Azərbaycanda siyasi mədəniyyətin inkişafında yeni mərhələ başlayıb
09:55 07-02-2015
SİYASƏT
Azərbaycanda siyasi mədəniyyətin inkişafında yeni mərhələ başlayıb
Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsas əlamətlərindən biri insanlarda siyasi mədəniyyətin tərbiyə edilməsidir. Ölkədə baş verən siyasi proseslərdə vətəndaşların iştirakı, istər iqtidar, istərsə də müxalif partiyalarda sadə vətəndaşların üzv olması Azərbaycanda vətəndaşlar arasında siyasi mədəniyyətin formalaşmasından xəbər verir.
Elə ölkədə keçirilən seçkilərdə vətəndaşların fəal iştirakı da insanların ictimai-siyasi proseslərə qatılmaqda maraqlı olmasından, sadə vətəndaşların bu proseslərdən geridə qalmadığını təsdiqləyir. Amma elə sahələr var ki, vətəndaşların həmin sahələrdə hələ də yoxluğu, passivliyi ölkədə sadə vətəndaşların siyasi mədəniyyətinin formalaşmasında problemlərin olduğundan xəbər verir. Xarici ölkələrdə sadə vətəndaşların siyasi debatlarda iştirakı, fikirə münasibət bildirməsi adi qəbul olunduğu halda, Azərbaycanda belə insanlarla tək-tək hallarda qarşılaşmaq mümkündür. Elə efirlərdə də siyasi mövzularla bağlı tok-şouların təşkili, istər müxalif, istər iqtidar cəbhəsindən təmsilçiliyin olmaması sadə vətəndaşlarda siyasi mədəniyyətin aşılanmasında, formalaşmasında təsirsiz ötüşmür. Bununla belə sosioloqlar, politoloqlar ölkədə əvvəlki illərlə müqayisədə siyasi mədəni səviyyənin yüksəldiyi fikrindədirlər. Hətta müxalif cəbhələrin təmsilçilərinin diskusiya və müxtəlif siyasi müzakirələrdə normal aparması, məğlubiyyəti belə mədəni səviyyədə qarşılaması alqışlanan hal kimi qəbul olunur. Əgər 15-20 il bundan öncə müxalif cəbhənin təmsilçilərinin hakim partiyanın seçkidəki uğurlarına siyasi dözümsüzlük vardısa, artıq onların seçkidən qalib çıxan rəqib partiya üzvünü təbrik belə etməsi siyasi mədəniyyətin formalaşmasının təzahürü kimi qəbul olunur.
Ekspertlərin qənaətinə görə, hazırda sadə vətəndaşlar arasında gənclikdə yüksək siyasi mədəni səviyyə hiss olunur. Gənclər ictimai-siyasi proseslərə qatılır, həmin prosesləri izləyir, vətəndaş mövqeyi ortaya qoyaraq fəallıq nümayiş etdirirlər. Amma bununla belə ölkədə sadə vətəndaşlar arasında siyasi aktivliyin aşılanması, siyasi mədəniyyətin formalaşmasına müəyyən qədər dəstəyin olması vacibdir. Bu gün ölkədə vətəndaş cəmiyyəti institutlarının sayının günü-gündən artması, ölkədə sadə vətəndaşlar arasında siyasi mədəniyyətin səviyyəsinin artmasından xəbər verir. Belə bir deyim var ki, vətəndaş cəmiyyəti bir ideya kimi siyasi mədəniyyət çərçivəsində formalaşıb. Ölkəmizdə siyasi sistem və vətəndaş cəmiyyəti özündə yetkin siyasi mədəniyyəti əks etdirir ki, siyasi mədəniyyətin formal olması da insanların sosiallaşması yolu ilə həyata keçirilir. Millət vəkillərinin isə ölkəmizdə vətəndaşların siyasi mədəniyyət səviyyəsi ilə bağlı fikirləri müxtəlifdir.
"Unikal" qəzetinə danışan millət vəkili Asim Mollazadə deyir ki, postsovet məkanında yaşamış bir ölkə kimi Azərbaycanda vətəndaşların siyasi mədəniyyətinin formalaşma və inkişafına böyük ehtiyac var. Onun sözlərinə görə, Azərbaycan gənc ölkədir və təbii olaraq mədəniyyət ölkəmiz üçün mühüm amildir: "Söhbət sadəcə siyasi mədəniyyətdən getmir. Məişət mədəniyyətindən başlayaraq mədəniyyətin geniş anlamda inkişafı üçün çox işlər görülməlidir. Bunun üçün də təhsilin, mədəniyyətin inkişafı ən əsas amildir".
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə deyir ki, cəmiyyət fərdlərin cəmidir. Onun sözlərinə görə, insanın şəxsiyyət kimi formalaşması cəmiyyətlə fərdi münasibətlərinin nəticəsidir: "Bu nöqteyi-nəzərdən onu cəmiyyətin toplum halında dövlət və siyasi proseslərə münasibətinin məcmusu kimi xarakterizə etmək olar. Bir sözlə insan sosial varlıqdır, cəmiyyətdən təcrid ola bilməz. Dövlət cəmiyyətdə siyasəti müəyyən edən ən böyük amildir. Azərbaycanda vətəndaşların siyasi mədəniyyəti siyasətçi olaraq məni qane etmir. Siyasi nöqteyi-nəzərdən passivlik mövcuddur. Azərbaycanın problemlərinə laqeydlik var. Sadəcə olaraq, son dövrlər yeganə Qarabağ məsələsində dövlətin apardığı siyasətlə bağlı olaraq ümidlər müəyyən qədər artıb. İnsanlarda bu məsələdə müəyyən ümid yaranır ki, dövlətimiz cəmiyyət tərəfindən dəstəklənir. İnsanlar vətən üçün şəhid olmağa da hazırdırlar. Amma proporsional seçkinin ləğvi partiyaların cəmiyyətə təsirini çox kiçiltdi. İstər liderlərin şəxsində, istər partiya kimi cəmiyyətə onların təsiri yox dərəcəsindədir. Siyasi ideologiyanın zəifliyi də bizləri qane etmir".
