Aslan Aslanovun sözü yerə düşdü
12:23 18-03-2015
CƏMİYYƏT
Aslan Aslanovun sözü yerə düşdü
Sabiq nazir müavinini daha bir şok gözləyir
Şəmkirin sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovu növbəti şok xəbər gözləyir. Belə ki, onun oğlunun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyev bir neçə günə həbsxanadan qurtula bilər.
Bu yöndə yayılan iddianı adıçəkilən məhkumun vəkili də təsdiqləyib. "Məhkum Vüqar Əliyev Novruz bayramında əfv olunacaq" - deyə Vüqar Əliyevin hüquqlarını müdafiə edən Adəm Məmmədov deyib.
Vəkilin sözlərinə görə, Vüqar Əliyevin əfv olunması ilə bağlı Əfv Komissiyasına etdikləri müraciət artıq qeydə alınıb: "Vüqar Əliyevin cəzasını çəkdiyi Qobustan həbsxanasından onun barəsində müsbət xasiyyətnamə verilib. Orada qeyd olunub ki, Vüqar Əliyev tam islah olunub və cəmiyyətə tam yararlıdır. Onun əfv olunması çox ədalətli bir qərar olardı. Çox ehtimal edirəm ki, Vüqar Əliyev bu bayram əfv olunacaq. Bir nəfərə görə ömürlük azadlıqdan məhrum edilmə cəzasının verilməsi təcrübədə yoxdur. Vüqar azadlığa çıxma abu-havasındadır. Onun ailəsi də Vüqarın yolunu gözləyir. Əfv prezidentin müstəsna səlahiyyətinə daxildir".
Bir daha xatırladaq ki, Vüqar Əliyev Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilib. Məsələ burasındadır ki, V.Əliyevə CM-in 177.2.1 maddəsi ilə ittiham irəli sürülüb. Onun sözlərinə görə, mərhumun üstündə olan telefonu ayaqyoluna tullayan şəxs nişanlısı Lamiyə Quliyeva olub. A.Məmmədov Lamiyənin cinayəti etiraf etdiyini yada salaraq, bu maddənin V.Əliyevin üzərindən götürülməsinin vacibliyini vurğulayıb. "İstintaqçılar belə nəticəyə gəlmişlər ki, guya bu cinayət hadisəsi Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun öz xidməti vəzifəsini təqsirləndirilən şəxsin və ya ailə üzvlərinin (torpaq mübahisəsi) maraqlarına zidd şəkildə icra etməsi səbəbi ilə baş vermişdir. Bu səbəbdən də, Əliyev Vüqar İbrahim oğluna AR CM-in 120.2.3-cü maddəsi ilə də ittiham verilmişdir. Belə ki, AR Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməsini nəzərdə tutur. Aslan Aslanov məhkum Əliyev Vüqar İbrahim oğlunun ömürlük azadlıqdan məhrum edilməsinə öz qulluq mövqeyindən istifadə edərək hüquq-mühafizə orqanlarına təsiri ilə nail olmuşdur. Qəsdən adam öldürmə işləri üzrə bir nəfərin öldürülməsinə görə məhkəmə təəcrübəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsinin statistik göstəricilərdə faiz dərəcəsi sıfra bərabərdir. Əliyev Vüqar İbrahim oğlunun həqiqətdə Aslan Aslanovun oğlunu öldürmədiyi məlumdur" deyə onun vəkili daha əvvəlki açıqlamalarında bildirmişdi.
Artıq qətlin törədilməsində əsas iştirakçı - Lamiyə Quliyeva azad edildiyindən Vüqar Əliyevin də əfv fərmanı ilə azadlığa buraxılması ehtimalı kifayət qədər yüksəkdir.
Əldə etdiyimiz məlumata görə, Aslan Aslanov Lamiyənin həbsdən qurtulmasından sonra heç olmasa, V. Əliyev barədə hökmün dəyişdirilməməsi üçün əlindəki bütün imkanları səfərbər edib. Bundan başqa, o, nüfuzundan yararlanaraq, Vüqarın əfvə düşməsi üçün prosedurların həyata keçirilməsini önləyib. Amma onun sözünün Əfv Komissiyası üzvləri tərəfindən yerə düşdüyü və artıq V. Əliyevin adının bağışlanılması üçün ölkə başçısına təqdim edilən məhkumlar siyahısında olduğu deyilir. Şübhəsiz ki, son sözü dövlət rəhbəri söyləyəcək.
Bununla belə, açıq görünən odur ki, A. Aslanovun uzun illər şəxsi nüfuzu, vəzifə səlahiyyətləri hesabına qanunvericiliyin tələblərindən kənara çıxmaq yolu ilə də olsa, V. Əliyev və L. Quliyevanı mümkün olduğu qədər çox həbsdə saxlatmaq planı artıq, obrazlı desək, "suya düşüb".
İndi hətta o da istisna edilmir ki, adıçəkilən məhkumların istintaqı zamanı vəzifəsindən sui-istifadə etdiyinə görə sabiq icra başçısının özü qanunvericiliyin müvafiq tələbləri ilə üzləşmək məcburiyyətində qalsın.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27