20 yanvar faciəsində hüquqları tapdalanmış insanlara nədən kompensasiya verilmir?
10:27 20-01-2015
SİYASƏT
20 yanvar faciəsində hüquqları tapdalanmış insanlara nədən kompensasiya verilmir?
İqbal Ağazadə : "20 yanvar faciəsinin törədilməsində bir başa məsuliyyəti o zamankı SSRİ-nin rəhbərliyi daşıyır ki, o şəxsə də Nobel sülh mükafatı verilib".
20 yanvar faciəsindən 25 il zaman keçir. Bu zamana qədər hələ də 20 yanvar faciəsinin günahkarları cəzalanmayıb və bu prosesdə zərər çəkən insanların hüquqları müdafiə olunmayıb. İllər öncə ümumilli lider Heydər Əliyev bu məsələni ən yüksək səviyyədə müzakirəyə çıxartmaqla siyasi qərar verdirdi. Bu əslində 20 yanvar faciəsində zərər çəkmiş insanlara mənəvi dayaq, hüquqlarının siyasi aspektdə müdafiəsi idi.
Amma bu cinayəti törədənlərin aşkarlanaraq cəzalandırılması prosesi açıq olaraq qaldı. Ümumiyyətlə bu günə qədər tək 20 yanvar faciəsinin yox, həmçinin Xocalı faciəsinin də günahkarları aşkarlanaraq cəzalandırılmayıb və bu proses də açıq olaraq qalır. Ekspertlər hesab edir ki, bu cür faciələrdən ziyan çəkən insanların hüquqlarının qorunmasında ortaya çıxan problemlərin başlıca səbəbi hadisəni törədənlərin başqa ölkənin vətəndaşları olmasıdır. Məsələn, 20 yanvar faciəsinin əsas günahkarları o zamankı SSRİ-nin silahlı qüvvələrinin və siyasi rəhbərliyinin nümayəndələri idilər. Daha sonra isə sovetlərin dağılmasından sonra bu insanlar Rusiya vətəndaşı olaraq qorundular. Və yaxud Xocalı faciəsini törədən erməni və rus silahlıları indinin özündə də Rusiya və Ermənistan tərəfindən qorunur.Çox maraqlıdır ki, bu günlərdə Gümrüdə baş verən olaylarda Xocalı faciəsi yenə yada salındı.Bu dəfə elə rus analitikinin özü tərəfindən. Belə ki, rusiyalı siyasi analitik Oleq Kuznetsov Gümrüdə bir ailənin 6 üzvünü qətlə yetirən rusiyalı əsgər Valeri Permyakovun bağışlanmaz cinayət törətdiyini inkar etməyib: "Ona görə də Ermənistan ictimaiyyətinin etirazları heç bir səmərə verməyəcək və mitinqdə plakat qaldırmaqdan o yana keçməyəcək". O.Kuznetsov V.Permyakovun hazırda Rusiya hərbi ədliyyəsinin əlində olduğunu nəzərə çatdırıb: "Bir müddət sonra onu ömürlük həbs cəzasını çəkmək üçün Komi Respublikasına və ya Arxangelsk vilayətinə göndərəcəklər. Orada isə "qisas" almaq və ya "haqq-hesab" çəkmək problemli olacaq".
Siyasi analitik Ermənistan müxalifətinə xəbərdarlıq etməyi də unutmayıb: "Hazırkı millətçi müxalifət sıralarından kimsə bazanı mühasirəyə almağa cəhd etsə, o zaman onlara 1989-cu ilin payızında baş verən hadisələri xatırlatmaq istəyirəm. Həmin vaxt "Krunk" hərəkatının yaraqlıları Ermənistan SSR DTK-nın binasını mühasirəyə almağa cəhd etmişdilər. Ermənistanın bütün siyasi elitası o hadisələri yaxşı xatırlayır. Hətta indi qadın və uşaqları zirehli texnikanın təkərləri altından çəkməyə də imkan tapa bilməzlər".
