Cinsi təcavüzə məruz qalan
qadınların hüququ müdafiə olunur
Müzəffər Baxışov: "Hüquq mühafizə orqanları zorlama cinayətlərinə çox vicdanla yanaşırlar"
Son günlər bölgələrdə biri-birinin ardınca qeydə alınan zorlama faktları cəmiyyətdə rezonans yaratdı. Mühafizəkarlığı, ailə dəyərləri ilə seçilən cəmiyyətimizdə bakirə qızlara qarşı zorlama faktlarının törədilməsi bu cür əməllərə lazımi hüququ qiymətin verilməməsi və zorlama cinayətlərinə verilən cəzaların daha da sərtləşdirilməsi ilə bağlı təkliflərin səslənməsinə səbəb oldu. Tovuzda baş verən zorlama olayı ilə bağlı zərərçəkmiş tərəfin şikayətləri isə zorlama faktlarının araşdırılmasında hüquq pozuntularının qeydə alınması məsələsini gündəmə gətirdi. Azərbaycan hüquqi dövlət olduğundan bu cür hallar yolverilməz olsa da, zorlama faktları ilə bağlı şikayətlərin araşdırılmasından zərərçəkmiş tərəflərin narazılığı hüquq mühafizə orqanlarına qarşı müəyyən iddiaların səslənməsi ilə nəticələndi."Unikal"ın əməkdaşı ilə söhbətində "Hüquqi Dövlət" Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışov zorlama faktlarının araşdırılmasında zərərçəkmiş tərəfin hüququnun müdafiəsi, ölkə qanunvericiliyi ilə bu cür hərəkətləri törədən şəxslərin cəzalandırılması və zorlama cinayətlərinin araşdırılmasında qeydə alınan hüquq pozuntularından söhbət açıb.
-Müzəffər müəllim son günlər bizim cəmiyyətimizə xas olmayan zorlama faktları ilə bağlı xəbərləri tez-tez eşidirik. Bu cür hadisələrin ard-arda qeydə alınması isə cəmiyyətdə, eləcə də sosial şəbəkələrdə törədilən bu çirkin əməllər ya cəzasız qaması, yaxud da bu cür əməllərə verilən cəzalar çox yüngül olması ilə bağlı fikirlərin səslənməsinə səbəb olur. .
-Mən deməzdim ki, zorlama hadisələrinə bizim hüquq mühafizə orqanları tərəfindən laqeyid yanaşılır. Azərbaycanda polis də, istintaq orqanları da, məhkəmə də, bu cür cinayətləri törədənlərə qarşı deyərdim ki, əksinə, çox sərt davranır. Əvvəldən də bizim cəmiyyətdə bu cür hadisələri törədənlərə münasibət çox kəskin olub. Nəinki bu əməli törədənlərə, onun yaxınlarına belə barışmaz münasibət olub. Hüquq mühafizə orqanları da hansısa qızın namusunu ləkələyən şəxsə qarşı barışmza mövqedə olub, bu cinayəti törədənin yaxalanıb öz cəzasını çəkməsi üçün üzərinə düşən işi layiqincə yerinə yetirib. Odur ki, bu cür fikirləri səsləndirənlərlə mən bir hüquqşunas, hüquq mühafizə orqanları ilə tez-tez təmasda olan bir şəxs kimi razı deyiləm. Özüm belə hüququnu müdafiə etdiyim bu cür şəxslərin namusunu ləkələyən cinayətkarın tapılmasında, onun cinayətinin sübuta yetirilməsində polisin, müstəntiqin nə qədər səy göstərdiyinin şahidi olmuşam. Ümumiyyətlə birmənalı şəkildə deyərdim ki, polis, müstəntiq bu cür cinayətlərdə zərərçəkmişin hüququnu nəinki pozur, əksinə ona kömək etmək, cinayətkarın tapılıb cəzalandırılması üçün əlindən gələni edir. O ki, qaldı bu cür cinayətlərə verilən cəzaların sərtləşdirilməsi tələblərinə, düşünmürəm ki, bu cinayəti törədənlər yüngül cəza alacaqlarını düşünərək bu əməli törədirlər. Çünki, zorlama hadisələrinə qarşı qanunvericilik də kifayət qədər sərtdir. Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci bölməsində bir neçə maddə var ki, həmin maddələr hər hansı şəxsə təcavüz edərək onu cinsi zorakılığa məruz qoyan şəxsi cəzalandırmağa böyük imkan yaradır. Cinayıt Məcəlləsinin 20-ci fəslində "Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər" öz əksini tapıb. 149-cu maddənin 1-ci bəndində göstərilib ki, "Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə; zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə; təkrar törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 151-ci maddədə isə göstərilib ki, seksual xarakterli hərəkətlərə məcbur etmə əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.152-ci maddədə qeyd olunub ki, yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu qanunvericilik bazası göstərir ki, Cinayət Məcəlləsi bü cür əməllərə hüquqi qiymət verilməsi üçün kifayət qədər yetərlidir. Qanuna dayanaraq cinayətkarın cəzalandırılması üçün müraciət etmiş zərərçəkənin hüququnun pozulmaması üçün qanunda zəruri maddələr var. Hüquq mühafizə orqanları da zorlama faktlarının araşdırılmasına vicdanla yanaşırlar.
