Demokratik prinsiplərə söykənən qanunlarımız var və mütəmadi yenilənir
11:01 17-02-2015
SİYASƏT
Demokratik prinsiplərə söykənən
qanunlarımız var və mütəmadi yenilənir
Əli Cəfərov: "Əvvəlki illərə nisbətən idarəetmədə insan haqları ilə bağlı qəbul olunan qərərlar daha ədalətli və idarəetmədə təmkinlilik yaradır"
Azərbaycan Demokratik İslahatlar Partiyasının funksioneri, "Demokratiyanın və Milli Dəyərlərin Təbliği" İctimai Birliyinin sədri Əli Cəfərov "Unikal"a müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Əli bəy, Azərbaycanda insan haqlarının qorunması sahəsində vəziyyəti necə dəyərləndirirsiniz?
- Belə demək mümkünsə, zaman-zaman insan haqları ilə bağlı həm bizdə həm də digər postsovet dövlətlərində müəyyən problemlər olub və hal hazırda problemlər mövcud olaraq qalır. Keçid dövrünü yaşayan ölkələrdə bu hallar özünü daha qabarıq şəkildə büruzə verir. Bizdə istər insan haqları, istərsə də demokratiyanın digər prinsiplərini götürdükdə müəyyən çatışmamazlıqlar var və bunu heç zaman danmaq mümkün deyil. Bu da dediyim kimi, totalitar sovet rejimi dağılandan sonar yaranan bütün dövlətlərdə mövcuddur. Çünki biz müstəqil dövlət qurmağımıza baxmayaraq, hələ də idarəetmədə köhnə sovet sistemindən istifadə edirik. Əgər belə demək mümkünsə, hələ də bizim məmurlar və hüqüq-mühafizə orqanları yeni demokratik sistemə alışa bilmirlər. Mühafizəkar təbəqə yeniliyi qəbul etmək istəmir, eyni zamanda, üzərilərində calışmırlar. Bunun da yolu maariflənmədən keçir. Bizim qanunlarımıza baxdıqda mükəmməl, tam Avropa standartlarına uyğun olmasa da, demokratik prinsiplərə söykənən qanunlarımız var və mütəmadi olaraq, qanunlarımız yenilənir. Amma idarəetmədə köhnə təfəkkürlü məmurlar öz bildikləri kimi hərəkət edir, bəzən də sifarişli qərarlar qəbul edirlər. Amma bunu da xüsusi vurğulamaq istəyirəm ki, əvvəlki illərə nisbətən həm idarəetmədə, həm də insan haqları ilə bağlı qəbul olunan qərərlar daha ədalətli və idarə etmədə təmkinlilik mövcuddur.
- Azərbaycanda QHT sektorundakı vəziyyət barədə nə deyə bilərsiz?
- Qeyri hökümət təşkilatları, həmkarlar ittifaqları, fondlar və sair vətəndaş cəmiyyətinin elementləri demokratik cəmiyyətin formalaşmasında, insan haqlarının qorunmasında rolları əvəzedilməzdir. O ölkədə ki, demokratiya və insan haqlarına hörmət var, o ölkədə ki, məsələlər ədalətli həll olunur, o ölkədə ki, şah qanun deyil, qanun şahdır deməli, həmin ölkədə inkişaf var. Vətəndaş cəmiyyəti inkişaf etmiş ölkədə nə nazir, nə hüquq mühafizə orqanları nə də ki, rayon rəhbərləri qanunları pozmağa cəsarət edə bilməzlər. QHT cəmiyyətin normal inkişafını tənzimləyir, dövlətin müəyyən məsələlərə yersiz müdaxiləsinin qarşısını alır. Bir növ dövlətlə vətəndaş arasında tənzimləyici funksiyanı həyata keçirir. Bizdə əvvəlki illərə nisbətən QHT sektorunda müəyyən irəlilləyişlər var. Cəmiyyət və Dövlətimiz üçün önəmli məsələlərin müzakirəsində ictimaiyyət nümayəndələrinin cəlb edilməsi və həmin məsələlərin həll edilməsində QHT-lərin cəlb ediməsi kimi məsələləri müsbət addım kimi dəyərləndirmək olar. Eyni zamanda, QHT-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində uğurlu işlər dövlətin müsbət addımı kimi qiymətləndirilməlidir.
