Əli Həsənov: "Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində türkdilli xalqların maraqları, Azərbaycanın mənafeyi naminə misilsiz işlər görüb"
11:12 22-04-2015
CƏMİYYƏT
Əli Həsənov: "Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində türkdilli xalqların maraqları,
Azərbaycanın mənafeyi naminə misilsiz işlər görüb"
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində Azərbaycan bələdiyyələrinin milli assosiasiyalarının və Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) birgə təşkilatçılığı ilə "Türk dünyası" kitabının geniş təqdimat mərasimi keçirilib. Kitab TDBB-nin dəstəyi ilə nəşr olunub.
TDBB-nin Yüksək Yazarlar Şurasının üzvü, tanınmış yazıçı, professor Özgen Keskinin müəllifi olduğu kitabda türk dünyasının çoxəsrlik tarixi dövründə maraqlı faktlar, iki minillik ərzində əbədi iz qoyan türk xalqının 12 öndəri, o cümlədən Atilla, Dədə Qorqud, Çingiz xan, Mustafa Kamal Atatürk və ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətləri ilə bağlı müfəssəl məlumatlar təqdim olunur.
Tədbirdə iştirak etmək üçün ölkəmizə gələn Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Fəxri Solak və Birliyin üzvləri Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Qonaqlar, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər çiçəklər düzüblər.
Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, türkdilli dövlətlərin ölkəmizdəki səfirləri, görkəmli tarixçilər, ziyalılar, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərdiyini vurğulayıb.
Əli Həsənov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində türkdilli xalqların maraqları, Azərbaycanın mənafeyi naminə misilsiz işlər görüb, dahi rəhbərin əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən neft strategiyası, regionda irimiqyaslı layihələrin reallaşdırılması türk dünyası ölkələri arasında birliyin, dostluğun və qardaşlığın möhkəmlənməsinə xidmət edir. Ümummilli Liderin yüksək ideyaları, amalları bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.
Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu deyən Prezidentin köməkçisi bu əlaqələrin dərin tarixi köklərə malik olduğunu, tarix boyu xalqlarımızın bir-birini dəstəklədiyini vurğulayıb. Əli Həsənov bu günlərdə Avropa Parlamentinin qəbul etdiyi qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməyə toxunaraq qeyd edib ki, bu sənəd qurumun tarixində ən biabırçı, həqiqəti əks etdirməyən, Birinci Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərardır. Bu qətnamənin antimüsəlman və antitürk ovqatından qaynaqlandığı şübhə doğurmur. Bu qərar Azərbaycanda və Türkiyədə haqlı olaraq ciddi surətdə pislənilir. Türkdilli dövlətlər bu istiqamətdə birlik nümayiş etdirməlidirlər.
Əli Həsənov deyib: "Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının əsasında müasir dünyanın yeni çağırışları fonunda dövlətlərimizin və xalqlarımızın eyni mövqedən çıxış etməsi reallığı dayanır. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" ideyaları Azərbaycan-Türkiyə münasibətlərinin söykəndiyi əsas prinsipdir. Azərbaycan Prezidenti İlham Əliyevin "Bizi birləşdirən bizim tariximizdir, - xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar, - ənənələrimizdir, bizim mədəniyyətimizdir, dilimizdir, kökümüzdür, etnik mənsubiyyətimizdir. Bu, gələcək inkişaf üçün çox böyük bir əsasdır" fikirlərini irəli sürməsi Azərbaycan dövlətinin türkdilli xalqların birliyinə verdiyi əhəmiyyətin bariz göstəricisidir".
Digər Xəbərlər
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03