ELS Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova deyir ki, sosioloji sorğular göstərir ki, ölkə əhalisi siyasi sistemə münasibətdə olduqca informativ və aktivdir: "Siyasi sistemin sabitliyinə və davamlılığına xalqın rəyi dəyişilməzdir. Hər hansı məmurun korrupsiya fəaliyyətindən əziyyət çəkdiyini bildirən respondent Azərbaycan Prezidentinin bu halları yoluna qoyacağına qətiyyətlə inanır. Azərbaycanda siyasi mədəniyyətin formalaşması həm də cəmiyyətin siyasi cəhətdən yeniləşməsi səviyyəsi ilə ölçülməlidir. Müasir Azərbaycanın sosial-siyasi həyatında əsaslı islahatlar həyata keçirilməkdə və ölkə müasirlik yolunda böyük uğurlar əldə etməkdədir. 2008-ci ilin prezident seçkiləri bu siyasi mədəniyyətin nəticəsi olaraq xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan seçicisinin öz namizədini seçməkdə yüksək aktivlik göstərməsi seçkilərin insidentsiz başa çatması, hətta müxalifət elektoratının müəyyən qisminin seçki zamanı hakim partiyanın namizədi lehinə səs verməsi Azərbaycanın siyasi mədəniyyət tarixinin yeni səhifəsi kimi yadda qaldı. Azərbaycanda daha davamlı siyasi mədəniyyətin formalaşması həm ölkəmiz, eləcə də, region üçün böyük müsbət əhəmiyyətli proseslərin başlanğıcıdır. Azərbaycanın dövlət rəmzlərinin qorunmasının konstitusiyaya edilən əlavə və dəyişikliklərlə, referendum yolu ilə qəbul olunması da ölkəmizdə siyasi mədəniyyətin inkişafında yeni mərhələnin göstəricisidir. Prezident və məmur münasibətlərində dövlət başçısı İlham Əliyevin yeni davranış normalarının formalaşmasına önəm verməsi ölkədə demokratik siyasi mədəniyyətin inkişafına şərait yaradır. Aparılan tədqiqatlar sübut edir ki Azərbaycan Prezidenti İlham Əliyevin müasir Azərbaycanın siyasi mədəniyyətinin geniş vüsət almasında böyük rolu var".
Bəzi partiya sədrləri sadə vətəndaşların siyasi mədəniyyət səviyyəsindən narazı olsalar da, apardığımız sorğu göstərdi ki, sadə vətəndaşlar ölkədə gedən siyasi proseslərdən, dövlət başçısının xüsusilə Dağlıq Qarabağla bağlı yürütdüyü siyasəti izləyirlər. Məsələn, Bakı sakini Mübariz Osmalı deyir ki, Azərbaycanda siyasi sabitlik var. Əhali mitinqlərə çağırışlar olsa da, öz istəyi ilə, mövcud siyasi vəziyyəti qiymətləndirərək hərəkət edir: "Artıq Azərbaycan müstəqil dövlətdir. Sadə vətəndaş olaraq dövlətimizin əsasən Dağlıq Qarabağla bağlı yürütdüyü siyasəti, görüşləri izləyirəm. Başqa siyasi məsələlər mənim üçün elə də maraqlı deyil. Bir də seçkilərdə aktiv iştirak edirəm. Fikrimcə sadə vətəndaş kimi mənim siyasi mədəni səviyyəm normal qəbul olunmalıdır. Çünki, bu yaxınlarda keçirilən bələdiyyə seçkilərinə də qatılmışam. Proses başa çatdıqdan sonra öz dairəmizdən kimlərin bu sistemdə təmsil olunduğunu öyrənmişəm. Yəni siyasi arealda sadə vətəndaşa nə lazımdırsa o qədər məlumatlıyam".
Digər həmsöhbətimiz Rəna Məmmədxanlı isə bu fikirdədir ki, sadə vətəndaşın siyasi mədəniyyət səviyyəsi paytaxt Bakı üçün arzuolunan səviyyədədir: "Bakıda sadə vətəndaşlar arasında siyasi partiyaları, onların rəhbərlərini tanıyan kifayət qədər sayda insan var. Amma regionlarda əhalinin siyasi mədəniyyət səviyyəsi elə də arzuolunan səviyyədə deyil. İnsanlar hətta Dağlıq Qarabağın azadlığı ilə bağlı nə işlər görüldüyünü, hökumətin hansı siyasət yürütdüyünü şəhərdən gedən insanlardan öyrənməyə çalışırlar. Bu onu göstərir ki, ölkənin siyasi həyatında baş verən hadisələr cəmiyyətə o qədər də lazımi səviyyədə çatdırılmır. Ucqar kəndlərdə insanlar qəzet oxumadıqlarından, KİV-də gedən materialları izləyə bilmədiklərindən ölkənin siyasi həyatından məlumatsız qalırlar. Ona görə də, KİV-də siyasi proseslər çox işıqlandırılmalıdır".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50