Qadınların iş yerlərində pozulan hüquqları
11:24 31-01-2015
SİYASƏT
Qadınların iş yerlərində pozulan hüquqları
Azərbaycanda gender bərabərliyinin təmini üçün hökumət səviyyəsində siyasi iradə ortaya qoyulsa da, ölkədə bəzi sahələr də hələ də nəinki, bu balansı yaratmaq, zərif cinsin nümayəndələrinin qarşılaşdıqları hüquqpozmaları aradan qaldırmaq mümkün olmayıb. Qadınlar işləməkdə kişilərlə eyni hüquqa malik olsalar da, bəzən onların bu hüquqları müxtəlif əngəllərlə pozulur.
Qadınların işləmək hüququnun pozulmasına əsasən özəl sektorda daha çox rast gəlinir. Hətta elə hallar olur ki, qanunvericilik belə onların pozulan hüquqlarının bərpasına kömək edə bilmir. İşinin öhdəsindən gəlsə də, qadın olmağı, əks cinsin nümayəndələri tərəfindən seksual qısnamaya məruz qalmaları onları çarəsiz işdən uzaqlaşmaq məcburiyyətində qoyur. Mentalitetin, ictimai qınağın yaradacağı söz-söhbətlərdən narahat olan qadınlar bu məsələnin üstünü açıb-ağartmadan iş yerləri ilə bəzən işlədikləri müddətin əmək haqqını tələb etmədən uzaqlaşamalı olurlar. Özəl sektorda sahibkarların işçi üzərində nəzarəti, əksər hallarda işçilərlə əmək müqaviləsi bağlamadan çalışdırması onların pozulmuş hüquqlarının bərpa olunmasında çətinliklər yaradır. İşdən qovulduqlarının səbəbini ailələrindən belə gizlətməyə çalışan qadınlar bu zaman pozulmuş hüquqlarının müdafiəsi üçün vəkil tuta bilmək, hüquqlarını tələb etməklə yanaşı, onu seksual qısnamaya qoyan sahibkara dava aça bilmir. Bəzən isə belə hallar qadınların cinsi istismarına belə gətirib çıxardır. İşini itirməklə ailəsinin çətin duruma düşəcəyini görən qadınlar edilən təklifə "hə" demək məcburiyyətində qalırlar. Qadın Hüquqlarının qorunması ilə məşğul olan beynəlxalq təşkilatlar qadınların iş yerlərində seksual qısnamaya məruz qalmasının qarşısının alınması üçün əmək hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatları ayağa qalxmağa çağırır. Artıq dünyanın inkişaf etmiş ölkələrində işdə seksual təyziqlə üzləşən qadınlara qanunvericiliklə həmin faktı gizli lentə alıb hüquq mühafizə orqanlarına təqdim etməyə də icazə verilir. Hüquqşunaslar isə Azərbaycanda bunun qanunla qadağan olunduğunu söyləyirlər.
Hüquqşunas Zülfiyyə Bayramova deyir ki, Mülki Prosessual Məcəllədəki boşluqdan irəli gəldiyini söyləyir. Hüquqşunas deyir ki, "Gender bərabərliyinin təminatları haqqında" qanunun 11-ci maddəsi ilə, "Mülki Prosessual Məcəllə" nin 95.2 maddəsi ziddiyət təşkil edir: " "Gender bərabərliyinin təminatları Haqqında" qanunun 11-ci maddəsində deyilir ki, seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiq yolverilməzdir. Bu maddəyə görə, seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər. Amma indi elə bir vəziyyət yaranıb ki, seksual qısnamaya məruz qalan qadın onu cinsi əlaqəyə təhrik edən işəgötürəndən şikayət belə edə bilmir. Çünki yaxşı bilir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Təcrübə göstərir ki, hətta bunun üçün məhkəməyə müraciət etmək istəyən qadınlar da «ziyanın yarısından da qayıtmaq xeyirlidir" deyib fikirlərindən vaz keçirlər. Əsas səbəb qadınların iş yerlərində seksual qısnamaya məruz qaldıqlarını sübut edə bilməmələridir. Qadın onun işəgötürən tərəfindən cinsi əlaqəyə təhrik edildiyini məhkəmədə sübut etmək üçün ən azı bu barədə təklifi səsyazan qurğuya qeydə almalıdır. Amma digər tərəfdən Mülki Prosessual Məcəllənin 95.2. maddəsi gizli yolla yazılmış səs və video yazını sübut kimi qəbul etmir. Bu zaman sual yaranır ki, qadın seksual qısnamaya məruz qaldığını məhkəmədə necə sübut etməlidir? Əlbəttə, sual cavabsız qalır. Çünki Mülki Prosessual Məcəllənin 95.2 maddəsində bildirilir ki, qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. İki qanunun arasındakı bu ziddiyyət, "Gender bərabərliyinin təminatları haqqında" qanunun 11-ci maddəsinin işləməsinə imkan vermir. Belə çıxır ki, "Gender bərabərliyinin təminatları haqqında" qanununun qəbulunun heç bir əhəmiyyəti yoxdur".
