Əsir və girov düşmüş vətəndaşlarımızın hüquqları qorunmalıdır
12:09 21-02-2015
SİYASƏT
Əsir və girov düşmüş vətəndaşlarımızın hüquqları qorunmalıdır
"Qonşu kameradan bağırtı gəlir... Hansısa əsirin dırnaqlarını çıxarır, başının dərisini soyurdular... İnilti, fəryad səsləri biri-birinə qarışmışdı. Elə bu dəm əllərində fənər içəri daxil oldular. Heç kəsi sorğu-sual etmədən təpikləməyə başladılar. Ağır əsgər çəkmələri ilə vurduqları zərbələrdən ancaq üz-gözümüzü qoruya bilirdik. Nalayiq söyüşlər, təhqiredici ifadələr və yumruq-təpikdən sonra kameranı tərk etdilər. Beləcə, düz 12 sutka ac qaldıq. Hər sutkada ən azı iki dəfə təpiklə döyülürdük. Amma sən demə, bu hələ jurnalı imiş..."
Bu Xocalının Kərik meşəsindən girov götürülən Səttar Ağayevin 35 günlük girovluq həyatının ilk günü barədə xatirələridir.
Xocalı şəhərindən olan məcburi köçkün Valeh Hüseynov isə əsirlik həyatında ona verilən işgəncələrin onu özünəqəsd həddinə çatdırdığından danışır: "Ermənilər əsirliyin ilk günü məni o qədər döydülər ki, artıq yaşamaq haqqında düşünmürdüm. İlk olaraq bizi qıfıllı bir yerə saldılar. Bir-iki saat orada qalandan sonra gəldilər bir neçə nəfər cavanı seçdilər. Məni dairəyə aldılar. Qəflətən stol qılçaları ilə başladılar döyməyə, o qədər döyüblər ki, huşum gedib və gözümü açanda kamerada olduğumu hiss etdim. Nə qədər etdim bədənimi tərpədə bilmədim. Hər gün gəlib kamerada bizi huşumuzu itirənədək döyürdülər. Adımızı "ölümə məhkumlar" qoymuşdular. Bir dəfə bizi o qədər döydülər, ölmüş bilib gətirib üst-üstə yığdılar. Bir gün gəlib dedilər ki, gitara çalan pulemyotçu Valeh kimdir. Qarabağ mahnısını sən çalırsan? Orada da gitara çalan bircə mən idim. Mənim barmaqlarımı ona görə qırdılar və dırnaqlarımı çıxartdılar ki, daha gitara çalmayım. Əlimi yandırdılar. Əllərim elə yanırdı, yağı süzülürdü. Sonra KPZ-yə saldılar. Qışın şaxtasında soyuq yer gəzirdim ki, əllərimi soyudum. Kamerada istilik radiatorunun soyuq dəmirinin üzərinə əllərimi qoydum. Qışın şaxtası, beton döşəmə olmasına baxmayaraq məndən tər dayanmırdı. Ağrılar dəhşətli idi. Orada yatmışam, əllərim dəmirə yapışmışdı, səhər qopara bilmirdim".
Bu Xocalıdan biri girov, digəri əsir düşən iki xocalının əsirlik həyatından kiçik bir parçadır. Onlara əsirlik həyatında yaşadılanlar isə hər biri ayrı-ayrılıqda qorxulu, işgəncə dolu bir kinonun sujet xəttidir. Hər ilin fevral ayında onların qaysaq bağlayan yarası yenidən qanayır, hər gün əzalarında yaşatdıqları o acını yenidən yada salmalı olurlar. Fevralın 25-dən 26-na keçən o dəhşətli gecəni bir daha yada salmağa sayılı günlər qalıb. İllər keçsə də əsir düşən xocalılar erməni faşizminin onlara əsirlik həyatında yaşatdıqları dəhşətin ağrısını hiss edir, həmin acılı günlərə geri dönmək məcburiyyətində qalırlar.
Səbəb isə Ermənistanda saxlanılan Azərbaycanlı əsirlərə verilən işgəncələr, erməni tərəfin illərdir ki, əsir və girovların saxlanılması ilə bağlı beynəlxalq hüquq normalarının, Cenevrə konvensiyasının tələblərini pozmasıdır.
"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova deyir ki, erməni əsirlərinə Azərbaycanda yaxşı baxılsa da, bizim əsir və girovluqda olan vətəndaşlarımız ermənilər tərəfindən müxtəlif cür ağır işgəncələrə məruz qalıblar: "Əsirlikdən qayıdanların dediklərinə görə, ermənilər qondarma erməni soyqırımı günü bizim əsirləri erməni qəbirləri üzərində qurban kəsirlərmiş. Lakin bizim ölkəmizdə erməni əsirlərlə bu cür rəftar olunmur.Ermənilərin əsir və girov götürdükləri azərbaycanlıların başını yaxınlarının qəbirləri və ya kötüyün üstündə kəsdiklərinin şahidi olan yüzlərlə vətəndaşımız var. Bu cinayət faktları beynəlxalq səviyyədə müzakirəyə çıxarılmalı, bu cinayət əməllərinə hüquqi qiymət verilməlidir. E. Orucova bizimlə söhbətində bildirdi ki, əsir və girovluqdan qayıdan soydaşlarımız onlara qarşı insanlığa yaraşmayan işgəncə hallarına yol verildiyini qeyd ediblər: "Ermənilər əsir və girov azərbaycanlıların dişlərini kəlbətinlə çıxarıb, kişilər armatur, bel sapı, dəyənək, daş və kərpic parçası, uzunboğaz çəkmə ilə vəhşicəsinə döyüblər. Onları ac itlərlə qanları tökülənə qədər döyüşməyə məcbur ediblər. Ermənilər əsirlikdə saxladıqları soydaşlarımızı insan orqanizmi üçün zərərli fiziki işlərə cəlb ediblər".