- Azərbaycan Respublikası Prezdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması və onun Azərbaycan cəmiyyətinə verdiyi töhvə haqqında nə deyə bilərsiniz?
- Bu çox müsbət addımdır ki, ölkə rəhbəri belə bir müsbət addım atıb. Şuranın yaradılması və Şura ilə QHT-lər arasında əlaqələrin qurulması bütövlükdə cəmiyyətimizin inkişafına və dövlətimizin möhkəmlənməsinə təsir edən elementlərdəndir. Əvvəllər QHT-lər belə demək mümkünsə, pərakəndə halda və əksər təşkilatlarımız ancaq beynəlxalq təşkilatların maliyyə yardımı ilə fəaliyyətlərini davam etdirirdilər. Bu da bilirsiniz ki, əksər hallarda milli QHT-lərin beynəlxalq qurumlardan asılılığına gətirib çıxarırdı. Beynəlxalq təşkilat və fondlar milli QHT-lərə bəzən biganə yanaşır eyni zamanda, onların maraqlarını ifadə edən təşkilatlarla əməkdaşlıq edirdilər və etməkdə də davam edirlər. Builki dövlət büdcəsində QHT-lərə dövlətin dəstəyi cox əyani şəkildə ortaya qoyuldu. Bu məsələni Milli Məclisdə səsləndirən parlamentarilərə öz minnətdarlığımızı bildiririk ki, cəmiyyətin nəbzini tutaraq ağıllı qərarlar qəbul etdilər. Azərbaycan Respublikası Prezdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə dəstəyinin artırılması həm QHT-lərə, həm də cəmiyyətin inkişafında önəmli rol oynayacaqdır. Belə ki milli QHT və digər vətəndaş cəmiyyəti sektorlarının inkişafı bütünlükdə cəmiyyətdə sağlam rəqabəti formalaşdıracaq və milli QHT-lərin beynəlxalq təşkilatlardan aslı vəziyyətə düşməsinin qarşısını almış olacaqdır.
- Azərbaycanda fəaliyyət göstərən QHT-lərin cəmiyyətin həyatındakı rolunu necə qiymətləndirirsiniz?
- Demokratik cəmiyyətin inkişafında QHT-lərin rolu əvəzsizdir və müasir dövrün əsas amillərindəndir. O dövlətlərdə ki, vətəndaş cəmiyyəti institutları eləcə də QHT-lər inkişaf edib, deməli həmin toplumda demokratiya bərqərar olub. İnsan haqları və azadlıqları həmin cəmiyyətdə qorunur. Bütövlükdə götürdükdə, vətəndaş cəmiyyəti elementləri ilkin dövlət formalarından əvvəl meydana gəlib. Çox təəssüflər olsun ki, bu element şərqdə meydana gəlməsinə baxmayaraq qərbdə bu proses surətlə gedib. Və hal hazırda Qərb istər-istəməz öz demokratiyasını vətəndaş cəmiyyəti institutları adı altında bizdə tətbiq etməyə çalışır. Təbii ki, nisbətən zəif inkişaf etmiş ölkələr və avtoritarizmə meyilli dövlətlər tez bir zamanda həmin virusa bulaşır. O ölkələrdə vətəndaş cəmiyyəti inkişaf edərkən özünün milli adət-ənənəsini, millətin sosial psixoloji xüsusiyyətlərini və dini inancları nəzərə alınarsa, deməli, həmin cəmiyyətdə demokratiya daha möhkəm inkişaf edər. Və həmin xalqın müqavimətini qırmaq çox çətin olar. Belə cəmiyyətlərdə iqtidarın avtoritarizmə meyillənməsi də çətin olur. Deməli QHT-lər cəmiyyətin inkişafında milli, psixoloji faktorlarla yanaşı dini faktorları da unutmalı deyil. Vətəndaş cəmiyyəti inkişaf etmiş ölkələrdə şəxsiyyətin azadlığı ilə yanaşı onun mülküyyətinin toxunulmazlığına cəmiyyət və dövlət