Siyasi aktivlik üçün nələr etməli?
15:54 06-03-2015
SİYASƏT
Siyasi aktivlik üçün nələr etməli?
"Fərdlər və cəmiyyət aktivləşməlidir"
Bu gün dünyada və Azərbaycanda siyasi fəallığın artması kifayət qədər müzakirə olunan mövzuya çevrilib. Çünki son onillikdə dünya siyasətində bir tərəfdən münaqişələr nə qədər çox artırsa, bir o qədər də insanlarda siyasi passivlik müşahidə olunur. Bəs bu problemi necə həll etmək olar? ."Unikal"a müsahibə verən politoloq Əli Orucov bir sıra məqamlara aydınlıq gətirdi.
-Siyasi aktivliyin təmin olunması üçün nələr etmək lazımdır?
Siyasi aktiviliyin təmin olunması üçün ilk növbədə münbit şərait yaradılmalıdır. Cəmiyyətin aktiv təbəqəsinin siyasi proseslərdə iştirakına imkan verilməlidir və məhdudiyyətlər aradan qaldırılmalıdır. Doğrudur, bu məhdudiyyətlər bir başa olmasa da, dolayısı ilə insanları çəkindirir. Siyasi aktivliyi yaratmaq üçün siyasi və vətəndaş institutlarının inkişafına sərbəstlik və dəstək verilməlidir. Maliyyə dəstəyi heç də hər şeyi həll etmir. İdeoloji çalarların da rəngarəngliyi önəm daşıyır. Hər kəs eyni baxışa, eyni düşüncəyə və yanaşamaya sahib ola bilməz ki. İnsanları növlərə, təbəqələrə, ögey-doğmalığa və yaxınlığa-uzaqlığa görə bölmək, fərqləndirmək olmaz.
Konstitutiyamızda açıq aydın göstərilir ki, hakimiyyətin mənbəyi xalqdır. Hakimiyyət öz mənbəyini xalqdan almalıdır. Bunun üçün hakimiyyətin qollarının formalaşdırılmasında və idarəçiliyində xalqa imkan tanınmalıdır. Seçicilərə heç bir halda təsir etmək yolverilməzdir və bunun qanunvericiliklə hüquqi məsuliyyəti var. Digər sahələrdə olduğu kimi siyasi sahədə də rəqabət mühüti yaradılmalıdır. Çox partiyalı siyasi sistemlər ona görə inkişaf edir ki, orada rəqabət var. Rəqabət olan yerdə də dinamiklik, çeviklik, siyasi qüvvələrin rotasiyası baş verir ki, bu da həm davamlı dayanıqlıq, həm də stabillik, inkişaf yaradır. Bunu da deyim ki, çoxpartiyalı siyasi sistemlə, partiyaların sadəcə kəmiyyət çoxluğunu eyniləşdirmək olmaz.Bu partiyaların da yaradılması cəmiyyətin sifarişi ilə deyil, hansısa qrup və fərdin istəyi ilə olur. Sizin də bildiyiniz kimi dünya qloballaşdığından bir ölkədə, bir regionda gedən proseslər istər-istəməz başqalarında, o cümlədən, beynəlxalq aləmin subyekti olaraq Azərbaycandan da yan keçmir. Ona görə də, siyasi aktivliyə xarici faktorların bu və ya digər şəkildə təsiri də nəzərə alınmalıdır. Bu gün zahirən sizə elə gələ bilər ki, ölkədə hər şey qaydasındadır, hər şey nəzarətdədir, sabitlik var və s. Lakin unutmamalıyıq ki, Azərbaycan çox mürəkkəb geosiyasi məkanda yerləşir və müxtəlif mədəniyyətlərin və inancların vətəni olmaqla bahəm də maraqların toqquşduğu bölgədir. Məhz bu baxımdan da hər hansı təhlükələri önləmək üçün demokratik dəyərlərə söykənən siyasi aktivliyə nail olmaq hər kəsdən çox bizə lazımdır.
- Bu gün siyasətdə qadınların aktivliyi qaneedicidirmi?
