Avropada yaşayan azərbaycanlıların siyasi aktivliyi üçün nələr etməli?
09:22 11-02-2015
SİYASƏT
Avropada yaşayan azərbaycanlıların siyasi aktivliyi üçün nələr etməli?
Vüqar Abbasov: "İslama nifrət yaratmaqla dindən uzaqlaşmış bir çox insanı yenidən dinə, xristian dininə geri döndərməyə çalışırlar. Bilirsiz, siyasilər dini həmişə özləri üçün bir alət kimi istifadə ediblər".
Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların siyasi və sosial fəallığının artırılması bir dövlət proqramına çevrilib və demək olar ki, bu istiqamətdə sistemli işlər həyata keçirilir. Elə bu günlərdə Milli Məclisi İnsan hüquqları komitəsində "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsi müzakirəyə çıxarılması da insan hüquq və azadlıqlarına verilən dəyərdir. Belə ki, komitə sədri Rəbiyyət Aslanova layihə barədə danışarkən bildirib ki, bu, vətəndaşların problemləri ilə bağlı yuxarı orqanlara müraciət etməsini asanlaşdıracaq.
Onun sözlərinə görə, qanun qəbul olunacağı təqdirdə vətəndaşlar müraciətləri əsasında üzləşdiyi problemin aradan qaldırılması, yuxarı orqanları məlumatlandırmaqla informasiya vermə, bu və ya digər məsələ ilə bağlı təşəbbüskar olma funksiyalarının yerinə yetirilməsinə təkan verəcək: "Vətəndaşların müraciətləri ilə hər birimiz üzləşirik. Son illər prezident İlham Əliyevin də hər birimiz qarşısında qoyduğu ən mühüm tapşırıq və tələblərdən biri vətəndaşların müraciətlərinə baxılması, həmin müariciətlərin həllinə nail olunmasıdır.
Təsadüfi deyil ki, dövlət, icra strukturlarının rəhbərləri, nazirlər, komitə sədrləri də son vaxtlar bölgələrdə qəbul keçirir, vətəndaşları dinləyir və onların müraciətlərinin həllinə çalışırlar. Bu, demokratik cəmiyyət quruculuğu üçün ən vacib elementlərdən biridir.
Onu da nəzərinizə çatdırım ki, indiyə kimi bu məsələni 1997-ci ildə qəbul olunan "Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında" qanun tənzimləyirdi. Bu qanunun qəbulundan xeyli vaxt keçib və bu müddətdə cəmiyyətdə xeyli dəyişikliklər, müsbət irəliləyişlər baş verib".
Layihə barədə danışan deputat Cavanşir Paşazadə qeyd edib ki, şikayətlərin, müraciətlərin haqlı olub-olmaması məsələsi də araşdırılmalıdır: "Bizim köməkçilərimiz rayon məhkəmələrində iştirak etsə, məhkəmə qərarlarının haqlı olub-olmadığını müəyyən edə bilərlər. Bu baxımdan vətəndaşların məhkəmələrdən şikayətinin qərəzli olub-olmaması da müəyyənləşə bilər".
Deputat Yevda Abramov isə qeyd edib ki, müvafiq dövlət orqanları vətəndaşların şikayətlərini dinləməli və onlara heç bir əngəl yaratmamalıdır. Layihə müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub. Maraqlıdır, bəs Azərbaycandan kənarda, əsasən Avropada yaşayan azərbaycanlıların hüquq və azadlıqları necə təmin olunur və onların daha aktiv siyasətlə məşğul olmaları üçün nələr edilməlidir. Bildiyiniz kimi son illərə qədər ölkə xaricində yaşayan azərbaycanlılar kifayət qədər passiv idilər və bununla bağlı Azərbaycan dövləti müəyyən addımlar da atdı və diaspora təşkilatlarının inkişafı üçün münbit şərait yaradıldı. Bütün bunları nəzərə alaraq Azərbaycan və Niderland Jurnalistlər birliyinin uzvu, qaçqınlar idarəsində hüquqi yardımçı Vüqar Abbasovdan müsahibə aldıq. Müsahibəni təqdim edirik.
