Məhkum qadınların yaxınları ilə görüş hüquqları necə tənzimlənir?
10:58 22-01-2015
SİYASƏT
Məhkum qadınların yaxınları ilə görüş hüquqları necə tənzimlənir?
Zülfiyyə Bayramova: "Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində bu barədə maddələr öz əksini tapıb"
Bu günlərdə ictimaiyyətdə geniş müzakirəyə səbəb olan 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Quliyeva Lamiyə Sahib qızının övlad dünyaya gətirməsi barədə yayılan xəbər məhkumların cəzaçəkmə müəssisəsində hansı hüquqlara malik olması mövzusunu gündəmə gətirib. Hüquqşünas Zülfiyyə Bayramova bu barədə "Unikal"ın suallarını cavablandırıb.
-Zülfiyyə xanım cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların hüquqları hansı qanunvericilik aktı ilə tənzimlənir?
-Məhkumların cəzaçəkmə müəssisələrində hüquqları Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində öz əksini tapıb. Həmin məcəllədə cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi şərtləri qeyd olunub.
-Həmin şərtlərdə nələr öz əksini tapıb?
-79-cu maddədə məhkumların cəza çəkmə şəraiti göstərilir. Bu maddənin 79.1. bəndinə görə, məhkumlar bir cəzaçəkmə müəssisəsinin daxilində rejim növündən asılı olaraq adi və ya yaxşılaşdırılmış şəraitdə saxlanıla bilərlər. 2-ci bənddə isə məhkumların bir saxlanılma şəraitindən digərinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla keçirilməsinin mümkünlüyü göstərilib.
-Maraqlıdır, bu qanunla məhkumların görüşü necə tənzimlənir? Onların hansı hallarda, kimlərlə uzunmüddətli görüşünə icazə verilir?
-Bu 81-ci maddə ilə tənzimlənir. Bu maddədə məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşü 9 bənddə qeyd olunub. 81.1. bənddə qeyd olunub ki, məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir. 81.2 bənddə qısamüddətli görüşlərin qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verildiyi göstərilir. 81.3-cü bənddə bildirilir ki, məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlara (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Məhkumların xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər. 81.4-cü bəndin tələbinə görə, məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır. 81.6-cı bənddə qeyd olunub ki, ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumun yaxın qohumlarına ona baş çəkmək üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən imkan yaradılır.81.7-ci bəndin tələbinə görə, hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş verilir.81.8 bənddə bildirilir ki, məhkumlarla bu Məcəllənin 81.7-ci maddəsi ilə müəyyən edilmiş görüşlərin sayı və müddəti məhdudlaşdırılmır və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına riayət edilməklə həyata keçirilir. Belə görüşlər bu Məcəllə ilə müəyyən edilmiş görüşlərin sayına daxil edilmir. 81.9 bəndin tələbinə görə, vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə keçirilir.
-Məhkum qadınlara cəzaçəkmə müəssisəsindən kənarda yaşamaq hüququ hansı hallarda verilə bilər?
-Bu qanunvericiliyin 88-ci maddəsi ilə tənzimlənir. Bu maddədə məhkum qadınların cəzaçəkmə müəssisəsindən kənarda yaşaması qaydaları öz əksini tapıb. 88.1 bəndində göstərilib ki, əməyə vicdanlı münasibət bəsləyən və cəzaçəkmə rejiminin tələblərinə riayət edən, habelə cəza müddətinin ən azı üçdə birini çəkmiş məhkum qadınlara cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarı ilə hamiləliyə və ya doğuşa görə qanunla müəyyən edilmiş qaydada, işdən azad edildikləri vaxt ərzində, habelə uşaq üç yaşına çatanadək cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilə bilər.Bu maddənin 88.2 bəndində cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınlara şamil edilir :
88.2.1. cəzaçəkmə müəssisəsinin ərazisi yaxınlığında yaşamağa yerləşdirilir və müdiriyyətin daimi müşahidəsi altında olurlar;
88.2.2. adi həyatda işlədilən paltar geyinə bilərlər;
88.2.3. məhdudiyyətsiz halda yazışa bilər, pul baratları ala bilər və nağd puldan istifadə edə bilər, qohumları, həkimi ilə və başqa şəxslərlə görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər;
88.2.4. hüdudları cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilən ərazi daxilində sərbəst gediş-gəliş hüququndan istifadə edə bilərlər.