-Ta qədimdən Türk xalqlarının qadına baxışları tamam fərqli olub. Bəzi xalqlardakı kimi, qadın ailə-məişət, nəsil artırmaq kimi funksiyaların icraçısından üstün olublar. Türk qadını döyüşçü, müşavir, arxa-dayaq, məsləhətçi, sərkərdə, alim, tərbiyəçi və yol göstərən olublar. Təsadüfi deyil ki, Şərqdə ilk səsvermə hüququ qadınlara 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin vaxtında verilib. Halbuki Avropanın bəzi ölkələrində ötən əsrin ortalarınadək qadınlarda belə hüquqlar tanınmayıb. Azərbaycan qadınında kişiyə böyük etimad və hörmət hissi və təvəzökar olduğundan çox vaxt özünün müəyyən hüquqlarından könüllü imtina edir. Bəzən elə düşünür ki, güya kişi qadın görəcəyi işi daha keyfiyyətli daha yaxşı edəcək, yaxud da kişilər fövqəladə gücə sahibdirlər. Bu yanlış təsəvvürdür. Təcrübə göstərir ki, qadınlar kişilərə nisbətən daha məsuliyyətli və daha işgüzar olurlar. Eyni zamanda zərif cins hesab etdiyimiz qadınlar inkiafa, yeniliyə inadkarcasına səy göstərir, ən çətin işlərin öhdəsindən bacarıqla gələ bilirlər. Ona görə də hesab edirəm ki, qadınların siyasətə qoşulması, içtimai həyatımızın bütün sahələrinə nüfuz etmələri faydalı olardı. Qadın sanki dartı qüvvəsi rolunu oynamaqla hərəkəti stumullaşdıra bilər. Yenə dünya təcrübəsinə nəzər yetirsək görərik ki, inkişaf etmiş ölkələrdə ictimai və siyasi həyatda qadınların xüsusi çəkisi hətta kişiləri qabaqlayır. Azərbaycan qadını da fəaldır. Lakin bunu qaneedici səviyyə saymaq olmaz. Hesab edirəm ki, qadının ağlından, potensialından dövlətimizin və cəmiyyətimizın inkişafı, gələcəyi üçün daha çox istifadə etmək olar. Şəxsən mən, hökumətdə əsas postlardan bir və bir neçəsinin qadına həvalə edilməsinin tərəfdarıyam. Xüsusən səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinə rəhbərlik qadınlara daha çox yaraşır.
Yeri gəlmişkən, onu da deyim ki, qadınların siyasi və ictimai aktivliyinə qısqanc yanaşmalar hələ də qalmaqdadır. Xüsusən də, bölgələrimizdə qadınlar öz hüquqlarından istifadə etməyə çətinlik çəkirlər. Gender bərabərliyi tam qorunmur. Müxalifət partiyalarına qadınların meyillənməsində ciddi problemlər var. Həm də sosial-iqtisadi problemlər qadınların nəinki siyasi həyatda görünməsinə, eyni zamanda onun asudə vaxtını mənalı keçirməsinə, istirahət etməsinə imkan vermir.
Qadınları siyasi və ictimai həyatda məşğulluq baxımından təhlillər aparsaq görərik ki, ölkənin Cənub və Mil-Muğan və Şirvan bölgəsi ilə müqayisədə Şimal və Qərb bölgəsində yaşayan qadınlar daha fəal, daha kütləvidir. Bu fərqlilik isə daha çox şəhər mühiti, dinin təsirinin yüksək olması və coğrafi məkanla bağlı yaranan fərqlilikdir. Lakin ümid edirəm ki, qadınlar Azərbaycanda nəyə qadir olduqlarını bir daha sübut edəcəklər. Onlar üçün də geniş imkanlar və fürsət yaranacaq.
-Siyasi aktivliyin artması üçün partiyalar nə etməlidir?
