Cahangir Əsgərovun inhisarçı "AZAL"-ı
11:42 10-04-2015
CƏMİYYƏT
Cahangir Əsgərovun inhisarçı "AZAL"-ı
Bundan kim itirir, kim qazanır?
"Azerbaijan Airlines" (AZAL) aviaşirkəti bu ilin 2 ayında 230 min sərnişinə xidmət edib. Bu, ötən ilin eyni dövründəkindən 3% çoxdur. Bu zaman bu sərnişinlərin daşınması üçün aviaşirkət hava məkanında 16,9% çox uçmalı olub.
Müstəqil müşahidəçilər qeyd edir ki, beynəlxalq xətlər üzrə çevik tarif rejimi olsaydı, AZAL daha çox sərnişin daşıya bilərdi: şirkət inhisarçı mövqeyindən istifadə edərək rəqibləri olmayan bir çox istiqamətlər üzrə yüksək tariflər tətbiq edir. AZAL yerli bazara turistlər, tələbələr və digər sərnişin təbəqəsi üçün əlverişli olan ucuz ekonom paketlər təklif edən bəzi xarici şirkətlərin yerli bazara daxil olmasına mane olur.
Dövlət Mülki Aviasiya Administrasiyası, eləcə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Azerbaijan Airlines" aviaşirkətinin hərəkətlərinə reaksiya vermir.
2014-cü ilin II rübündən aviaşirkət dövlət orqanlarına maliyyə fəaliyyəti ilə bağlı statistik məlumatları vermir. Ona görə rentabelli işləyib-işləmədiyi məlum deyil. 2014-cü ildə yerli aviaşirkətlər daşınan sərnişin sayı üzrə rekord vurub - 1790,4 min (+7,6%). Sərnişinlərin 99,9%-i AZAL-ın payına düşür.
Digər şirkət isə "Silk Way Business Aviation"dur. Ötən il "Turan Air" aviaşirkəti "radardan itib". Hər iki şirkət "Silk Way Holding" şirkətlər qrupuna daxildir.
Onu da qeyd edək ki, bu günlərdə "AZAL"-ın inhisarçı mövqelərinin dövlət büdcəsinə və sərnişinlərin cibinə ciddi zərbə vurduğu mətbuatda geniş müzakirə mövzusuna çevrilmişdi. Məsələ burasındadır ki, AZAL ölkədə fəaliyyət göstərən digər hava yolları şirkətlərinə qiymətləri diktə edir. Bilet qiymətləri olduqca baha olan şirkət, digər şirkətlərə də qiymətləri ucuzlaşdırmağa imkan vermir. Məqalədə iddia olunur ki, ucuz uçuşlar həyata keçirən şirkətlər Cahangir Əsgərovun rəhbərlik etdiyi QSC-nin qəzəbinə gələrək, ölkəni tərk etməli olur.
Ölkəni tərk etməyənlər isə sözügedən şirkətlə qeyri-rəsmi qiymət müqaviləsi bağlamalıdır. Həmçinin, qeyd olunur ki, Azərbaycandan uçuşları reallaşdıran başqa hava yolları firmaları üçün əlavə "ödənişlər" də tələb olunur. Bu da onların qiymətləri yüksək saxlamasına səbəb olur.
Hətta iş o yerə çatıb ki, ölkəmizdə uçuş qiymətlərinin bahalığı səbəbindən bəzi sərnişinlər yay aylarında səfərlərə Bakıdan deyil, qonşu Gürcüstandan, Tiflisdən getməyə məcbur olurlar. Bundan başqa, Cahangir Əsgərovun rəhbərlik etdiyi QSC-nin bu cür qiymət siyasəti Azərbaycanın turizm ölkəsi kimi cəlbediciliyini daha da azaldır. Belə ki, Türkiyə və Gürcüstanda hava yolları şirkətlərinin təklif etdiyi qiymətlər əcnəbilər üçün xeyli münasibdir, belədə isə onlar məhz həmin ölkələrdə dincəlməyə üstünlük verirlər. Çünki Azərbaycana gəlmək üçün təyyarə biletlərinə xeyli artıq ödəniş etməkdənsə həmin pula digər ölkələrdə istirahət müddətini uzatmaq mümkündür.
Beləliklə, Cahangir Əsgərovun rəhbərlik etdiyi QSC-nin monopolist mövqeyi dövlət büdcəsini və sərnişinlərin cibini zərərə uğratmaqdadır.
Qeyd edək ki, AZAL-ın sabiq prezidenti Ədalət Əliyev də təxminən iki həftə öncə bu qurumun inhisarçı mövqelərinin də ciddi problemlər yaratdığını demişdi: "Açığını deyim ki, bizdə bu sahədə rəqabət mühiti yoxdur. Rəqabət olmayan yerdə özbaşınalıq olur. Monopoliya olan yerdə inkişaf və mübadilədən söhbət belə gedə bilməz. Problemin başqa səbəbləri var. Onu araşdırmaq lazımdır".
Son söz yenə də Dövlət Mülki Aviasiya Administrasiyası, eləcə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindir. Bu qurumların AZAL-ın inhisarçı mövqelərinin zəiflədilməsi, rəqabət imkanlarının artırılması, bunun sayəsində dövlət büdcəsinin və sərnişinlərin cibinin qazanması üçün yollar axtarması vacibdir.
Yeri gəlmişkən: bir neçə gün əvvəl məlum oldu ki, hazırda dövlətə iri vergi ödəyicilərinin 2,2 milyard manat borcu var. Maraqlıdır ki, bu borcların bir hissəsi də Cahangir Əsgərovun rəhbərlik etdiyi AZAL-ın payına düşür. Maraqlıdır, görəsən, inhisarçı mövqeyə malik olan, həddən artıq baha qiymətə uçuş həyata keçirən adıçəkilən QSC, necə olur ki, bütün bunlar;n müqabilində yenə də dövlət xəzinəsinə borclu qalır?
Hər halda kifayət qədər ciddi sualdır və istər AZAL-ın, istərsə də digər aidiyyatı dairələrin bu suala cavab verməsi yaxşı olardı.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00