Böhran Əkbər Hacıyevi də "vurdu"
08:43 19-03-2015
CƏMİYYƏT
Böhran Əkbər Hacıyevi də "vurdu"
"Azəriqaz"da başlayan ixtisarların ilginc təfərrüatları
"Azəriqaz növbəti dəfə ölkə qanunvericiliyini pozub. Dünən (17.03. 2015 - red.) "Azəriqaz"da başqa formada ixtisarlar başlayıb. İşçilərə bildiriblər ki, işdə saxlanılmaq üçün imtahan verməlidirlər". Bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.
O bildirib ki, ixtisarlar və struktur dəyişikliyi zamanı işçilərin imtahana cəlb edilməsi qanunsuzdur: "Bu qərəzli surətdə Əmək Məcəlləsinin 77,78 və 79-cu bəndlərini saymayan Azəriqaz məsullarının qanunsuz əməlləridir".
"Azəriqaz"İB-nin İctimaiyyətlə əlaqələr şöbəsi məsələ ilə bağlı anspress-in sorğusunu cavablandırıb. İB-dən bildirilib ki, sözügedən imtahanlar struktur dəyişikliyi ilə əlaqədardır. Hələ ötən ilin may ayından başlayaraq ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin strukturunda təkmilləşdirmə işlərinin aparılmasına başlanılıb. Təkmilləşdirmə işlərinin aparılmasında məqsəd struktur bölmələrinin səmərəliliyinin artırılması, idarəetmə mexanizminin və xərclərin optimallaşdırılmasını təmin etməkdən ibarətdir.
Bakı və Abşeron Qaz istismar sahələri tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı, həmçinin qəza dispetçer xidmətləri ləğv edilərək Birliyin Təmir-tikinti idarəsinin nəzdində mərkəzləşdirilmiş Qəza təmir-bərpa xidməti yaradılıb. Eyni zamanda Respublikanın digər rayon Qaz istismar sahələri birləşdirilərək onların bazasında 8 Regional Qaz İstismar İdarələri yaradılaraq fəaliyyətə başlayıb.
Bundan əlavə Bakı və Abşeron yarımadasında movcud abonentlərin smart tipli qaz sayğacları ilə təchiz olunması, 4 məntəqədəki "ASAN XİDMƏT"lərdə abonentlərə müvafiq xidmətlərin göstərilməsi, "Qazdan istifadə qaydaları"na uyğun olaraq Birliyin idarəetmə aparatında Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin yaradılması, müştəri məmnuniyyətinin qazanılması məqsədilə 104 və 185 qaynar xətlərində "Çağrı mərkəzi" xidmətinin yaradılması, baş vermiş qaz sızmalarının vaxtında aşkar olunması üçün müasir qazanalizedici cihazlarla təchiz edilmiş nəqliyyat vasitələrinə və mobil qazanalizatorlara malik olan xüsusi ixtisaslaşmış podratçı təşkilatla müqavilənin bağlanması nəinki izafi xərclərin azalmasına, işlərin operativ idarəolunmasına və ən əsası baş verə biləcək bədbəxt hadisələrin 2-3 dəfə azalmasına səbəb olub.
Cari ildə də bu işlər davam etdirilərək Abşeron rayonu və paytaxt Qaz istismar sahələrinin qaz sərfi avadanlıqları və ölçü cihazlarının istismarı və xidməti ilə məşğul olan struktur bölmələrinin bazasında hüquqi şəxs statusuna malik olmayan "Bakı Regional qaz ölçü qurğularına xidmət Departament"i yaradılıb.
Ləğv edilmiş "sayğacların qəbulu və satışı xidmətləri"ndə çalışan işçilər haqqında məlumatlar və yeni yaradılan Departamentin ştat cədvəli SOCAR-ın baş ofisinin İnsan Resursları Departamentinə (İRD) təqdim edilib. Adı çəkilən Departament tərəfindən həmin işçilərin müvafiq qanunvericiliyə əsasən ştat cədvəlində olan vakant yerlərə uyğunluğunun müəyyən edilməsi üçün test imtahanları keçiriləcək.
Keçiriləcək imtahanların nəticəsinə görə əmək münasibətlərinin davam etdirilməsi mümkün olmayan yəni sərbəstləşən işçilərə SOCAR və Azərbaycan Neft-Qaz Sənəyesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq əmr-qərarı ilə müəyyən edilmiş əmək haqqının 5 misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödəniləcək.
Birdəfəlik işdənçıxarma müavinətindən yararlanmayan sərbəstləşən işçilərin isə "ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair" Proqrama qoşulması üçün Birlik tərəfindən SOCAR rəhbərliyinə müraciət edilib. Test imtahanından və yeni strukturda yerləşdirmə prosesindən narazı olan vətəndaşların şikayətləri "Azəriqaz" İB və İnsan Resursları Departamenti tərəfindən operativ şəkildə araşdırılır və nəticə barədə vətəndaş məlumatlandırılır.
Qeyd edək ki, bir müddətdir mətbuatda neftin ucuzlaşmasından sonra Dövlət Neft Şirkətinin (ARDNŞ) öz işçilərinin sayını kütləvi şəkildə azaldacağına dair məlumatlar xeyli intensivləşib. İstisna olunmur ki, Əkbər Hacıyevin rəhbərlik etdiyi "Azəriqaz"da işçilərin ixtisarı da əslində bu qurumun tabe olduğu ARDNŞ-də işçilərin sayının kəskin azaldılmasına yönəlmiş planın tərkib hissəsidir.
Eyni zamanda xatırlatmaq yerinə düşər ki, hələ ötən ilin aprelində KİV yazırdı ki, Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyində struktur dəyişikliyi ediləcək. O vaxt bildirilirdi ki, 2014-cü il mayın 15-dən etibarən Bakı və Abşeron üzrə Qaz İstismar Sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı və qəza dispetçer xidmətləri ləğv ediləcək.
Həmin vaxt ekspertlər vurğulayırdılar ki, yeni dəyişiklik böyük sayda ixtisarlara yol açacaq, ehtimal edilirdi ki, bu sahədə çalışan işçilərin ən azı 50 faizi ixtisara düşəcək.
İndi görünən odur ki, iqtisadi böhran şəraitində Əkbər Hacıyevin rəhbərlik etdiyi qurum ixtisarları genişləndirməkdən başqa çıxış yolu tapa bilməyib.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00