Yuxarıda da vurğuladığım kimi, siyasi aktivliyin yaranmasında siyasi partiyaların və vətəndaş cəmiyyətinin və medianın müstəsna rolu var. Bu üç müstəqil institutlar zəiflədiləndən və sıradan çıxarılandan sonra cəmiyyətdə süstlük və ətalət yaranır. İdeyalar və təşəbbüslərin, habelə dəyərlər uğrunda mübarizənin yerini icraçılıq, yaltaqlıq, məddahlıq, ikiüzlülük və bu kimi neqativ hallar tutur ki, bu da təklükəli sosial-psixoloji bəlaya çevrilir. Hamı əmr və göstəriş gözləyir. Məhz bu bəlaların olmaması üçün siyasi partiyalar və bu partiyalar arasında rəqabət lazımdır.
Əvvəlcə, fərd aktiv olmalıdır ki, cəmiyyət də aktivləşsin. Bunun üçün də vacib olan şərtləri geniş sadalamadan konkretləşdirərək deyim ki, fərdin fərdi maraqlarını gerçəkləşdirmək üçün siyasi fəaliyyətlə perspektivini görmür. İstər müxalifətdə olsun, istər iqtidarda.
Bu isə individuallığa, xüsusi keyfiyyət və bacarıqların üzə çıxarılmasına maneçilik törətməklə yanaşı, arxayınlıq, pessimistlik, tənbəllik, passivlik, ələbaxımlıq kimi mənfi xüsusiyyətlər yaradır. Amma mən iddia etmirəm ki, hər şeyin sonudur və heç nəyin mənası yoxdur. Bildiyiniz kimi 2015-ci il seçki ilidir. Ölkə parlament seçkilərinə gedəcəyindən cəmiyyətdə hərəkətlilik olacaq. Yaxşı olardı ki, hakimiyyət demokratik mühit yaratmaqla xalqın siyasətə, siyasi proseslərə və gələcəyə olan ümidlərini artırsın. Hər kəsə bacarığına və qabiliyyətinə görə qiymət verilsin. Eyni zanmanda cəmiyyətin özü də, vətəndaşı da gərək öz qurduğu dövlətinə sahib dursun, biganəliyə və bivecliyə son qoysun. Partiyaların özləri də xalqla fərdi qaydada işləməlidir. İnandırmağa çalışmalıdır. Ən vacib şərtlərdən biri də rəqabətdə etik qaydaları, siyasi mədəniyyəti gözləməlidir.
-Siyasi mədəniyyət sizcə nədir?
-"Yeni doğulan uşağımı necə tərbiyə edə bilərəm" sorusuna dahilərdən birinin cavabı belə olur ki, əgər cəmiyyət tərbiyəlidirsə buna ehtiyac yoxdur. Siyasi mədəniyyət həm fərdi, həm ictimai məzmun daşıyır. Bir adamın fərdi olaraq tərbiyəsində, mədəniyyətində problem varsa, onu siyasətə də gətirəcək. Mənə görə siyasi mədəniyyət şəxsin davranışlarından, ictimai yerdə və cəmiyyətdə özünü aparmasından başlayır. Siyasi mədəniyyət siyasətçinin sözünün və imzasının arxasında durması, dedikləri ilə əməlinin üst-üstə düşməsi, kimliyindən asılı olmayaraq rəqiblərinə hörmət göstərməsi, daşıdığı ideyalarına, prinsiplərinə sadiqliyi və dəyərlərə sayğı deməkdir. Siyasətçidə siyasi mədəniyyət çox vacib şətrdir. Demokratik ölkələrdə seçki prosesində siyasi mədəniyyət o qədər önəm daşıyır ki, hətta, bu siyasətçinin seçki prosesi zamanı taleyinə birbaşa təsir edir.
Bəzən elə hesab edirlər ki, siyasətdə hər şey məqbuldur və makiavelist yanaşma olan "məqsəd vasitəyə bəraət qazandırır" keçərlidir. Lakin hər şeydən əvvəl biz Şərqli, Türk və Müsəlmanıq. Nə yazıqlar ki, Azərbaycanda hələ də siyasi mədəniyyət tam formalaşmayıb. Ümid edirəm ki, tezliklə bu kəm-kəsir də aradan qalxacaq.
Digər Xəbərlər
2024-12-24 13:03:49
2024-12-24 12:50:00
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00