Milli yox, kinli Şura

Müxalifətin itirə-itirə gedən bu qurumunu tənha sədrlər və toz basmış qovluqlar perspektivindən başqa heç nə gözləmir

Son vaxtlar müxalif düşərgədə partiyalardan istefalar, narazılıqlar, təşkilatdaxili gərginlik adi hal almaqdadır. Bunun başlıca səbəbi partiya sədrləri tərəfindən verilən vədlərin tutulmaması, ard-arda bütün seçkilərdə məğlubiyyət və rəhbərliyin diktatorlara məxsus idarəetmə üsuluna üstünlük verməsidir.

Digər bir səbəb isə partiyadaxili seçkilərdə kütləvi saxtakarlıq hallarının baş verməsi, rəhbərliyin əks fikrə, müstəqil düşüncəyə qənim kəsilməsidir. Deyilənlərə misal olaraq, ötən ilin sentyabrında keçirdiyi qurultay şousundan sonra hələ də özünə gələ bilməyən Müsavat Partiyasını göstərmək olar. Yeni başqan seçkilərində kütləvi saxtakarlığa yol verilməsi, İsa Qəmbərin açıq-aşkar dəstəyi ilə Arif Hacılının başqan kreslosuna oturdulması partiyadakı vəziyyəti tamam gərginləşdirib. Bu gərginlik partiya üzvlərinin, hətta başqanlığa sabiq namizədlərin qarşılıqlı ittihamları, bir sıra funksionerlərin, həmçinin rayon təşkilatlarındakı müsavatçıların kütləvi istefaları ilə müşayiət olunub. Son hadisələr isə onu deməyə əsas verir ki, Müsavatdan start götürən bu proseslər tədricən digər müxalifət partiyalarına da sirayət etməkdədir. Belə ki, bu günlərdə AXCP-dən və onun təsir dairəsinə daxil olan Milli Şuradan da istefalar özünü göstərməyə başlayıb. Ötən həftə AXCP sədrinin müavini Razi Nurullayev partiya sədri Əli Kərimlinin avtoritar siyasətinə etiraz olaraq istefa verib. O, müstəqil fikirli, ən əsası da Əli Kərimlinin siyasətini tənqid edən insanların nəinki AXCP-də, eləcə də Milli Şurada qəbul edilmədiyini xatırladıb, özünün də Milli Şuradan kənarlaşdırılmasını mümkün sayıb: "Mən heç bir zaman Azərbaycanda yaradılan koalisiyaların, birliklərin müstəqil və neytral olduğu düşüncəsində olmamışam. Bu gün də beləyəm. Milli Şurada da Əli Kərimlinin təsir imkanları mövcuddur. Milli Şuraya daxil olan hər bir insan xüsusi bir filtrdən keçirilir, əvvəlcədən söhbət aparılır, məqamlar razılaşdırılır və bundan sonra qəbul həyata keçirilir. Müstəqil fikirli insanları, Əli Kərimlinin siyasətini tənqid edən insanları isə qəbul etmirlər".
Müsavat Partiyasının sabiq üzvü, vaxtilə İsa Qəmbərin xarici məsələlər üzrə müşaviri vəzifəsində çalışan, 2013-cü ildə isə Müsavat Partiyasından istefa verərək Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olan Yeganə Hacıyeva da bu günlərdə Milli Şura ilə yollarını ayırıb. O, bu dəfə Milli Şuradan istefa verərək Ümid Partiyasına yaxınlığı ilə seçilən "125-lər" siyasi klubuna qoşulub. Y.Hacıyeva qarşıdakı parlament seçkilərində gücünü sınamaq niyyətində olduğunu, buna görə də proseslərə fərqli baxan komandada yer almaq istədiyini bildirib. O, uzun müddət təmsil olunduğu Milli Şurada hər hansı nəticə olmadığını diqqətə çatdırıb. Bununla da Milli Şuranın heç də demokratik qüvvələrin, bütövlükdə cəmiyyətin dəstəklədiyi qurum olmadığı, siyasi qurum kimi özünü doğrultmadığı bir daha təsdiqini tapıb.
Mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib ki, radikal müxalifətin bütün dövrlər boyunca Milli Şura qədər urvatsız qurumu, eyni zamanda Rüstəm İbrahimbəyov qədər də urvatsız lideri olmayıb. Onun sözlərinə görə, müxalifət və onların yaratdığı Milli Şura təməldən, bünövrədən korlandığından indi də oradakı şəxslər təməlsizliyin, bünövrəsizliyin əzabını çəkirlər: "Kortəbii yaradılan qurumun öncədən ehtimal edilən fəsadlarını yaşayırlar. Və bu gün biz Razi Nurullayevin, Yeganə Hacıyevanın timsalında Milli Şuradan bezən, eyni adlı təsisatın perspektivinə inanmayan insanların növbəti qaçış estafetini izləməkdəyik. Həm də tam məntiqli olaraq. Yəqin xatırlayırsınız, Milli Şura ilk yaradıldığında radikal müxalifət elə bir süni rezonans yaratmışdı ki, sanki dünyanın taleyini həll edəcəklər. Amma sonuc nə oldu? O oldu ki, seçkidən dərhal sonra qurumda yarpaq tökümü başladı. Əvvəl Müsavat, sonra KXCP, daha sonra isə digər siyasi təşkilatlar Milli Şuradan uzaqlaşmağa başladılar. Səbəb də bəlii idi: seçki bloku kimi yaradılan Milli Şura artıq Əli Kərimlinin silləvuran aparatına, siyasətin "s" hərfindən anlayışı olmayan Cəmil Həsənli isə əl oyuncağına çevrilmişdi".
E.Musayev deyib ki, hazırda Milli Şuranın sıraları Cəmil Həsənli və Əli Kərimli ikiliyinin təkbaşına qalacağı həddə qədər nazilib, seyrəkləşib: "Onlar insanları öz ətraflarında, yanlarında saxlamaq üçün demək olar ki, heç bir cəhd etmədilər, əksinə, bu prinsipin ziddinə gedərək hərəni bir formada şantaja, iftiraya, təhqirə məruz qoyub, arxalarınca torba tikdilər. Odur ki, Milli Şura mövzusu müzakirə edilərkən bir tək Razi Nurullayev, ya da dünən "125-lər" blokuna transfer olan Yeganə Hacıyeva misalları ilə kifayətlənmək olmaz. Bu mövzu daha geniş spektri, daha qlobal dairəni əhatə edən mövzudur. Bir daha təkrar edirəm: təməl zay təməldir, bundan artığını gözləmək olmazdı. Yaxud bir az da dəqiq demiş olsaq, bir zamanlar Azərbaycan iqtidarını bizdən daha gözəl tərifləyən nankor Cəmil Həsənli ilə öz ambisiyaları xətrinə bu məmləkəti son qarışına qədər belə satmağa hazır olan Əli Kərimlinin idarə etdiyi, ərsəyə gətirdiyi, başbiləni olduğu qurum hazırda görünən mənzərədən daha ötəsini vəd edə bilməzdi".
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov qəzetimizə açıqlamasında radikal müxalifət qüvvələrinin siyasi böhran dönəmini yaşadığını bildirib. O, Milli Şuradakı istefaları təbii qarşılayaraq, bu qurumun həm mənəvi, həm də siyasi cəhətdən tamamilə iflasa uğradığını söyləyib. Qeyd edib ki, siyasətdə bahar fəsli yaxınlaşsa da, müxalifətdə yarpaq tökümü prosesi sona çatmır. Partiya sədri deyib ki, belə getsə, onların qərargahlarında tənha sədrlər, bir də toz basmış qovluqlar qalacaq. Onun sözlərinə görə, Əli Kərimli və Cəmil Həsənli bu acınacaqlı sonluğa indidən hazır olmalıdırlar: "Milli Şura yaranarkən tamamilə yeni siyasi taktika və mübarizə vasitələrindən istifadə etmək iddiasını ortaya qoymuşdu. Ancaq yarandığı gündən bu təşkilatın adı qalmaqallarda, intriqalarda və yaxşı hesablanmamış siyasi gedişlərdə hallanıb. Bu qurum gündəmə yalnız bu kimi neqativ olaylarla gəlirsə, deməli, sözügedən qurumun daxilində də eyni hallar yaşanır. Mən hesab edirəm ki, hal-hazırda Milli Şuranı idarə edən o qədər çox antimilli, anti-azərbaycançı qüvvələr var ki, bu qurum indi özü də kimin fitvası ilə oturub-duracağını ayırd eləyə bilmir. Nəticədə ortaya milli yox, kinli Şura çıxır. Hansı ki, acığını öz ağalarından çıxmaq əvəzinə, millətindən, dövlətindən çıxarmağa cəhd edir. 20-25 illik tarixi olan Azərbaycan müxalifətinin xəstə bətnindən doğan Milli Şura heç nəyi ilə seçilə bilmədi. Halbuki bir çoxları onun ulduzunun daha gur parlayacağına ümid edirdilər. Baş verən hadisələrdən sonra inanmıram ki, nə Milli Şura, nə də AXCP bir də özlərinə gələ bilsinlər".
Fuad