- Azərbaycandan kənarda, əsasən Avropada yaşayan azərbaycanlıların hüquq və azadlıqları lazımi şəkildə təmin olunurmu?
- İcazənizlə mən sizə konkret olaraq Niderlandda yaşayan soydaşlarımızdan danışım. Ancaq güman edirəm ki, Avropanın digər ölkələrində də bu məsələ bir o qədər fərqli deyil. Niderlandda bütün insanların hüquq və azadlıqları bərabər şəkildə təmin olunur. Əgər sən bu ölkədə yaşamaq izni almısansa artıq sənin hüquqların var və kimsə sənin bu hüquqlarını poza bilməz. Əgər vətəndaşlıq almısansa, sənin həm də seçib-seçilmək hüququn var və bir daha qeyd edirəm ki, bunu kimsə məhdudlaşdıra bilməz. Təbii ki, sən də özünü qanunlar çərçivəsində saxlamalısan. Bütün bu qeyd etdiklərim həm də soydaşlarımıza aiddir. Bəlkə də hardasa, kimsə tərəfindən, bilərəkdən, yaxud da bilməyərəkdən hansısa qanun pozuntusuna yol verilə bilər. Ancaq bunu həll etmək o qədər də çətin deyil. Bir şeyi xüsusi qeyd edim ki, Niderlannda vətəndaşlıq almaq üçün müəyyən kurslar keçib, imtahan verməli və nəhayət diplom almalısan ki, bu kurslar vaxtı sən Niderland haqqında bilgilərlə yanaşı yerli qanunları da öyrənirsən. Çəkinmədən deyərdim ki, bəzi soydaşlarımız vətənimizdə öz hüquqlarını o qədər bilmirdilər ki, burda öz hüquqlarını daha yaxşı öyrəniblər. Bu isə öz növbəsində maarifləndirmə ilə əlaqədardır. Bu iş burda olduqca yüksək səviyyədə həyata keçrilir.
- Son zamanlar Qərbdə bir islamafobiya genişlənir. Bu Avropada yaşayan azərbaycanlıların yaşam hüquqlarına hansısa formadsa təsir edirmi?.
- Bu qeyd etdikləriniz siyasət adamlarının, jurnalistlərin bizlərə, "adi adamlar"a ötürdükləri informasiyalar sayəsində formalaşıb. Sadə vətəndaşlarda bunu o qədər də çox hiss etmirsən. Ötən il yerli jurnalistlərin də iştirak etdiyi bir tədbirə qatılmışdım və orda söz alaraq bu barədə öz düşüncələrimi dedim. Dedim ki, nə üçün bir müddət öncə Norveçdə baş vermiş məlum terror hadisəsini təqdim edərkən bunu bir xristian dininə mənsub olanın etdiyini demədiniz? Nə üçün heç dinin adını da çəkmədiniz? Nə üçün bir müsəlman cahilinin törətdiklərini islam adına çıxırsız və mətbuat da bunu məhz "islam terrorçuları" kimi təqdim edir. Terrorçunun vətəni, dini olmaz. Onların əksəriyyəti də mənimlə razılaşdı. Sirr deyil ki, bütün bunlar böyük siyasi oyunlardır. Mənə elə gəlir ki, bu oyunlar həm hakimiyyət, enerji maraqları və.s. üçündür ki, bu da yeni bir söz deyil, məncə çoxlarımız belə düşünürük. Ancaq mən həm də düşünürəm ki, burda başqa məqsədlər də var. Məsələn, Avropada insanlarda dindən uzaqlaşmalar müşahidə olunmaqdadır. İslama nifrət yaratmaqla dindən uzaqlaşmış bir çox insanı yenidən dinə, xristiyan dininə geri döndərməyə çalışırlar. Bilirsiz, siyasilər dini həmişə özləri üçün bir alət kimi istifadə ediblər. Sizə bir fakt deyim. 1990 – cı ildə Belçikada aborta icazə verən qanun qəbul olunmalı idi və yerli qanuna görə kral buna imza atmalı idi. Kral isə dinə inandığına görə belə bir qanuna imza atmaq istəmirdi və o zamankı Belçika kralı Albert taxt-tacdan "əl çəkdi" və baş nazir Martens bu qanunu imzaladı. Nə üçün "əl çəkdi"yini xüsusi tonda vurğuladım? Ona görə ki, bu çox az bir müddət sürdü. Qanun imzalandı və kral yenidən öz vəzifəsini icra etməyə başladı. Qısası, kralın taxt-tacdan uzaqlaşması cəmi 36 saat çəkmişdi. Düşünürəm ki, nə demək istədiyim aydın oldu.
