ABŞ-ın insan hüquqları oyunu
11:32 16-01-2015
SİYASƏT
ABŞ-ın insan hüquqları oyunu
Son bir neçə il ərzində dünyada insan hüquq və azadlıqları ən çox dartışılan, bəzi hallarda isə şantaj məqsədi ilə istifadə edilən bir mövzuya çevrilib. Demək olar ki, hazırda bu tip ittihamlar bütün dünyada baş verir. Aydın olur ki, bu gün insan hüquq və azadlıqlarına yanaşmada ciddi qüsurlar mövcuddur və bu qüsurlar təxminən aşağıdakı məqamlarla bağlıdır.
- Qərb və ABŞ öz standartlarını heç bir dəyər nəzərə almadan başqa dövlətlərə tətbiq etməyə çalışır
- Tolerantlıq və milli bərabərlik adı altında Qərb və ABŞ psixologiyasının tətbiqinə cəhdlər edilir
- Yerli mədəniyyətin, adət-ənənələrin sıradan çıxarılmasına cəhdlər edilir
- Siyasi nəzarət üçün dövlətlər üzərində təsir imkanlarını saxlamağa çalışır
Və bütün bunları əldə etmək üçün insan hüquq və azadlıqlarının qorunması kimi nisbi ideyalardan istifadə edilir. Əslində bu gün dünyaya insan hüquq və azadlıqları dərsi keçən Qərbin və ABŞ-ın özündə insan haqları ən kobud şəkildə pozulur. Gəlin bir neçə nümunəyə baxaq. Məsələn, Fransa kimi demokratiyanın beşiyi hesab edilən ölkədə hansı qadağalar mövcuddur?
1. Erməni "soyqırım"ını inkar edənlər həbs edilməlidir.
2. Çarşabla ictimai yerlərdə görünmək olmaz
3. İslam dininə aid təriqətlərin fəaliyyəti vaxtaşırı nəzarətə götürülür
Və yaxud götürək Amerikanı.Bu ölkədə fəaliyyət göstərən qurumlar yalnız ABŞ-dakı Quantanamo həbsxanasında aşağıdakı hüquq pozuntularını aşkarlayıblar və bunlar sadəcə olaraq vəhşilikdir. Bunlar nədir?
- Məhbuslar nə vaxt azadlığa çıxacaqlarını bilmir.
-. 6 il əvvəl prezident Obama Quantanamonun bağlanması haqda sərəncam verdi. Ancaq bu sərəncam yerinə yetirilmədi və biz hakimiyyətə təzyiq göstərməyə, bütün dünyada aksiyalar təşkil etməyə başladıq.
- Həddən artıq insan qeyri-müəyyən vəziyyətdədir.
- İşgəncələr və qeyri-insani rəftar.
Məhbuslar əlləri qandallı, başları kapşonlarla örtülü, gözləri bağlı vəziyyətdə 2002-ci ildən Quantanmoya gətirilməyə başladı.
-2012-ci ildə Adnan Lətif 10 ildən çox Quantanamoda istintaqsız saxlanılandan sonra öldü.
- Quantanamonun istismar olunduğu bütün bu illər ərzində ABŞ insan haqları sahəsində beynəlxalq standartlara sadiqliyini həmişə bəyan edib.
- ABŞ məhbusların Quantanamoda qanunsuz saxlanılması üçün "əl-Qaidə"yə və digər silahlı qruplaşmalara qarşı "qlobal müharibə" konsepsiyasına istinad edib.
