Azərbaycan gəncliyinin siyasi mədəniyyət səviyyəsinin artırılması üçün prioritet məqamlar
10:02 03-02-2015
SİYASƏT
Azərbaycan gəncliyinin siyasi mədəniyyət
səviyyəsinin artırılması üçün prioritet məqamlar
"Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva buna görə dəfələrlə bəyan edib ki, biz inteqrasiyanın tərəfdarıyıq. Amma milli dəyərlərimizi, genefodumuzu, milli kodlarımızı qorumalıyıq".
Bu gün Azərbaycan gəncliyinin siyasi maarifləndirilməsi, öz hüquq və azadlıqlarını dərk etmələri,siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi vacib məsələlərdən biridir. Bununla bağlı "azxəbər.com" saytının baş direktoru Əfsələddin Ağalarovun "Unikal"a verdiyi müsahibəni təqdim edirik.
- Bu gün mediada gənclərin maarifləndirilməsi işi qane edicidirmi?
- Bu gün Azərbaycanda gənclərlə bağlı müxtəlif dövlət proqramları həyata keçirilir. Sonuncu bu cür proqram cənab prezident İlham Əliyev tərəfindən qəbul edildi. Bununla da, Azərbaycan gənclərinin 2015-2025-ci il dövlət proqramı qəbul edildi. Düşünürəm ki, bu gün media dövlət gənclər siyasətinin təbliğ edilməsində çox mühüm rola malikdir. Ən önəmlisi isə mətbuat bu sahənin inkişafında daha çox maraqlı olmalıdır. Çünki bu gün elə gənclər var ki, onlar haqqında mediada dərc olunan, yayılan hər hansı bir xəbər, müsahibə həmin gənclər üçün stimul rolunu oynayır. Şəxsən mən özüm bunun şahidi olmuşam. Elə gənclər var ki, onlar hər hansı bir fəaliyyətlərinin mətbuat səhifələrində yayımlanmasından daha da həvəslənib öz potensialından daha artıq nələrsə etməyə çalısırlar. Məncə bu diqqət və qayğını jurnalistlərimiz nəzərdən qaçırmamalıdırlar. Bununla yanaşı hesab edirəm ki, media orqanları xəbər daşıyıcısı rolunu oynamaqla yanaşı, həm də maarifləndirməyə önəm verməlidir. Şəxsən biz öz saytımızda gənclərin maarifləndirilməsi üçün zaman-zaman layihələr həyata keçiririk ki, bu da bir tərəfdən maarifləndirmə vəzifəsini daşıyır həm də saytımızla gənclər arasında bir körpü rolunu oynayır.Bunu da əlavə edim ki, siyasi maarifləndirmə əslində vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması deməkdir. Buna görə məsələyə kompleks yanaşma olmalıdır.
- Gənclərin siyasi maarifləndirilməsi üçün hansı addımlar atılmalıdır?
- Ümumiyyətlə, siyasi dəyərlərə yiyələnmək üçün hər bir gənc öz ətrafında baş verənləri, ölkəsində baş verənləri doğru təhlil etməyi bacarmalıdır. Bu təhlil qabiliyyəti bəzilərində güclü, bəzilərində zəif ola bilər. Ancaq spekuliyasiyalara aldanmamaq, doğru və məntiqli düşünmək üçün məncə hər bir gənc öz fikirlərini əsaslandırmagı bacarmalıdır. Baxın, bu gün Azərbaycanda gənclərin bir çoxu müxtəlif siyasi partiyaların üzvləridir. Onların mütləq əksəriyyəti partiya üzvü deyil. Mən partiya üzvü olmayan, hər hansı siyasi xətti dəstəkləməyən gənclər tanıyıram ki, onların düşüncələri partiya üzvü olan, siyasi ədəbsizlikləri (həyasızlığı) ilə cəmiyyətdə səs salan gənclərdən daha dəyərlidirlər. Onların analitik qabiliyyəti, proseslərə olan dərin yanaşma tərzi əvəzolunmazdır. Onu da deyim ki, bu gün Azərbaycanda gənclərin siyasi maarifləndirilməsi istiqamətində müxtəlif QHT-lər layihələr keçirir. Yəni bununla demək istəyirəm ki, hazırda Azərbaycanda akademist ruhlu elə gənclərimiz var ki, onların fəaliyyəti diqqəti cəlb edir və bu insanlara dövlət tərəfindən də xüsusi diqqət ayrılır. Bir maraqlı məqamı da deyim ki, cənab prezident İlham Əliyev bu cür gənclərin böyük hissisinə prezident təqaüdü verib. Qeyd edim ki, məhz prezident təqaüdünün gənclərə verilməsi əslində bu insanların sosial və siyasi fəallığını artıran vacib məqamdır.