88.3. Cəzaçəkmə rejimi və ya davranış qaydaları məhkum qadın tərəfindən müntəzəm və ya qəsdən pozulduqda, cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarına əsasən cəzaçəkmə müəssisəsindən kənarda yaşamaq üçün verilən icazə ləğv edilir, məhkum qadın isə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə qaytarılır.
-Məhkumlara qısa müddətli səfərlərə icazə verilməsi qanunvericiliklə mümkündürmü?
Bu barədə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsində göstərilib. Cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda qısa müddətli səfərlər məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilməmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər. Bu zaman gedib-gəlmək üçün sərf olunan vaxt, iki gündən çox olmamaq şərti ilə, nəzərə alınmır. Bu Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkumun qısa müddətli səfər haqqındakı ərizəsinə təxirə salınmadan baxılmalıdır. Qısa müddətli səfərə cəzaçəkmə müəssisəsinin müdiriyyəti, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra məhkumun şəxsiyyətini və davranışını nəzərə almaqla icazə verir. Qısa müddətli səfərə icazə verilməməsi əsaslandırılmalıdır. Məhkumun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt cəzanın icrası müddətinə hesablanır. Məhkumun yol xərcini özü və ya qohumları ödəyir. Məhkumun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda olduğu vaxt ərzində ona əmək haqqı verilmir. Cəzaçəkmə müəssisələrindəki uşaq evlərində uşaqları olan qadınlara öz məzuniyyətləri vaxtı övladlarını qohumlarının, himayəçilərinin yanına və ya uşaq evlərinə düzəltmək üçün cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) on beş günədək qısa müddətli səfərə getməsinə icazə verilə bilər. İlk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş və ümumi rejimli cəzaçəkmə müəssisələrində və ya ümumi rejimli tərbiyə müəssisələrində bu Məcəllənin 113.3 və 124.3-cü maddələrinə əsasən saxlanılma şəraiti yaxşılaşdırılan məhkumlara ildə bir dəfə məzuniyyətləri vaxtı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi günədək müddətə, yola sərf olunan iki günədək müddət nəzərə alınmamaqla, qısa müddətli səfər etməyə icazə verilə bilər. Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən və cəzaçəkmə müəssisəsindən kənarda, yaxud cəzaçəkmə müəssisəsinin istehsalat sahəsində əmək fəaliyyəti ilə məşğul olan məhkuma nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətinə, təlim-tərbiyə tədbirlərində fəal iştirakına görə cəzaçəkmə müəssisəsi müdiriyyətinin qərarı ilə əmək məzuniyyətini cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) keçirməyə icazə verilməlidir. Məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərə buraxılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
-Azərbaycandakı 4 saylı qadın kaloniyasında xeyli sayda qadın var ki, ana olmaq sevincini həsxanada yaşamaq nəsib olub. Həmin qadınlar və doğulan uşaqlar hansı hüquqlara malikdirlər?
-Bu sözügedən qanunun 92-ci maddəsi ilə tənzimlənir. Bu maddədə hamilə və ya üç yaşına çatmayan uşağı olan məhkum qadınların maddi-məişət təminatının xüsusiyyətləri öz əksini tapıb. 92.1 bənddə göstərilib ki, cəzaçəkmə müəssisələrində məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir. Uşaq evləri uşaqların normal inkişafı və yaşayışı üçün zəruri şəraitlə təmin edilir. Məhkum qadınlar asudə vaxtlarında uşaqlarla məhdudiyyətsiz görüşə bilərlər. Onların uşaqla birgə yaşayışına icazə verilə bilər. Eyni zamanda məhkum qadınların uşaqları ananın razılığı ilə onun qohumlarına və ya ananın razılığı, qəyyumluq və himayəçilik orqanlarının qərarı ilə digər şəxslərə verilə, habelə üç yaşı tamam olduqdan sonra müvafiq uşaq müəssisələrinə göndərilə bilərlər. Üç yaşı tamam olmuş uşaqların anasının cəzaçəkmə müddətinin qurtarmasına bir ildən çox qalmazsa və o, analıq borcunu vicdanla yerinə yetirərsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti uşağın uşaq evində saxlanma müddətini cəzaçəkmə müddətinin sonuna qədər artıra bilər. Hamilə qadınlar doğuş və doğuşdan sonrakı müddətdə xüsusi tibbi yardım almaq hüququna malikdirlər.
Digər Xəbərlər
2024-12-24 16:47:00
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46