O.Kuznetsov müsahibəsində ermənilərin Xocalıda törətdiyi qətliamı da xatırladıb: "Gümrüdə rus hərbçisi körpə uşağa da rəhm etmədən bir ailəni qətlə yetirib. Məgər eyni Hadisəni 1992-ci ilin fevralında Dağlıq Qarabağdakı erməni separatçıları azərbaycanlılara qarşı törətməmişdi? Gümrüdə baş verən qətldən sonra bu gün Ermənistanın yaşadığı şoku Azərbaycan Xocalı faciəsindən sonra yaşamışdı. Ona görə də Ermənistan Xocalıda dinc sakinlərin qətlində günahkar olan cinayətkarları Azərbaycana təslim etmədikcə, Permyakovun İrəvana təhvil verilməsini tələb etməsinin heç bir mənəvi haqqı yoxdur. Belə demək olarsa, Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhaliyə qarşı tətbiq etdiyi zorakılıq bumeranqını bu gün Gümrüdə geri aldı".
Analitikin fikrincə, bu gün Rusiyanın Gümrüdəki hərbi bazası Ermənistanın mövcudluğunun yeganə qarantıdır: "Rusiya hərbi bazasının və sərhədçilərinin Türkiyə ilə sərhəddən çəkilməsi Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Azərbaycanın dərhal nəzarətini bərpa etməsi deməkdir. Çünki Rusiyanın hərbi-texniki dəstəyi olmadan Ermənistan hərbi əməliyyatlara heç bir ay da duruş gətirə bilməz. Eyni zamanda Serj Sarkisyanın Qarabağ klanı onu sevməyən İrəvan siyasətçiləri ilə üzbəüz qalar və nəinki bir neçə aydan, hətta bir neçə həftədən sonra hakimiyyətdən məhrum olar". Maraqlıdır, bəs elə situasiya yarana bilərmi ki, Rusiya istər Xocalı, istərsə də 20 yanvar faciəsini törədən cinayətkarların ifşa olunaraq Azərbaycana verilməsini təmin etsin.Bununlada minlərlə insanın tapdalanmış hüquqları bərpa olunsun? Bununla bağlı "Unikal"a açıqlama verən millət vəkili İqbal Ağazadə maraqlı məqamlara toxundu:" Bu çox mürəkkəb məsələdir və mənim bu məsələyə baxışım fərqlidir. Öncəliklə qeyd edək ki, 20 yanvar faciəsinin törədilməsinə bir başa məsuliyyəti o zamankı SSRİ-in rəhbərliyi daşıyır ki, o şəxsə də Nobel sülh mükafatı verilib. Nə qədər təzadlı da olsa belə bir mükafat alana qarşı iddia qaldırıb nəyəsə nail olmaq mümkün deyil. Digər tərəfdən konpensasiyadan söhbət gedirsə aydınlaşdırmaq lazımdır ki, bu kompensasiyanı kim verməlidir? SSRİ-nin vairisi Rusiya hesab olunsa da Rusiya hökməti sovetlərə görə kimlərəsə kompensasiya verən deyil və bu mümkünsüzdür. Buna görə hesab edirəm ki, məsələyə başqa rakursdan yanaşmaq lazımdır. 20 yanvar faciəsi əslində Azərbaycanın milli azadlıq hərəkatının bir simvoludur,məsələyə bu şəkildə yanaşmaq lazımdır. İstər Vilnus hadisələri, istərsə də 20 yanvar hadisələri sovet rejiminin süqutunu sürətləndirən bir hadisədir və bunu elə bu şəkildə də qəbul etmək lazımdır". "Unikal" qəzetinin apardığı araşdırmalara görə dünya tarixində çox nadir hallarda bu cür kütləvi qırğınlar olanda sona qədər bu insanların hüquqları qorunub. Bunun bir səbəbi faciə törədən dövlətin məsuliyyəti öz üzərindən atması ilə bağlıdırsa , digər səbəbi isə hadisələrə Avropa və ABŞ kimi