Z. Bayramovanın sözlərinə görə, bu səbəbdən də cinsi əlaqəyə təhriklə bağlı cinayətlər qeydə alınmamış qalır: "Mənim təcrübəmdə hələ indiyədək belə bir hal olmayıb ki, hər hansı qadın seksual qısnama ilə bağlı məhkəməyə müraciət etsin. Çünki əllərində kifayət qədər tutarlı faktları olmur".
Vəkil deyir ki, nəzərə alınmalıdır ki, seksual qısnamada söhbət iki adamın arasında gedir: «Qadın belə halda kimi inandıra bilər ki, işəgötürən onu cinsi əlaqəyə təhrik etdi. Belə çıxır ki, həmin qadın bu barədə hüquq mühafizə orqanına məlumat verməlidir. Hüquq mühafizə orqanı orada dinləmə vasitəsi qurmalı, videoçəkiliş aparmalıdır. Bunun real olmadığı, praktiki baxımdan mümkünsüzlüyünü hər kəs çox yaxşı bilir. Ona görə də, mütləq qanunla səs yazmanın, video çəkiliş aparmanın özbaşına əməliyyat tədbiri hesab olunması mütləq aradan qaldırılmalıdır".
Vəkil bildirir ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində gender bərabərliyi belə məhdudlaşdırılmır. Z. Bayramova deyir ki, qonşu Rusiyada belə, qanun seksual qısnamaya məruz qalan qadına ona bu təklifi edənin səsini yazıb məhkəmədə ifşa etməyə imkan verir: «Şərt "Gender bərabərliyinin təminatları haqqında" qanunu qəbul etmək deyil. Qanun həm də elə yazılmalıdı ki, icra mexanizmi işləyə bilsin. Amma bizdə qanun qəbul olunur, icrası isə praktiki baxımdan mümkün olmur. Bu bir daha adına ləkə düşməsindən ehtiyatlanan, seksual qısnamaya məruz qalan Azərbaycan qadınının hüququnu məhdudlaşdırır. Çünki seksual qısnamaya məruz qalan qadınların çoxu ailələrinin dağılmaması, yaxınlarının bu işdən xəbər tutmaması üçün məsələni açıb-ağartmırlar".
Elə ekspertlər də bunun nəticəsində son illər iş yerlərində qadınların cinsi əlaqəyə təhrik edilməsi hallarına tez-tez rast gəlindiyini söyləyirlər. "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, cinsi əlaqəyə təhrik edilənlərin iş yerləri isə müxtəlifdir: "Onların arasında daha cox özəl sektorda çalışanlardı. Əgər cinsi əlaqəyə təhrik edilən qadın təklifi qəbul etmirsə, ən yaxşı halda iş yerini itirməli olur".
M. Zeynalovun sözlərinə görə, əksər hallarda seksual qısnamaya məruz qalan qadınlar işlə imtahana çəkilirlər. Onların qarşısında konkret şərt qoyulur: "Ya təklifi qəbul etməlisən, yaxudda işdən qovulursan".
M. Zeynalova deyir ki, gənc qızları işə götürənlər əsasən qızın xarici görkəminə önəm verir. Onu işə götürdükdən az sonra isə həmin xanıma cinsi münasibətdə olmağı təklif edir. "Gender bərabərliyinin təminatları haqqında" qanunla işəgötürənin işçini seksual qısnamaya məruz qoyması qadağan edilsə də, belə hallar adi hal alıb".
Ekspertlərin sözlərinə görə, belə hallarda cox az sayda xanım öz hüququnu müdafiə edir. Ya işəgötürənin təklifi ilə razılaşır, ya da işdən cıxmaq barədə ərizəsini yazmalı olur.
Mehriban Zeynalova müraciət edənlərin çoxunun onların cinsi əlaqəyə təhrik edilməsi barədə yaxınlarının xəbər tutmasından ehtiyatlandıqlarını təsdiqləyir. Onun sözlərinə görə, mentalitetin belə faktların üzə çıxmamasında rolu böyükdür. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da sübutetmə faktının olmamasının işdə seksual qısnama hallarının artmasına gətirib çıxardığını söyləyir. Deyir ki, özəl qurumların əksəriyyətində qanunsuz işdən çıxarılmanın səbəbi cinsi əlaqəyə təhrikedilmə olur: "Dövlət müəssisələrində qadınlar əmək müqaviləsinə imza atdıqlarından, belə hallara az təsadüf olunur. Amma özəl müəssisələrdə əksər qadınlar müqaviləsiz işləyirlər. Ona görə də özəl qurumlarda dövlət orqanlarına nisbətən daha çox problem yaşanır. Belə hallarla bağlı bizə də müraciətlər olur. Özəl qurumların əksəriyyətində qanunsuz işdən çıxarılmanın səbəbi cinsi əlaqəyə təhrikedilmə olur".
Digər Xəbərlər
2024-12-25 23:55:58
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48