E. Orucovanın sözlərinə görə, məhz bu səbəblərdən də əsir və girovluqdan qayıdan azərbaycanlıların böyük əksəriyyəti çox az yaşayırlar: "Ermənistan tərəfi qəbul olunmuş beynəlxalq konvensiyalara və humanitar hüquqa zidd olaraq ruhi xəstələri və yataq xəstələrini belə girov götürüb. Ümumiyyətlə, beynəlxalq normalara və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının I bölməsinin 3-cü maddəsinə görə, girov götürülməsi qadağandır. Eyni zamanda, işğalçı əraziyə daxil olub mülki əhalini təsadüfən girov götürürsə, onun ləyaqətinə toxunmaq, onunla təhqiramiz və alçaldıcı tərzdə rəftar etmək qəti qadağandır. Həmin şəxs haqqında 24 saat ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinə bu barədə məlumat verib, öz ölkəsinə qaytarılmalıdır. Qarşı tərəfdə saxlanılan zaman dəhşətli fiziki və mənəvi işgəncələrə məruz qaldıqlarından, əsir və girovluqdan qayıdanların müəyyən hissəsi sonradan dünyasını dəyişib. Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlardan qul kimi istifadə ediblər. Girovluqdan qayıdanların ifadələrinə görə, ermənilər əsir və girov götürülmüş şəxsləri seçib, yaşlı, zəif, fiziki işə yaramayanları qaytarıb, fiziki cəhətdən güclü və sağlamlarını isə bir yerə toplayıb, naməlum istiqamətlərə aparıblar. Azərbaycanlı əsirləri ağır fiziki işlərə cəlb edib, tikinti işlərində, atom enerjisi və kimya sahəsində işlədiblər.Yəni öz vətəndaşlarına qıymadıqları sahələrdə azərbaycanlılardan istifadə ediblər".
E. Orucova deyir ki,ermənilərin əsirlərə qarşı rəftarı insan haqlarının kobud şəkildə pozulmasıdır: "Bunu biz Şahbazla Dilqəmin də timsalında görürük. Biz onların hazırda hansı işgəncələrə məruz qaldığından xəbərsizik. Əsir və girovların vəziyyətinin öyrənilməsini üzərinə götürən Beynəlxalq Qızıl Xaç Komitəsi öz işinin öhdəsindən gələ bilmir. Dilqəm və Şahbazın internetdə yayılan şəkillərindən görmək olar ki, ermənilər onlara qarşı necə rəftar edirlər. Amma Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin mətbuat katibi onların girov götürüldüyü gündən bu günədək yaydığı şablon press-relizlərdə Dilqəmlə Şahbazın vəziyyətinin normal olduğunu qeyd edirdilər. Halbuki girov götürüldükləri vaxtda çəkilən şəkillərlə indiki arasında nə qədər fərqlər var. Onların həbs edilməsi, saxlanılması heç bir beynəlxalq hüquqa uyğun deyil. Bu nəinki beynəlxalq hüquqa, həmçinin Cenevrə və əlaqəli konvensiyalara ziddir. Görüntülərdən də bəlli olur ki, hər iki azərbaycanlı girovlar işgəncə altında saxlanılır. Halbuki, onlar öz Vətənlərinə gediblər, heç bir xarici ölkənin sərhədlərini pozmayıblar. Bu, bir daha sübut edir ki, erməni tərəfi beynəlxalq hüquq normalarına, 12 avqust 1949-cu ildə qəbul olunmuş Cenevrə konvensiyasından irəli gələn heç bir müddəaya əməl etməyib. Şahbazla Dilqəmin xarici görünüşü bunun bariz nümunəsidir. İndiyədək əsir, girov götürülən Azərbaycan vətəndaşlarının başına açılanlar göstərir ki, onlar əsir və girovlarla davranışda heç bir beynəlxalq hüququn tələblərinə konvensiyaya əməl etmirlər. Bunu əsir və girovların bədənlərində olan işgəncə faktları sübut edir. Faktlar göstərir ki, ermənilər nəinki beynəlxalq hüququn əsirlərlə davranışla bağlı qoyduğu tələblərə əməl edib, onlara insanlığa sığımayan işgəncələr veriblər. Neçə-neçə əsir, girov bu işgəncələrə dözməyərək könüllü ölümü seçərək canına qıyıb. Valideynlərin gözü qarşısında uşaqlara ən ağır formada işgəncələr verilib. Həmin insanların pozulmuş hüquqları isə çox təəssüf ki, beynəlxalq təşkilatlarda narahatlıq yaratmır".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35