"Azərbaycan öz yolu ilə gedir və bu doğrudur"
10:05 30-01-2015
SİYASƏT
"Azərbaycan öz yolu ilə gedir və bu doğrudur"
Bu gün siyasi maarifləndirmə, insan hüquq və azadlıqlarının müdafiəsi önəmli məsələlərdən biri kimi gündəmdədir. Bununla bağlı politoloq Elçin Bayramlının "Unikal"a verdiyi müsahibəni nəzərinizə çatdırırıq.
- Bu gün Azərbaycanda siyasi maarifləndirməni gücləndirmək üçün nələr etmək lazımdır?
- Çox vacib bir məsələdən sual verirsiniz. Sirr deyil ki, uzun müddətdir ki, Azərbaycanda insanların çoxu artıq daxili siyasətlə maraqlanmırlar. Çünki ölkədə daxili siyasətin stabil və normal olaraq həyata keçirildiyinin fərqindədirlər. Lakin bizim xalq dünyada, xüsusilə də bizimlə bağlı olan regionlarda baş verənlərlə daha çox maraqlanır. Bu da təbiidir. Çünki həmin regionlarda gedən proseslər bizə birbaşa və dolayı təsir edir.
Azərbaycanda əhalinin siyasi mövqeyini formalaşdırmağa cəhd edən yüzlərlə KİV var. Belə media orqanları idarə olunduqları xarici mərkəzlərdən gələn tapşırıqla onların maraqlarına cavab verən məsələlərdə xalqı səhv yönləndirməyə çalışırlar. Yəni, hər hansı bir məsələyə münasibətdə Azərbaycanın maraqları arxa plana atılır. Qərb dövlətlərinin maraqlarından informasiya yayılır. Məsələn, ABŞ və Avropadan maliyyələşən media və QHT-lər Azərbaycan xalqında qonşu dövlət olan İran və Rusiyaya qarşı nifrət yaratmağa, bu ölkələrlə münasibətləri korlamağa çalışırlar. Halbuki, bu böyük dövlətlərin Azərbaycana təsir imkanları böyükdür və onlarla problem bizə sərf eləmir. Lakin burda məqsəd bizim maraqlarımız deyil, Qərbin maraqlarını müdafiə etməkdir.
İş o yerə gəlib çatıb ki, bəzi saytlar Rusiya ilə Ukrayna arasında müharibə getdiyi haqda fikir formalaşdırırlar. Halbuki, həqiqət ondan ibarətdir ki, Ukraynada ölkə vətəndaşı olan ruslar və qanuni hakimiyyəti devirərək zor gücünə dövləti ələ keçirmiş Qərb kuklası olan hakimiyyət arasında mübarizə gedir. Ukraynada bu qırğınların ölkənin Avrasiya İttifaqına daxil olmasının qarşısını almaq məqsədilə Qərb tərəfindən yaradıldığını gizlədirlər və belə fikir yaradırlar ki, guya Rusiya durduğu yerdə Ukraynaya hücuma keçib. Belə nümunələrin sayı çoxdur. Sosial şəbəkələrdə yürüdülən fikirləri görəndə başa düşürsən ki, insanların əksəriyyəti qlobal media imperiyası tərəfindən yönləndirilir, yəni onların fikirləri səhv informasiyalar əsasında formalaşdırılır. Alternativ mənbələrlə onların tanış olmaq imkanları yoxdur, daha doğrusu əks mənbədən də məlumat almaq və analiz etmək çoxlarına çətindir.
Ona görə də hətta hakimiyyəti dəstəkləyən şəxslərin bəziləri də hakimiyyətin, dövlətimizin yeritdiyi siyasətin eleyhinə fikir səsləndirirlər. Bunu çoxları bilmədən, anlamadan edirlər. Bəziləri isə bilərəkdən edirlər. Lakin xoşbəxtlikdən belə şəxslərin və belə medianın dövlətimizin xarici siyasətinə təsir imkanları yoxdur. Dövlətimizi idarə edən hakimiyyət son dərəcə optimal, düşünülmüş siyasət yeridir və məhz bunun sayəsində ölkəmiz və xalqımız qlobal proseslərdən zərər çəkmir.
