Siyasətdə qadın faktoru
10:52 04-03-2015
SİYASƏT
Siyasətdə qadın faktoru
Azərbaycanda qadınların siyasi və sosial həyatda aktivliyi artıb
Bu gün insanların siyasi və sosial aktivliyinin təmin olunması ən vacib məqamlardan biridir və dünyada bu məsələyə xüsusi yanaşma var.Bu baxımdan qadınların siyasi aktivliyinin artırılması daha çox diqqəti cəlb edir. Qadınların siyasi partiyalara, idarəetmə sisteminə cəlb olunması hazırda əksər dövlətlərdə dövlət proqramı olaraq qəbul edilir və icrasına nəzarət edilir.
Bu baxımdan Azərbaycanda da məsələyə həssas yanaşma var. Tək elə bunu qeyd edək ki, bu gün Azərbaycanda əksər rayonlarda icra hakimiyyəti başçısının müavinlərindən biri qadındır. Həmçinin Milli Məclisdə də qadın deputatların sayı kifayət qədər artıb. Amma gəlin öncəliklə bu gün dünyada qadınların siyasi aktivliyinə baxaq. BMT-nin qadınların siyasətdə roluyla bağlı bölməsi və Beynəlxalq Parlamentlər Birliyi maraqlı statistika dərc edib. Statistikada göstərilir ki, qadınların siyasətdə rolu artır, amma yavaş-yavaş. İndi dünyada deputatların cəmi 17-18%-i qadındır, nazirliklərin 16%-ni qadınlar idarə edir. Parlament spikerlərinin 10%-i, dövlət başçılarınınsa 5%-i qadınlardır.Üç il əvvəllə müqayisədə indi parlamentində qadınların sayı çox olan ölkələrin sayı artıb. 20-yə qədər ölkədə parlamentdəkilərin 30%-i qadındır. Deputatlarının 40%-i qadın olan ölkələrin sayı daha çoxdur. Qadın deputatların sayına görə, birinci yerdə Ruanda gəlir. Bu ölkədə parlament üzvlərinin 48%-i qadındır. İkinci yerdə İsveç qərarlaşıb, bu ölkənin parlamentinin 47%-i qadınlardır. Üçüncü yerdə Finlandiyadır - 41%. Parlamentində qadınların sayı çox olan ölkələrin əksəri inkişaf etmiş ölkələrdir. Amma son illər Cənubi Amerika ölkələrində də deputat qadınların sayı artıb və 20%-i keçir. Azərbaycan parlamentində deputatların 14-ü qadındır, bu isə parlamentin 11%-i deməkdir.Qadın deputatların sayına görə, ən aşağı göstərici ərəb ölkələrindədir, cəmi 9%. Yalnız Birləşmiş Ərəb Əmirliklərində bu baxımdan sıçrayış olub. Əvvəl qadın deputatı olmayan Ərəb Əmirliklərində indi deputatların 22%-dən çoxu qadındır. Amma qadınsız parlamentlər də var, belə parlamentlərin sayı 7-dir.Maraqlıdır, bəs qadınların siyasi aktivliyinin artırırlması üçün nələr etmək lazımdır və hazırkı durum normaldırmı? . Bununla bağlı "Unikal"a açıqlama verən yazıçı Aysel Əlizadə maraqlı məqamlara aydınlıq gətirdi:"Biz cəmiyyətdə gedən proseslərə nəzər yetirəndə faktiki olaraq qadınların siyasi- ictimai aktivliyini görürük. Qadınlar aktivləşib. Yalnız sırf siyasi fəaliyyət bir az ayrı məsələdi. Siyasətçi işləməklə siyasi xadim olmaq fərqli statuslardır. Hələlik qadınların siyasi aktivlik kimi görünən fəaliyyəti ictimai motivdən çıxa və ya qurtula bilmir. Qadınların siyasi qərarlarda iştirakı yox səviyyədədi. Bu mənada onların işinə çalışqanlıqdan başqa qiymət verməyə çətinlik çəkirəm. Daha ciddi proseslərdə qadın siyasilərin qatqısı görünmür. Və bu da bütünlüklə onların istəyinə və ya çalışmalarına bağlı məsələ deyil. Ancaq siyasi aktivlik sürətlənir və bu gedişlə qadınların qərarverici qüvvəyə çevrilə biləcəyini ehtimal etmək olar". Bunu da xüsusi olaraq qeyd edək ki, qarşıdan parlament seçkiləri gəlir və hələlik daha çox aktivlik göstərən, millət vəkilliyinə namizəd olacaqlarını elan edənlərin böyük qismi qadınlardır.Yaxınlarda yaradılan "125-lər klubu"nun fəaliyyətini də yada salmaq lazımdır. Aysel Əlizadənin də qatıldığı bu klub daha çox aktiv xanımlardan təşkil olunub və klub üzvləri qarşıdan gələn parlament seçkilərində iştirak edəcəklərini bəyan ediblər. Ekspertlərin fikrincə qarşıdan gələn seçkilərdən sonra parlament üzvlərinin 40 faizdən çoxu xanımlardan təşkil oluna bilər. Həmçinin son zamanlar elm sahəsində də qadınların ciddi aktivliyi müşahidə olunur və bu qadınların sosial mühitdə də ciddi rol oynamalarını təsdiqləyir. "Unikal"a açıqlama verən yazar Jalə Abbasova isə qadınların missiyası haqqında başqa fikirdədir:" Bu gün qadınların siyasi aktivliyi sürətlə artsa da bu çox ağır sınaqlardan sonra mümkün olur. Bu da onsuz da ağır olan siyasi şərtlərin daha qarmaqarışıq olmasına səbəb olur. Yəni ki , siyasi fəaliyyəti olan bir xanım təkcə siyasi sferada deyil eyni zamanda sosial şərtlərdə də olan problemləri ilə çarpışmalı olur. Aktivliyin artması üçün ilk növbədə ictimai qınaq problemi həll olmalıdır". Bu bir həqiqətdir ki, uzun illər Şərq mentaliteti qadınların cəmiyyətdə aktivliyinə əngəl törədib, aktiv qadınlar hətta ciddi şəkildə təhdid də edilib. Amma Azərbaycan Şərq dünyasında ilk dövlətdir ki, qadın hüquqları burada ən ciddi şəkildə qorunub və qadınların səsvermə hüququ ilk dəfə Azərbaycanda tanınıb. Görünür bunun nəticəsidir ki, hazırda qadınlar cəmiyyətdə aparıcı bir qüvvəyə çevrilirlər.Gəlin, elə təhsil sektorunda qadınların nə qədər aktivləşməsini sübutlayan faktlara baxaq. "Təhsil sistemində gender stereotiplərinin dəyişməsi, gender bərabərliyi üzrə məqsədyönlü tədbirlərin nəticəsi olaraq texniki profilli ali təhsil müəssisələrində təhsil alan tələbələrin son iki il üzrə statistik göstəricilərinə əsasən, qızların sayında az da olsa, artım var". bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Onun sözlərinə görə, texniki profilli ali təhsil müəssisələrində magistratura təhsili səviyyəsi üzrə 2013/2014-cü tədris ilində qız tələbələrin sayı 561 nəfər olmaqla, ümumi tələbələrin 29,3 faizini, 2014/2015-ci ildə isə onların sayı 640 nəfərə çataraq ümumi tələbələrin 30 faizini təşkil edib.
