Azərbaycanın yeni baş ağrısı:
toplaşanları dəyişək, yoxsa cəmi?
Artıq uzun illərdir ki, Azərbaycanda ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılıq var. İyirmi ildən artıq müddətdə heç bir real nəticə ortaya qoymayan həmsədrləri zaman-zaman "turist" də adlandırırlar. Hakim Yeni Azərbaycan Partiyasının rəsmilərinin dilindən bu ifadə dəfələrlə səslənib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün vasitəçilik məsuliyyətini üzərinə götürən ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməlidirmi? Artıq uzun müddətdir ki, bu sual Azərbaycan cəmiyyətində müzakirə mövzusuna çevrilib. Bəzən Minsk formatından imtina etməyə çağırış edənlər də olur.
Bu günlərdə "Olaylar" agentliyinə açıqlama verən millət vəkili Azay Quliyev hesab edir ki, Minsk qrupu indiyə qədər Daqlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir təsirli tədbir görə bilməyib:
"Biz 20 ildir ki, ATƏT Minsk qrupunun həmsədr ölkələrinə öz iradımızı bildiririk. Təəssüflər olsun ki, bu tərkib heç bir məsələnin həllinə müsbət təsir etməyib. Ona görə hesab edirəm ki, artıq vaxtı gəlib çatıb ki, Azərbaycan rəsmi şəkildə Minsk qrupunun həmsədr ölkələrinin tərkibinə yenidən baxılması və genişləndirilməsi məsələsini müzakirəyə çıxarsın".
Lakin Minsk qrupuna alternativ olmadığı üçün həmin məsələ arxa plana keçir.
Minsk qrupunun tərkibinin dəyişdirilməsinin tərəfdarları Türkiyənin də həmsədr olmasını təklif edirlər. Bu yaxınlarda Almaniyanın da həmsədr olması məsələsi gündəmə gəlib.
Millət vəkili Zahid Oruc hesab edir ki, Türkiyə, Almaniya və bir sıra dövlətlər var ki, münaqişənin həllinə ciddi təsir göstərə bilərlər. Z.Oruc açıqlamasında deyib ki, ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi məsələsinin gündəmə gəlmə səbəbi həmsədrlərin bu məsələnin həllində heç bir uğur qazana bilməməsi ilə bağlıdır.
"Artıq bir çoxları məsələnin həlli üçün alternativ yollar axtarırlar. Bəziləri problemin BMT səviyyəsində həlli ehtimallarını irəli sürür, başqa biriləri isə ümumiyyətlə, bu təşkilatlardan imtina edərək hərb yolu ilə problemin həll olunmasını tələb edirlər. Ancaq Minsk qrupunun formatının dəyişdirilməsi nə qədər zəruri olsa da, bir o qədər də çətin məsələdir. Mənim fikrimcə, format dəyişikliyi olsa belə, məsələnin həlli məsələsində heç bir nailiyyət əldə olunmayacaq. Artıq Azərbaycan daha fərqli bir yol seçib. Bu yol münaqişənin iqtisadi, siyasi, diplomatik həlli müstəvisindədir".
"O olmasın, bu olsun?"
Danışıqların dalana dirənməsinin səbəbkarı doğrudanmı ATƏT-in Minsk qrupunun indiki tərkibidir? ATƏT-in Minsk qrupunun formalaşmasında şəxsən iştirak edən politoloq və millət vəkili Rasim Musabəyov tərkibin dəyişməsində və ya genişlənməsində heç bir fayda görmür.
Onun sözlərinə görə, tərəflər danışıqların detallarını müzakirə etməkdənsə, nəticəsiz prosedur mübahisələri edirlər. Digər tərəfdən isə həmsədrlərin sırasına Türkiyə və Almaniyanın da əlavə edilməsi ilə 5-ə çatdırılması üçün ciddi arqument yoxdur.
İlkin vaxtlar Minsk qrupunun bir sədri var idi - İtaliyanın xarici işlər naziri. Sonradan sədrlik İsveç və Finlandiyaya keçdi. Rusiyanın münaqişədəki xüsusi rolu nəzərə alınaraq qərar qəbul edildi ki, şimal qonşumuz ATƏT-in Minsk qrupunun həmsədri olsun. Azərbaycanın arzularına zidd olaraq, Almaniya əvəzinə Fransa da həmsədr oldu. Bundan sonra kompromis olaraq həmsədrlərin tərkibinə ABŞ da daxil edildi.
Göründüyü kimi, tərkibin dəyişdirilməsi heç bir fayda verməyib. Bundan sonra da ciddi faydasının olacağı real deyil.
Cəbhədə silahlar susmur
ATƏT-in Minsk qrupunun tərkibinin müzakirə edildiyi bir zamanda cəbhədə silahlar susmur. Hər gün qoşunların təmas xəttində növbəti dəfə atəşkəsin pozulması xəbəri yayılır. Zaman-zaman lokal qanlı toqquşmalar da baş verir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin elə bu gün yaydığı məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 67 dəfə pozaraq mövqelərimizi intensiv atəşə tutub.
Dünya gücləri Suriya, İŞİD, Ukrayna böhranlarının olduğu bir zamanda Qarabağ problemini bəzən ikinci plana salırlar. Ancaq hər gün cəbhədə baş verən toqquşmalar göstərir ki, bu hər an irimiqyaslı hərbi qarşıdurmaya çevrilə bilər. Çünki işğalçı tutduğu torpaqlardan geri çəkilmək niyyətində deyil. Azərbaycan da öz torpaqlarını erməniyə peşkəş etmək fikrindən uzaqdır. ATƏT-in Minsk qrupunun hazırkı və ya fərqli tərkibi tez bir zamanda real addımlar atmazsa, Cənubi Qafqazda bütün dünyanı silkələyəcək müharibə başlaya bilər. Çünki indi şərtlər çox dəyişib. Artıq Azərbaycandakı vəziyyət 1990-cı illərdəkindən çox fərqlidir. Avopanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır.
Sözsüz ki, yeni müharibədə Azərbaycan sovetdən qalmış atmayan kalaşnikovlardan istifadə etməyəcək. Bu dəfə daha müasir hərbi texnikalar meydana girəcək. Bütün bunlar barədə ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər daha ciddi düşünsələr, pis olmaz. Tək Cənubi Qafqazın deyil, özlərinin də rifahı üçün bunu etməlidirlər...
Teymur Hacıyev
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35