zamindir. Həmin dövlət güclü olur, xarici müdaxilələrə imkan vermir. Vətəndaş dövlətsiz öz vətənini qorumağı da bacarır. Dövlətin özünün də marağı olmalıdır ki, vətəndaş cəmiyyətləri və eləcə də QHT-lər inkişaf etmiş olsun. Çünki QHT-lər nə qədər güclü olarsa dövlətin özünün güclənməsinə səbəb olur. Elə məsələlər olur ki, dövlətin müdaxiləsinə ehtiyac qalmır cəmiyyət həmin məsələləri özü tənzimləyir. Əslində, vətəndaş cəmiyyəti institutları ictimai rəyi öyrənərək qabaqlayıcı tədbirlər həyata keçirməli, əmələ gələn narazılıqları və yaranan problemləri vaxtında araşdırmalı və adiyyatı qurumlara çatdırmalı və problemlərin həllinə çalışmalıdır. Dövlət müəyyən səlahiyyətlərini vətəndaş cəmiyyəti institutlarına verməli və birgə cəmiyyətin gücünü artırmalıdırlar. Bizdə son zamanlar dövlət qrumlarının və dini sektorun QHT-lərlə əməkdaşlığı və müəyyən məsələlərin müzakirəsində QHT-lərin cəlb edilməsi və məsləhətləşmələrin aparılmasını müsbət addım kimi dəyərləndirmək olar.
- QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsinə münasibətiniz necədir?
- Əslində, son zamanlar inkişaf etmiş avropa dövlətləri öz dəyərlərini QHT-lər vasitəsilə ixrac edirlər. Demokratik idarəetməyə əsaslanmayan müsəlman dövlətlərində baş verən olaylar onu deməyə əsas verir ki, inqilablar o ölkələrdə baş verir ki, o ölkələrdə vətəndaş cəmiyyətləri zəif inkişaf etmiş olsun və yaxud həmin ölkələrdə avtoritar rejim mövcud olsun. Belə olanda vətəndaş öz iqtidarından narazı olur və beynəlxalq təşkilatlara xilaskar kimi yanaşırlar. Bu məsələdən yararlanan xarici qüvvələr QHT vasitəsilə cəmiyyətin içərisinə daxil olur və narazı təbəqəni öz arxasınca apararaq istədiyinə nail olur. Bunun üçün də iqtidar QHT sektorunda əməkdaşlığa önəm verməli və onların irəli sürdüyü müsbət ideyaları dəstəkləməlidir. Onların inkişafında maraqlı olmalı və QHT maddi-texniki bazasını möhkəmləndirməlidir. Cəmiyyətin idarə olunmasında ictimai sektorla ayrı-seçkilik qoymadan əməkdaşlıq etməlidir. İctimai sektorun nümayəndələrinə ideoloji baxışlarına görə yox praktiki fəaliyətinə görə dəyər verməlidir. Qaldı məsələnin ikinci tərəfinə, beynəlxalq təskilatlarla əməkdaşlıq lazımdır. Biz müstəqilliyə qədəm qoyan gənc dövlət kimi müəyyən məsələlərin öyrənilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq etməliyik. Biz kimsəyə şərait yaratmamalıyıq ki, bizim daxili işlərimizə müdaxilə etsinlər. Gələcəkdə arzuolunmaz halların baş verməməsi üçün maariflənmə işlərini gücləndirmək, gənclərlə fəal işləmək lazımdır. Amma bu o demək deyil ki, iqtidar ictimai sektoru ələ alsın və istədiyi istiqamətə yönəltsin. Belə olan halda istər-istəməz bəzi beynəlxalq təskilatlara meydan vermiş oluruq və cəmiyyətdə xaos, anarxiya yaranır. Kütlə idarə olunmaz vəziyyətə düşür.
- Prezident hər çıxışında siyasi sistemdə islahatların aparıldığını vurğulayır. Siz, siyasi maariflədirmə işinin real vəziyyətini necə dəyərləndirirsiz?
