Ailələrdə ayrıseçkilik qızları gələcəkdə bir sıra hüquqlardan məhrum edir
09:28 29-01-2015
SİYASƏT
Ailələrdə ayrıseçkilik qızları gələcəkdə bir sıra hüquqlardan məhrum edir
Mehriban Zeynalova: "Erkən nikah qadın hüquqlarının ən kəskin pozunutusu halları ilə müşahidə edilən bir fenomendir"
"Ailədə kimin acığı vardı mənim üstümə tökürdü. Qardaşım rəfiqələrimlə görüşəndə məni döyürdü. Atam, anam çayı gec verdiyimə görə həmişə məni danlayırdı. Ən böyük arzum böyüyüb müəllimə olmaq idi. Amma valideynlərim "qız uşağı oxumaz" deyib məni 9-cu sinifi bitirər-bitirməz ərə verdilər. Yaşım çatmadığından molla kəbini kəsildi. Həyat yoldaşım məndən yaşda çox böyük olduğundan onunla sözümüz düz gəlmirdi. Ailə qurduqdan sonra bir uşağım tələf oldu. Həkimlər dedilər ki, səbəbi tez ərə getməyin ilə bağlıdır.
İki uşaq olduqdan sonra həyat yoldaşımla aramızda yaranan mübahisə ayrılığımıza səbəb oldu. İndi iki uşaqla Bakıda kirayədə qalıram. Təhsilim olmadığından, gül tinglərinin əkildiyi tingçilik müəssisəsində çalışıram. Hesab edirəm ki, mənim taleyimin bu cür olmasında ailəmizdə yaranan ayrıseçkilik oldu. Qardaşım təhsil almaq üçün repetitor yanına göndərilsə də, mənə atam-anam bir cüt ayaqqabını güclə alırdı. Nə vaxt hüququmu tələb etsəm ağzımdan vururdular ki, qızsan, özünü qardaşınla bir tutma. O oğlandır, nəslin davamçısıdır. Sən isə birinə ərə gedəcəksən. Valideynlərimin hələ biz kiçik yaşlarımızdan övladları arasında qoyduqları ayrıseçkilik mənə həyatın ən çətin üzünü yaşamağa məcbur edir. Hüququmu ailədən pozdular. Sonra özüm ailə qurdum, orda da hüquqlarımı qoruya bilmədim".
Astaranın Şüvi kəndindən olan həmsöhbətimiz Mahirə Məmmədova Azərbaycan reallığında doğulduğu ailədə hüququ pozulan yeganə qadın deyil. Onun kimi onlarla qız uşaqları var ki, dünyaya göz açdığından cinsinə görə elə ailəsində ayrıseçkiliyə məruz qalır. Valideynlərin hələ dünyaya gəlməmiş övladlar arasında ayrıseçkilik qoyması hər il yüzlərlə qız uşağının dünyaya göz açmamış, ana bətnindəcə tələf edilməsinə səbəb olur. Ölkə reallığı üçün hər doğulan 106 oğlan uşağına 100 qızın doğulması norma olsa da, bu göstərici günü-gündən aşağı düşür. Elə həmsöhbətimiz, . "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova da qız uşaqlarına ailədə qoyulan ayrıseçkiliyin onların gələcəkdə bir sıra hüquqlarının pozulmasına səbəb olduğunu söyləyir.
- Mehriban xanım, ailələrdə qız uşaqları ilə oğlan uşaqları arasında ayrıseçkilik onların gələcəkdə hansı hüquqlarının pozulmasına gətirib çıxardır?
-Ailələrdə cinsə görə ayrı seçkilik bu addım atıldığı andan başlayır. Yəni cinsə görə fərq qız uşağına ona məxsus olan hüquqlardan bütövlüklə istifadəsinə əngəllər yaradır. Qızlar bu davranışı yəni hüquq pozmaları norma kimi qəbul edir. Bu onların gələcəkdə öz hüquqlarını müdaifə etməkdən çəkindirir. Qız uşaqlarında ciddi komplekslər yaranmaqla yanaşı, sterotiplər onlara qarşı daha çox yer tutur. Qız uşağına qarşı baş verən bu ayrı seçkilik onların təhsil, özünü ifadə etmək, seçim etmək, sərbəst qərar qəbul etmək kimi hüquqlarının reallaşdırmaqda manecilik törədir.
-Qızların hüququ çox vaxt ana bətnindən pozulur. Dölün cinsinin ana bətnində müəyyən olunması qızların yaşamaq hüququna nə dərəcədə təsir göstərir?
-Dölün cinsinin ana bətnində müəyyən olunması ailənin qız uşağına olan münasibəti ilə nəticələnə bilir. Yəni dünyaya gəlməmiş qız uşağının məhvi ilə. Ana bətnində məhv edilən qız uşaqları selektiv abortların qurbanıdır. Bu qızlar valdeynlərinin cinsə görə övlad seçimini müəyyənləşdirir. O ailədə dünyaya gəlmiş qız uşağının belə taleyi ana bətnində öldürülmüş qız uşağının taleyi ilə çox oxşar olur.
-Ailələrdə qız doğan anaların zorakılığa məruz qalması faktları varmı?
-Belə faktlar təəssüf ki hələ də mövcuddur. Bu hər yerdə baş verir. Qız uşağı dünyaya gətirən anadan boşanma və bəzi hallarda ona qarşı zorakılığın kəskinləşməsi mövcuddur. Bəzən bu kifayət qədər acıq görünməsə də amma məişət səviyyəsində hələ də özünü qoruyub saxlayır.