Beləliklə bu tipli minlərlə misal çəkmək olar.Bu cür qanunsuzluqlara cəmiyyətin etirazınında mənasız olduğunu görə bilərik. Elə bu yaxınlarda bir qaradərilinin polislər tərəfindən öldürülməsini misal çəkə bilərik. Bu qətlə görə az qala Amerika cəmiyyəti bütünlüklə ayağa qalxsa da heç bir nəticə olmadı, əksinə zorakı yollarla təşkil edilən mitinqlər dağıdıldı. Amma belə bir hadisə başqa bir ölkədə baş versəydi yəqin ki, ABŞ indi həmin ölkəni az qala iqtisadi blokadaya almışdı. Amma artıq dünya bu ikiüzlülüyə, məqsədli siyasətə qarşı çıxmağa başlayıb.Demək olar ki, ABŞ kimi supergüc dövlətlər ciddi nüfuz itkisi ilə üz-üzə qalmaqdadırlar. Bunu nəzərə alan ABŞ isə daha qısa müddətdə insan hüquqları mövzusunu əsas gətirməklə digər dövlətlər üzərində təzyiqlərini genişləndirməyə çalışır. Son Fransadakı terror olayından sonra isə bu proses daha da sürətlənib.ABŞ artıq Vaşinqtonda sammit keçirtməyə hazırlaşır. Sammitin məqsədi terror əleyhinə həsr olunsa da, əslində bu sammitlə ABŞ özünə yaxın və ya sözəbaxan dövlətlərlə, müstəqil siyasət yürüdən dövlətlər arasında bir sərhəd çəkmək və daha sonra "sözəbaxmayan" dövlətlərə basqıları artırmaq niyyətindədir. Bunu da qeyd edək ki, hazırda ABŞ və Qərb bütün gücünü səfərbər edərək keçmiş possovet məkanında rıçaqlarını gücləndirməyə,müstəqil siyasət yürüdən dövlətləri özünə tabe etdirməyə cəhd edir. Bunun üçün yenə söz azadlığı, insan hüquq və azadlıqlarını bəhanə kimi gündəmə gətirir. Əslində Ukrayna olaylarından sonra çılpaqlığı ilə aydın oldu ki, ABŞ siyasətini qəbul edən dövlətlər sonunda az qala dövlətçilik ənənələrini belə itirirlər. Bəs belə olan halda nələr etməli? Ekspertlər düşünür ki, artıq ABŞ-ın özündən hesab sorulmalı, bu dövlətin demokratik dəyərlərə nə qədər sadiq olduğunu aydınlaşdırmaq lazımdır. Elə Bakıda təşkil olunan toplantı da bu xarakterli idi. Belə ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə son vaxtlar gərgin fazaya daxil olan Amerika-Azərbaycan münasibətlərinə həsr olunan dinləmələr başlayıb.
Tədbiri giriş sözü ilə açan QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Azərbaycanın yürütdüyü siyasətin daim milli maraqlara xidmət etdiyini və bu maraqları qorumaq üçün öz fəaliyyətini davam etdirəcəyini vurğulayıb: "Son günlər, son aylar ABŞ-da bir sıra dövlət qurumları, dövlət institutları Azərbaycanla bağlı qərəzli, həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər. Bunlar ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığını əks etdirməyən bəyanatlardır. Qeyri-hökumət təşkilatları tərəfindən bizə müraciətlər daxil oldu və biz də qərara gəldik ki, belə dinləmələr keçirək və görək ABŞ-da insan haqları nə vəziyyətdədir, Azərbaycanla bağlı belə bəyanatlar səsləndirməyin hansı əsasları var?
ABŞ-da irqi və dini zəmində insan haqları pozulur. Bir halda da ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Ferqussonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər?"
Onun sözlərinə görə, Azərbaycan strateji tərəfdaş kimi bütün öhdəlikləri yerinə yetirib: "Ermənistan Avrasiya İttifaqına üzvlüklə bağlı strateji qərar qəbul etdi, ABŞ-da buna etiraz oldu? ABŞ-ın keçmiş diplomatlarının dili ilə Azərbaycana mesajlar verməyə çalışırlar. Kozlariç, Kramen kimi keçmiş diplomatlar Azərbaycana açıq şəkildə çağırışlar edirlər. Onlar keçmiş diplomatlar olaraq öz tərəflərindən mesajlar verə bilməzlər".