- Əgər ölkə rəhbəri doğurdanda belə bir islahatın aparılmasına tərəfdardırsa və hətta belə bir təşəbbüslə çıxış edirsə bunu ancaq alqışlamaq olar. Çox düzgün və zamanında verilmiş qərar olar. Hətta deyim ki, bu prosesi sürətləndirmək lazımdır. Köhnə təfəkkürlə, köhnə düşüncə ilə avroatlantik məkana inteqrasiya olunmaq çox çətin bir prosesdir. Həm idarəetmədə, həmdə düşüncələrdə dəyişiklik lazımdır. Təbii ki, bu yol maariflənmədən keçir. Kadr islahatı aparılmalıdır. Gənc potensiallı kadırları irəli çəkmək lazımdı. Yalançı hesabatlara son qoymaq lazımdır. Uzun illərdi vəzifədə çalışan, rəhbər vəzifədə olan, amma heç bir göstəricisi olmayan nazirləri, komitə sədirlərini, yerli icra məmurlarını və eləcə də məktəb direktorlarını dərhal işdən azad etmək lazımdır. Mən deyərdim ki, elə məmurlar vardır ki, heç özləri də bilmir ki, axrıncı dəfə hansı müəllifin əsərini oxuyublar. Bu posesə ictimai sektorun nümayəndələrinin cəlb olunması daha məqsədəuyğun olardı. Maariflənmə işini həm dövlətin nəzarətində olan KİV həm də ictimai sektorun nümayəndələri həyata keçirməlidirlər. Götürək elə prezidentin qanunsuz evlərin, tikililərin sənədləşdirilməsi ilə bağlı son sərəncamını. Sərəncamla tanış olduqda görürsən ki, mütərəqqi bir qanundur. Amma caamatın o qanundan xəbəri yoxdur. Bundan istifadə edən məmurlar qanunları öz bildikləri kimi şərh edir və xoş məramlı qanunlarımızı belə rüşvət mənbələrinə çevirirlər. Bu nöqteyi nəzərdən, həm siyasi sistemdə islahata həm də maariflənmə işlərini həyata keçirmək vacibdir. Bir daha təkrar edirəm, təbliğat və maariflənmə işlərini dövlətin nəzarətində olan KIV-lər mütəmadi olaraq davam etdirməlidir.
- Sonda belə bir sual vermək istərdik, qarşıdan parlament seçkiləri gəlir. Seçki marafonunda istirak etmək fikriniz varmı?
- Mən 1962-ci ildə Masallı rayon Qarqalıq kəndində anadan olmuşam və siyasi fəaliyyətimlə də bu regionun insanına xidmət etməyə çalışmışam. Belə demək mümkünsə, hər bir ictimai siyasi fəaliyyətlə məsğul olan şəxs istər ki, parlament seçkilərində iştirak etsin və qələbə qazansın. İctimai sektorun nümayəndəsi kimi iqtidar qarşısında qaldırdığımız məsələlərin qanun halına salınmasında və qəbul olunmasında şəxsən iştirak etmək istərdim. Hazırda parlamentin tərkibinə baxdıqda görürük ki, orada elə şəxslər təmsil olunur ki, onlar 4-5 ildə bir dəfədə olsun müəyyən məsələlərlə bağlı çıxış etməyib və yaxud da hər hansı təkliflə bağlı fikir irəli sürməyib. Və yaxud seçildiyi dairə ərazisində seçicisinin problemləri ilə məşğul olmayıb. Deyək ki, biznes adamısan pulun var, müəyyən əlaqələrin var, öz biznesini inkişaf etdirmək əvəzinə, gəlib parlament üzvü olursan, amma parlamentari kimi heç bir fəaliyyətin olmur. Mən arzu edərdim ki, bizim Milli Məclisdə siyasilər, hüquqşunaslar, iqtisadçılar, tanınmış elm adamları və ictimai sektorun nümayəndələri təmsil olunsunlar. Seçkidə iştirakıma gəldikdə isə təbii ki, seçki öncəsi vəziyyəti dəyərləndirərək bu haqda qərar vermiş olacam.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35