- Bu gün gəncliyin müəyyən təbəqəsi var ki, öz hüquq və azadlıqlarının nədən ibarət olduğunu belə bilmir. Bunun üçün hansı addımlar atılmalıdır?
- İsa peygəmbərə sual verirlər ki, sən bir ölünü dirildən peyğəmbərsən. De görək nəyi bacarmırsan? O isə cavabında deyir ki, mən düşüncəsiz insanı düşünən insan edə bilmərəm. Həqiqətən də bu bir reallıqdır ki, cəmiyyətimizdə öz fikri olmayan, hüquqlarını, vəzifələrini, hətta həyatdan nə istədiklərini belə bilməyən gənclərimiz var. Təbii ki, cəmiyyət tək onun intellektual kəsimindən ibarət deyil. Cəmiyyətdə həm də öyrənmək istəyən, özünü dərk etməsini gözləyən kəsim də var. Təbii ki, bunun digər səbəbi təhsildə olan problemlərdir. Ancaq bunun ən başlıca səbəbi subyektlərin izləridir. Yəni, İsa peyğəmbərin dediyi kimi. Ölünü özü istəməsə belə diriltmək olar, ancaq düşüncəsizi özü istəməsə, düşüncəli etmək olmaz.Buna görə hesab edirəm ki, cəmiyyətin bütün təbəqəsindən ən effektli nəticəni gözləmək düzgün deyil. Belə olsaydı onda dünyada nə cahillik, nə oğurluq, nə də tüfeylilik olardı. Dünyanın ən inkişaf etmiş ölkəsində belə yuxarıda dediyimiz problemləri görmək mümkündür.
- Gənclərlə bağlı bu gün dövlətin həyata keçirdiyi proqramlar nə qədər qane edicidir?
- Əvvəldə də qeyd etdiyim kimi, bu proqramlar müxtəlif fəaliyyət növü ilə məşğul olan gənclərin inkisafına, onların problemlərinin həllinə istiqamətlənib. Mən sonuncu gənclər proqramının mətbuatda yayımlanan hissəsi ilə tanış olmuşam. Dogrudan da, dəqiq və məntiqi ardıcıllıq gozlənərək hazırlanıb. Bunu da deyim ki, uzun illər yalnız Bakıda yaşayan gənclər diqqət mərkəzində saxlanılırdılarsa, bu gün əyalətlərə xüsusi diqqət ayrılır və gənclərin maarifləndirilməsi, asudə vaxtlarını yaxşı keçirtmələri üçün də şərait yaradılıb. Bir maraqlı faktı da unutmayaq ki, son iki ildə ali məktəbə qəbul olunmaq üçün 700 balı toplayanların böyük hissəsi əyalətdə yaşayan gənclərdir. Bu isə sübut edir ki, bölgələrdə gənclərin inkişafı üçün hər tərəfli imkanlar yaradılıb və bütün bunlar dövlətin həyata keçirtdiyi gənclər siyasəti ilə bir başa əlaqədardır.
- Gənclərin seçmək və seçilmək hüququ məlumdur. Bəs, gənclər bu hüquqdan necə yararlana bilir?
