 72%-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Digər Xəbərlər
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 16:47:00
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00