Faktiki olaraq dünyada informasiya müharibəsi gedir. Biz bu müharibədə özümüzü qorumaq üçün KİV-lərə ictimai və dövlət nəzarəti gücləndirlməlidir. Dezinformasiya yayan, milli və dövlət maraqlarına zidd fəlaiyyət göstərən KİV-lər cəzalandırılmalıdır. Azad mətbuat anarxiya və xəyanət plastdarmı demək deyil. Bunu anlamağın və anlatmağın vaxtı çatmışdır.
- Siyasi partiyaların sistemli bir partiya kimi formalaşa bilməməsi siyasi maarifləndirmənin aşağı olması ilə bağlı deyilmi?
- Əksinə, bu məhz siyasi maariflənmənin artması ilə bağlıdır. Daxili siyasətdə vəziyyət hamıya aydındır. Azərbaycanda mövcud olan siyasi partiyalar xalqın rəğbətini qazana bilməmişlər, insanların siyasi cəhətdən avam vaxtlarında qazandıqlarını isə itirdilər. Yaxın keçmişdə bəzi partiyaların müəyyən qədər nüfuzu var idi, lakin zaman keçdikcə məhz siyasi maariflənmənin artması nəticəsində xalqımız belə qüvvələrin əsil məqsədlərini anlaya bildi və onların elektoratı sürətlə əriməyə başladı.
Hazırda müxalif partiyaların sosial bazası az qala sıfır səviyyəsindədir. İnsanlar gördü ki, bunları xalqın mənafeyindən daha çox, özlərinin və tabe olduqları Qərb dövlətlərinin məqsədlərini həyata keçirirlər. Bəzi partiya liderləri üçün ABŞ səfrinin "ağsaqqal" olduğu məlum olandan sonra isə artıq funksionerlər belə bu partiyaları tərk etməyə başladılar.
Bəzi siyasətçilər hətta aşkar şəkildə Ermənistanı müdafiə edirlər, hər hansı bir Qərb dövləti ilə Azərbaycan arasında müəyyən gərginlik yarananda o dövlətin maraqlarından çıxış edirlər. Bilirsinizmi, müxalifət olmaq o demək deyil ki, hakimiyyətə qarşı mübarizə dövlətin maraqlarına və xalqın mənafeyinə zidd olan məqamlarda belə bundan çəkinməyəsən.
- Nədən yeni siyasi qüvvələr gündəmə gələ bilmir və bunun başlıca səbəbi nədir?
- Azərbaycanda 50-dən artıq siyasi partiya var. Siyasətlə məşğul olmaq istəyənlər o partiyalarda cəmləşiblər. Lakin hakim partiya ilə mübarizədə heç bir uğur əldə edə bilməyiblər. Axı bunların nə aydın siyasi və ya iqtisadi platforması, nə hansisa sosial islahatlar haqda proqramı yoxdur. Üstəlik, cəmiyyətdə şəxsi nüfuzları da yoxdur. İdeologiya baxımından üstünlükləri də yoxdur. Hansısa əməli fəaliyyətləri də yoxdur. Bu halda xalq onlara niyə inansın ki? Buna görə də sosial baza da yoxdur.
Əksər müxalifət partiyalar xalqdan yox, Qərb dövlətlərindən dəstək almağa çalışırlar. Bu halda onların heç bir perspektivi ola bilməz. Çünki cənab prezidenti dediyi kimi, Azərbaycan o dövlətlərdən deyil ki, hansısa xarici qüvvə onu idarə edə bilsin, onu öz iradəsinə tabe etsin, ölkədə qarşıdurmalar yaratsın. Azərbaycan dövləti tam müstəqil siyasət yürüdür.