F.Qurbanov deyib ki, ümumilikdə ölkənin 52 ali təhsil müəssisəsində (bunlardan 37-si dövlət, 15-i özəl təhsil müəssisəsidir) bakalavr pilləsində 151 274 nəfər təhsil alır və onların 73 195 nəfəri qızlardır: "Bu da ümumi tələbələrin 53,96 faizini təşkil edir. Magistratura piləsində isə hazırda 12 651 tələbə təhsil alır ki, onların da 6 826 nəfəri, yəni 54 faizi qızlardır".
Nazir müavini əlavə edib ki, respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1 325 634 nəfərdir: "Onlardan qızların sayı 604 322 nəfər, yəni 45,59 faizi (keçən il 43,86 olub), müəllim sayı 174 772 nəfər, onlardan 134 300 nəfəri, yəni 77 faizini (keçən il 76%) qadınlar təşkil edir. Eyni zamanda, 2014/2015-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət edən 17 962 nəfərdən 15 348-i qadın olub, onlardan 1 420 nəfəri müsabiqədən keçərək seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin edilib"."Respublikada mövcud olan 58 orta ixtisas təhsil müəssisələrində təhsil alan 60 511 nəfər tələbənin 40 950 nəfəri (67,7%) qızlardır.108 ilk peşə-ixtisas təhsil müəssisələrində isə 29 234 nəfər şagirdin 30 faizini qızlar təşkil edir. Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil müəssisələrində 4 rektor, 5 filial rektoru, 12 prorektor, orta ixtisas təhsil müəssisələrində 8 direktor, 21 direktor müavini, ilk peşə-ixtisas təhsil müəssisələrində 12 direktor, 16 direktor müavini, ümumtəhsil məktəblərində 1 202 (26,5%) məktəb direktoru qadındır. 2014-cü ilin göstəricilərinə əsasən, 2 070 nəfər doktorantdan 1 052 nəfəri qadındır. Keçən il üzrə statistik məlumatlara əsasən, qadın dövlət qulluqçularının sayı 7 244 nəfərdir. Nazirlikdə çalışan 160 dövlət qulluqçusundan 57 nəfəri qadındır", - nazir müavini qeyd edib. İndi isə "Unikal"a açıqlama verən jurnalist Əfsanə Qıpçaq Ələsgərlinin fikirlərinə diqqət ayıraq:" Qadınlarımız cəmiyyətin müxtəlif sahələrində fəaldırlar.Müxtəlif sahələrdə uğur qazanmış qadınlardan nümunə göstərmək də olar. Təbii ki, bu sahələr arasında siyasətdə də qadınlar təmsil edilirlər. Milli Məclisdə təmsil olunan xanım deputatların bir çoxlarının siyasi fəaliyyətini uğurlu hesab edirəm. Ancaq ümumilikdə götürdükdə, qadınlar, gənc xanımlar siyasətin necə mürəkkəb və çətin olduğunu görüb, bu sahə ilə məşğul olmağa o qədər də maraq göstərmir. Ancaq buna baxmayaraq, gənclər arasında istedadlı, dünyagörüşlü, intellektual səviyyəli, xarici dil bilgiləri qaneedici olan xanımlar da az deyil. Bu gün bir çox Avropa ölkələrində xanım nazirlər, ölkə başçıları, digər yüksək post tutan şəxslər var. Cəmiyyətimizdə də qadınların siyasi aktivliyinin daha da artırılması məsələsini, məncə, orta və ali məktəblərdən başlamaq lazımdır. Cəmiyyətin və ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərdə (Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri, Prezident seçkiləri prosesi) gənclərimizin maarifləndirilməsi çox önəmlidir. Digər iş isə gənclər üzrə fəaliyyət göstərən QHT-lərin üzərinə düşür ki, onlar yeniyetmə və gənc qızların siyasi və ictimai şüurunun düzgün formalaşması üçün debatlar, forumlar, müzakirələr keçirməklə bu sahəyə töhfə verə bilərlər".
Digər Xəbərlər
2024-12-25 23:55:58
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48