dövlətlərin ikili yanaşmasıdır. Təsəvvürünüzə gətirin ki, Xocalı faciəsi kimi bir faciəni Ermənistan tərəfi törədir və ABŞ-da erməni lobbisinin gücü və dəstəyi ilə Azərbaycanın əleyhinə qərar çıxarılır. Və indinin özünə qədər də 907-ci düzəliş qüvvədə qalsada onun icrası dondurulub.Azərbaycanın 20 faiz torpağı işğal edilib və Ermənistan tərəfi işğalçı dövlət kimi qəbul edilmir,yüz minlərlə qaçqının hüquqları tapdalanır. İddia oluna bilər ki, o zamanlar erməni lobbisinin təsir gücü olub və dünya əsl həqiqətlərdən xəbərsiz olub. Təsəvvür edək ki, lap elə belə olub. Onda bir neçə ay öncə baş vermiş bir olayı yada salaq və onda dünya güclərinin ikiüzlülüyünü açıq şəkildə görərik. Söhbət iki kəlbəcərlinin Ermənistan tərəfindən faktiki olaraq girov götürülərək, qondarma Dağlıq Qarabağ "məhkəməsinin" qərarı ilə ömürlük həbs ediliblər. Həmçinin hər iki şəxs hərbçi yox, mülkü şəxslər olub. Amma bu günə qədər heç bir beynəlxalq təşkilat bu iki insanın tapdalanmış hüquqlarının müdafiəsinə qalxmır və sanki bunu qanunauyğunluq kimi qəbul edirlər. Bütün bunlar isə sübut edir ki, insan hüquq və azadlıqlarının qorunması termini sadəcə olaraq dünyanın əsas sahiblərinin istəyi ilə bəzən qabardılır, bəzənsə bu məsələ ən axırıncı məsələ kimi gündəmə gətirilir. Yeri gəlmişkən bunuda qeyd edək ki, indiyə qədər yalnız Almaniya yəhüdilərə qarşı törədilən soyqırıma görə kompensasiya verib və hüquqları tapdalanmış insanların hüquqları qorunub. Bütün bunları cəmləşdirərək deyə bilərik ki, istər 20 yanvar
faciəsindən 25 il, Xocalı soyqırımından 20 il keçsədə dünya bu dəhşətləri sadəcə olaraq görmək istəmir. Amma Azərbaycan bir dövlət olaraq istər 20 yanvar, istərsə də Xocalı soyqırımından əziyyət çəkmiş, haqları pozulmuş vətəndaşlarının haqlarının qorunması istiqamətində lazımi addımları atıb və bu kateqoriyalı insanlar üçün dövlət xüsusi lqotlar müəyyənləşdirib. Bunuda qeyd edək ki, sosial yönlü büdcəyə malik olan Azərbaycanda istər qaçqın və məcburi köçkünlərin, istərsə də Qarabağ qazilərinin hüquqları ən yüksək səviyyədə qorunur və bu dövlət siyasəti olaraq qəbul edilir. Bu arada yada salaq ki, hazırda bir neçə məcburi köçkün və qaçqın Ermənistan tərəfindən hüquqlarının pozulmasına görə Avropa Məhkəməsinə müraciət ediblər. Amma dəfələrlə bu işlərə baxmaq nədənsə yaddan çıxıb. Halbuki Avropa Məhkəməsində hansısa "siyasi" məhbusun işinə Azərbaycan məhkəmələri höküm çıxartmamış baxır və əksər hallarda Azərbaycan dövlətinin əleyhinə qərar çıxartmağa çalışırlar. Bütün bunlar isə sübut edir ki, Avropa Məhkəməsi kimi qurumlar da hüquq keşikçiləri yox, əslində siyasi maraqlar güdən qurumlara çevriliblər. Amma məcburi köçkün, qaçqın kimi beynəlxalq məhkəmələrə müraciət edən vətəndaşlarımızda sona qədər hüquqlarının qorunmasında israrlıdırlar və yəqin ki, real nəticələr ortaya çıxacaq.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35