Sadə insanlarda isə, bayaq da qeyd etdiyim kimi, bunu çox müşahidə edə bilməzsən. Odur ki, soydaşlarımızın hansısa bu kimi problemlə üzləşdiyini eşitməmişəm və ümid edirəm ki, belə bir şey olmayacaq.
- Avropada yaşayn azərbaycanlıların siyasi və sosial fəaliyyətinin aktivləşməsi üçün nələr etmək lazımdır?
- Yaşadığın ölkədə aktiv siyasətlə məşğul ola bilmən üçün seçib-seçilmə hüququn olmalıdır. Bundan başqa isə yerli dili bilmən vacib şərtlərdəndir. Eləcə də maliyyə imkanların olmalıdır. Ayrı-ayrı şəxslər siyasətə qatılıb uğur qazana bilərlər. Bunun üçün illər lazımdır. Ancaq qrup olaraq bir işlər görmən üçün əlində müəyyən imkanların olmalıdır. Bir şey də var ki, soydaşlarımız Niderlandın müxtəlif yerlərində yaşayırlar. Yəni bizlər komakt halda yaşamırıq ki, bu da bəzən müəyyən çətinliklər yaradır. Ancaq ilk növbədə insanın özündə istək olmalıdır ki, bir işlər görəsən. İstək olandan sonra az-çox işlər görmək olur. Mən bunu şəxsi təcrübəmə görə deyirəm.
- Sivilizasiyaların toqquşmasından qaçmaq belə görünür ki, mümkün deyil. Sizcə belə olan halda Qərb sivilizasiyasına sığınmış Şərq sivilizasiyalarının daşıycıları hansı addımlar atmalıdır?
Məncə kimin harda yaşamasından, siz demişkən sığınmasından aslı olmayaraq, yaşadığın, sığındığın ölkənin qanunlarına hörmət etməlisən.Yerli adət-ənənəyə sayğı ilə yanaşmalısan. Təbii ki, öz adətlərini qoruyub saxlaya bilərsən, hətta mənə görə saxlamalısan da. Məsələn, mən niderlandlılar kimi geyinməli, onlar kimi yeməli və.s. deyiləm, belə bir məcburiyyətim yoxdur. Ancaq yerli dili, ən azından danışıq səviyyəsində bilməyimi vacib hesab edirəm. Niderlandlılar məndən özlərinə və adətlərinə qarşı hörmətsizlik görməli deyillər. Əmin olun ki, belə olduğu halda sadə vətəndaşlarla çox da problem yaşamazsan. Bəlkə də zaman gələcək ki, dövlətlər arasından sərhədlər qalxacaq, sivilizasiyalar bir-birinə qatışacaq, o zaman yaşamaq daha da asanlaşacaq, yaxud onda yaşamaq daha da çətin olar. Bu gün bütün bunlar fərziyyələrdir. Hazırkı durumda isə sadəcə bir-birinə hörmət olunmalı və bərabər yaşamağı bacarmalsan, hələlik ən vacib olan, bir-birimizdən gözlədiyimiz də budur.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35