-Valideynlərdən hansı daha çox övladlar arasında cinsinə görə fərq qoyur?
- Əslində cinsə görə ayrı seçkiliyi sərgiləyən yəni bu fikri ortaya atan kişi olur. Lakin onu inkişaf etdirən analar da az deyil. Məsələn qadın-qaynana, baldız, övladın anası bu qəribə görünsə də bəzi hallarda qız uşağının anası özünə qarşı yönəlmiş zorakılığı məhz bu düşüncəyə görə daha çox qız uşağına istiqamətləndirir. Burda instinktiv olaraq daha çox özünü qoruma halları aşkarlanır. Övladını müdafiədən özünümdafiəyə keçid.
-Erkən nikaha məcburetmə nəticəsində gələcəkdə qızların hansı hüquqlarının pozulması halları ilə rastlaşılır?
-Erkən nikah qadın hüquqlarının ən kəskin pozuntusu halları ilə müşahidə edilən bir fenomendir. Erkən nikah qız uşağının cinsəl zorlanması kimi qiymətləndirirəm. Bu isə qadının psixi sağlamlığına təsir edir.Eyni zamanda erkən nikah qız uşalqarının gələcəkdə özünü müəyyən etməsinə, yaşamasına mane olan ən böyük insan hüquqlarının pozuntusu ilə üzləşməsinə gətirib çıxarır. Əmlak hüququndan tutmuş bir çox hüquqlarına kimi qız uşağının hüquqlarının pzoulması erkən nikahdan başlayır.
-Mehriban xanım, maraqlıdır, hələ uşaqkən valideynləri tərəfindən ayrıseçkiliyə məruz qalan qızlar gələcəkdə insan alverçilərinin tələsinə düşə bilərmi?
-Əlbəttə, bu mümkün variantdır. Çünki, sonucda ailədə ayrıseçkiliyə məruz qalan qızların əksəriyyəti sərbəst seçim etmədiklərindən, təhsilləri yarımçıq qaldıqlarından sonra ehtiyac içərisində yaşayırlar. İnsan alverçilərinin cəlbetmə metodlarından biri məhz insanlara istədikləri həyatı vəd verməkdən ibarətdir. Bizim ölkədə insan alverçiləri insanların nə istədiklərini, ehtiyaclarını öyrəndikdən sonra onları aldadaraq tələyə salırlar. Tutaq ki, bir qadındır, ərə getmək istəyir, amma özünə uyğun həyat yoldaşı tapa bilmir. Həmin qadının istəyini bilən insan alverçisi qadına vəd verir ki, xarici ölkədə ona tam uyğun ər tapacaq. Həmin kişi həm yaraşıqlı olacaq, həm qadınla nəzakətli davaranacaq, onun nazını çəkəcək, diqqətini üstündən əskiltməyəcək, eyni zamanda maddi durumu yaxşı olacaq. Əlbəttə qazanclı, yaraşıqlı, nəzakətli ər arzusunda olan qadın həmin insan alveri ilə məşğul olan şəxsin tələsinə tezliklə, deyərdim ki, ilk "qarmaqda" düşür. Qadın fikirləşir ki, təklifi qəbul etsə, xöşbəxt olacaq, arzusundakı kişiyə qovuşacaq. Bu adla aldadılaraq xarici ölkəyə aparılır, ilk andan sənədləri əlindən alınır, cinsi istismar edilir. İnsan alverçiləri Azərbaycanda insanların ehtiyaclarını öyrənərək onları daha tez tələyə salmağın mümkünlüyünü görüb, kimisinə ər, kimisinə yaxşı qazanc vəd edir. Bu tələyə düşənlər arasında məhz dediyiniz kimi, ayrıseçkiliyin qurbanı olan qadınlar az deyil. Bəzən biz ailədə oğlanı qızdan daha üstün tutmağı normal qəbul edirik. Əslində sevginin ailədə bir uşağa az, digərinə isə məhz cinsinə, oğlan olduğuna görə çox verilməsi doğru deyil. Bəzi ailələrdə isə bu cinsi ayrıseçkilik səviyyəsindədir. Oğlana təhsil imkanı, mülklə bağlı üstünlüyün ailədə oğul övlada verilməsi, qızların gələcəkdə miras hüququndan istifadə edə bilməməsi kimi hüquq pozuntularına da gətirib çıxardır.
-Mirasla bağlı məqama toxundunuz. Ailədə qızlar hansı səbəbdən vərəsə kimi çox az hallarda öz hüquqlarından istifadə edə bilirlər?
-Azərbaycanda boşanıb ata evinə qayıdan çox az sayda qız miras hüququndan yararlana bilir. Mülk həmişə atadan oğula keçir. Əslində miras ailədə bərabər paylanılmalıdır. Yəni oğlan da qız qədər miras hüququndan yararlana bilər. Amma ata dünyasını dəyişdikdən sonra o mirasa oğlu sahib çıxır. Səbəb isə o gətirilir ki, ataya baxan oğul övladı olub. Əslində valideyn qızı layiqsiz vərəsə elan etməyənədək həmin qızın o mülkdən pay hüququ var. Çox təəssüf ki, Azərbaycan reallığında qızın ata evindən pay alması ancaq dava-dalaşla, məhkəmə çəkişməsi ilə mümkün olur. Bu gün Azərbaycanda vərəsəlik hüququ pozulan qızlar var ki, onlar ata evləri ola-ola kirayələrdə yaşamaq məcburiyyətində qalır. Bu da ailədə övladlar arasında qoyulan ayrıseçkilikdən irəli gəlir.
Digər Xəbərlər
2024-12-25 23:55:58
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48