- Düşünürəm seçmək və seçilmək hüququ gənc kəsimin deyil, bütün vətəndaşların birbaşa konstitusion hüququdur. Ancaq o da bir gerçəklikdir ki, hər kəs gözəl anlayır ki, bu gün gənclər arasında seçkilərlə bağlı geniş maarifləndirmə işləri aparılır. Mən özüm bəzi QHT-lərin hətta bölgələrdə maarifləndirmə işlərini həyata keçirdiklərini, bu sahənin təkmilləşdirilməsi və seçki proseslərində gənclərin aktiv iştirakı üçün təlimlərin həyata keçirildiyinin şahidi olmuşam. Hər halda seçkinin mahiyyətini hər kəsə anlatmaq mətbuatın başlıca borcudur. Bunu da unutmayaq ki, son bələdiyyə seçkilərində namizəd olaraq iştirak edən vətəndaşların böyük əksəriyyəti gənclər idi. Həmçinin bu günkü parlamentin tərkibinə baxsaq görərik ki, xeyli sayda gənc var. Yeri gəlmişkən bunu da xüsusi olaraq qeyd edim ki, bu gün dövlət idarəetmədə gənclərə xüsusi yer ayırır. Hazırda 25-35 yaş arasında nazir müavini, icra hakimiyyəti başçısının müavini statusunda gənclərimiz var. Çünki hakimiyyət bu gün gənclərə belə mühit yaradır və bununlada gənclərin öz hüquqlarının müdafiəsində aktiv iştirakçı olmaq şansı tanıyır.
- Azərbaycan gəncliyi ilə Qərb gəncliyinin hüquq və azadlıqlarında bir fərq yoxdursa, nədən bizim gənclik hardasa passiv görünür?
- Keçənlərdə facebook sosial şəbəkəsində maraqlı bir status gördüm. Məncə bu hardasa bu suala cavab ola biləcək status idi. Əgər biz avropalı olmaq istəyiriksə, o zaman yerə tüpürməməli, yolu keçəndə işıqforun qırmızı və ya yaşıl işıqlarının tələblərinə əməl etməli, yerə zibil atmamalı və buna bənzər kiçik, amma bizim cəmiyyət üçün artıq qaysaq bağlamış vərdişlərimizdən əl çəkməliyik. Bu zaman biz də avropalılar kimi düşünməyə başlayacağıq. Avropalı kimi düşündüyümüz zaman isə onlar kimi hüquqlarımızı və vəzifələrimizi formalaşdırıb bu modelə əməl edən bir ölkəyə çevrilə bilərik. Bunlar olmayan təqdirdə, insanlarımızın liberal düşüncəsinin formalaşmamasının qarşılığında biz gənclərimizdən avropalı olmağı gözləyə bilmərik. Ən acınacaqlısı isə budur ki, hazırkı, müasir Avropa elə Şərq, Azərbaycan mədəniyyəti, fəlsəfəsi ilə formalaşıb. Amma özümüz bir sıra dəyərlərimizi unutmağa meyl edirik. Nəticə isə göz qabağındadır. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva buna görə dəfələrlə bəyan edib ki, biz inteqrasiyanın tərəfdarıyıq. Amma milli dəyərlərimizi, genefodumuzu, milli kodlarımızı qorumalıyıq. Biz nə qədər ki, milli kodlarımızdan uzaqda durmağa həvəs göstəririksə belə də mühit olacaq. Amma inanıram ki, hazırda Azərbaycanda gəncliyin oyanış mərhələsi yaşanır və mənfi vərdişlərin hamısı arxada qalacaq. Dünənə qədər Azərbaycan gəncliyi Azərbaycandan kənara çıxa bilmirdisə bu gün Azərbaycan gəncliyi dünyanın ən məhşur universitetlərində nəinki oxuyurlar, hətta müəllim kimi, aparıcı mütəxəssis kimi fəaliyyət göstərirlər. Bütün bunlar isə bir daha təsdiqləyir ki, Azərbaycan gəncliyi həm öz hüquq və azadlıqlarını lazımi qədər dəyərləndirə bilir, həm də gəncliyimizdə bir universallaşma prosesi gedir. Deməli ümidli olmaq vacibdir.
- Gənclər bu gün QHT-lərin formalaşmasında necə iştirak edir?
- Demək olar ki, bu gün QHT işini irəli aparan gənclərdir. Bu reallığı danmaq olmaz. Həm könüllülərin formalaşması və könüllü anlayışının normal qarşılanması QHT işinin birbaşa inkişafina təkan verir. Nəzərə almaq lazımdır ki, yaşı 30-dan yuxarı olan heç kim QHT-lərdə və onların həyata keçirdikləri müxtəlif layihələrdə könüllü kimi iştirak etməz. Buna görə də, gənclər bu işin də öhdəsindən məharətlə gəlir və gəlməyə də davam edəcəkdir.
Digər Xəbərlər
2024-12-25 23:55:58
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48