A.Quliyev əlavə edib ki, ABŞ rəsmiləri Venesiya Konvensiyasını ciddi şəkildə pozaraq Azərbaycana qarşı çağırışlar edirlər: "Hesab edirəm ki, belə dövlət rəsmiləri Azərbaycana qarşı özbaşına bu cür qərəzli bəyanatlar səsləndirə bilməzlər".
Tədbirdə çıxış edən millət vəkili Zahid Oruc Amerikada milli, irqi dini ayrıseçkiliyə dair tezislə çıxış edib. Bildirib ki, bu gün Amerika- Azərbaycan münasibətlərini dəstəkləyən insanlar bir sıra məsələlərdə xəyal qırıqlığı yaşayır: "Bu Azərbaycanın öz xarici, geosiyasi siyasətini dəyişməsi deyil. Bir vaxtlar Tomas Cefferson da insanların qanun qarşısında bərabər olduğuna dair qanun hazırlayanda özünün 200 qulu var idi. Qarışıq nigahlara 87-ci ildə, səs vermə hüququ isə 68 ci ildə icazə verildi. Lakin bu o demək deyil ki, onlar cəmiyyətdə dövlət idarəçiliyində təsir dairəsinə malik oldular. İstər təhsilə əlçatanlıq, sosial durumun vəziyyəti baxımından digər irqin daşıyıcıları üçün bu həmişə ağır oldu.
ABŞ-da bu gün də təhsildə ağ dərili irqin daşıyıcılarının motivasiyası daha yüksəkdir. Bu gün ABŞ-da dərsliklərin böyük hissəsi qaradərililərin əleyhinə yönələn tezislər üzərində qurulub. Bu ölkədə hələ də hesab edirlər ki, qaradərililər Darvin nəzəriyyəsinin məhsullarıdır. Obamanın rəngi belə ölkədəki irqi ayrıseçkiliyi aradan qaldırmayıb".
Tədbirdə çıxış edən politoloq Elman Nəsirov isə bildirib ki, hazırda ABŞ dünya ölkələrinə səfir göndərmək üçün müəyyən məbləğ təyin edib: "Amerikalı tədqiqatçılar araşdırıblar ki, ən bahalı səfir yerləri Fransa və Monakodadır. Ora səfir getmək üçün 6 milyon rüşvət ödəmək lazımdır".
Qeyd edək ki, son 20 il ərzində ABŞ-ın apardığı bu siyasət tamamilə fiaskoya uğrayıb və artıq ABŞ demokratiyası yırtıcılıqla eyniləşdirilir. Çünki son 10 il ərzində ABŞ demokratiyanı, söz azadlığını inkişaf etdirmək adı ilə əlini qoyduğu dövlətlər döyüş meydanına çevrilib. Diqqət yetirin, bir neçə ilə qədər Misir, Tunis, Liviya iqtisadiyyatı ən çox inkişaf etmiş ölkələr sayılırdı.Misir dünyada turizmin mərkəzinə çevrilmişdi.Liviyada təhsil, səhiyyə pulsuz olmuşdu, çörək başda olmaqla ərzaqın qiyməti ən aşağı həddə idi. Amma ABŞ "demokratiya"sından sonra bu ölkələrdə il ərzində bir neçə dəfə dövlət çevrilişi olub və hazırda qanlı toqquşmalar davam edir, iqtisadi infrastrukturlar dağılıb. Bəs vəd edilən demokratiya, insan haqları harada qaldı? Və yaxud götürək elə Azərbaycanı. 20 ildən çoxdur ki, Dağlıq Qarabağ işğal edilib, yüz minlərlə insanın hüquq və azadlıqları Ermənistan tərəfindən pozulub, işğalla bağlı BMT-in qətnamələri var. Amma ABŞ bu günə qədər işğal olunmuş ərazilərdə vətəndaşların hüquqlarının qorunması ilə bağlı bir addım belə atmayıb. Əksinə işğalçı Qarabağ rejiminə hər il dövlət büdcəsindən milyonlar ayrılır. Bu isə ABŞ "demokratiyası" adlanır.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53