Yeri gələndə, superdövlətlərə belə "get öz işinlə məşğul ol, xoş getdin" deyə bilir. Çünki ölkədə hakimiyyətlə xalq arasında möhkəm birlik var. Həqiqətən belədir. Adətən ölkələri neçə parçalaya bilirlər? Ya etnik zəmində, ya dini zəmində, ya siyasi zəmində, ya da sosial. Azərbaycanda heç biri üçün baza yoxdur. Ölkədə elə bir mühit yaradılıb ki, etnik və ya dini ayriseçkilik yoxdur. Bütün dinlərin, millətlərin bu ölkədə normal yaşaması, hətta hakimiyyətin yuxarı eşalonlarında təmsil olunması üçün imkanlar yaradılıb.
Qaldı sosial məsələyə. Bunun üçün də zəmin yoxdur. Azərbaycan sosial dövlətdir. Əhali dövlətin imkanlarından bəhrələnə bilir. Dövlət sosial təminata büdcənin üçdə birini ayırır. Güzəştli kateqoriya üçün mənzillər tikilir, işsizlik demək olar ki minimuma endirilib, yoxsulluq yox həddindədir. Deməli, qlobal qüvvələrin əsas silahları bu ölkədə sıradan çıxarılmışdır.
Daha bir silah isə siyasi qarşıdurma ola bilərdi ki, yuxarıda qeyd etdiyimiz kimi, belə bir imkan da yoxdur. Azərbaycan düşünülmüş daxili və xarici siyasət, düzgün hesablanmış iqtisadi strategiya əsasında sosial dövlət kimi inkişaf edir. Belə dövlətləri nə daxildən nə da xaricdən dağıtmaq mümkün deyil.
Bu gün belə bir fikir səsləndirilir ki, siyasi maarifləndirmənin birinci şərti Qərb demokratiyasının olduğu kimi Azərbaycanda tətbiqidir. Sizcə yad prinsipli Qərb baxışını olduğu kimi tətbiq etmək ciddi fəsadlar yaratmazmı?
- Elə bu cür fikirlər də bayaq dediyim qüvvələrin oyunlarından biridir. Bunun tətbiqinin acı nəticələrini Liviya, Suriya, Misir, Ukrayna xalqları hələ də yaşamaqdadırlar. Demokratiya nədir? Xalq hakimiyyəti deməkdir. Harda xalq hakimiyyətdədir? Transmilli şirkətlərin idarə etdiyi, eyni mərkəzdən idarə edilən 2 siyasi partiyadan başqa heç kimin seçkilərə buraxılmadığı, aksiya keçirən vətəndaşların vəhşicəsinə məhv edildiyi, 50 milyon yoxsulu olduğu halda dünya ölkələrində vətəndaş müharibələri törətmək üçün trilyonlar xərcləyən ABŞ-damı? Bu demokratiya deyil, konkret demonkratiyadır. Nəinki Ermənistana hətta işğal olunmuş Qarabağdakı seperatçı terrorçu rejimə aşkar maliyyə yardımları edən dövlətdən biz hansı demokrtatik dəyəri götürə bilərik? Biz hələ 80-lərin axırında 90-ların əvvəlində Ermənistana Qarabağı bizdən almaq üçün Livandan filandan "nayomniklər" göndərməsini unutmamışıq.
Qərbdə bir dənə də olsun demokratik ölkə yoxdur. Nisbi götürsək, Azərbaycan ABŞ və Avropa ölkələrindən dəfələrlə demokratik ölkədir. Bunların dərdi demokratiya deyil, Qərb dəyərlərini, mənəviyyatını, ənənələrini gətirmək istəyirlər ki, bir mərkəzdən idarə edə biləcəkləri qlobal zombi kütləsinə biz də qoşulaq.
Azərbaycan prezidenti sonuncu konfransda qloballaşmanın pərdəarxasını açıq şəkildə göstərdi və Azərbaycanın öz milli, mədəni, mənəvi dəyərləri əsasında inkişaf edəcəyini bildirdi. Dövlətin və cəmiyyətin bu məsələdə fikri eynidir. Bunlar getsinlər o demonkratiyanı Səudiyyə kimi ölkələrdə tələb eləsinlər. Azərbaycan onlara demokratiya dərsi keçə biləcək səviyyədə bir ölkədir.
Digər Xəbərlər
2024-12-25 23:55:58
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48