- Bəs niyə bu cür hadisələr, zorlama faktları müxtəlif müzakirələrə, bəzən zorlananın günahlandırılmasına belə səbəb olur.
-Biz bəzən bu məsələyə birtərəfli yanaşırıq.Hər zorlanmışam deyəni zərərçəkmiş hesab edirik. Hər zorlanma iddiası səsləndirənin hüququnun pozulduğuna,cinsi təcavüzə məruz qaldığına inanırıq. Və hüquq mühafizə orqanlarından da bu hadisəyə hüquqi qiymət verilməsini tələb edirik. Amma bəzən zorlanma iddiası ilə böhtan atanlar da az olmur. Maddi tələbatı ödənilmədiyindən polisə müraciət edib zorlandığını iddia edənlər də az olmur. Hüquq mühafizə orqanları işi araşdırdıqda bəlli olur ki, qadın heç də zorlanmayıb. Onun pullu göstərdiyi cinsi xidmətin haqqı ödənilmədiyindən əks cinsə böhtan atır. Yenə də deyirəm ki, bizim hüquq mühafizə orqanları bu məsələyə vicdanla yanaşır. Doğurdan da cinsi təcavüzə məruz qalan qadının hüququ müdafiə olunur.
-Bəs niyə bəzən bu əməlləri sübuta yetirmək çətin olur?
-Bunun da tutarlı səbəbi olur. Zorlanmaya məruz qalan qadın bəzən çox gec polisə məlumat verir. Bir il davamlı zorlandıqdan, üstündən 1 il keçəndən sonra gəlib deyir ki, məni zorlayıblar. Bu zaman tibbi ekspertiza aparmaq da çətin olur. Zorlanma hadisəsindən dərhal sonra polisə müraciət etdikdə ekspertiza təyin olunur. Qadına qarşı zorakılığın olub- olmadığı araşdırılır. Kişinin və qadının paltarından mikrohissəciklər götürülür. Bu zaman faktı təsdiqləmək də asan olur. Amma çox gec müraciət etdikdə zorlanmanı sübuta yetirmək, bunun üçün lazımi sübutlar toplamaq da çətin olur. Məhkəmə tibbi ekspertizası bu hadisənin törədildiyini təsdiqləyən dəlillər üzə çıxarda bilmir. Bu zaman da narazılıqlar baş verir. Zərərçəkdiyini iddia edən tərəf hüququnun pozulduğunu düşünür.
-Müzəffər müəllim sizin təcrübənizdə olubmu ki, zorakılığa cinsi təcavüzə məruz qaldığı təsdiqlənən qadının hüququ pozulsun. Ona qarşı bu əməli törədən lazımi cəzanı almasın?
-Bu cür hallara məhkəmə zamanı rast gəlinir. Bu əməli törədən öz layiqi cəzasını almır. Ona bəzən daha yüngül cəza təyin edilir ki, bu da zərərçəkmişin hüququnun pozulmasına gətirib çıxardır. Haqlı olaraq qarşı tərəf məhkəmənin qərarından razı qalmır. Bu zaman digər məhkəmə instansiyalarına şikayət edir. Amma etiraf edək ki, zorlama hadisəsini törədən şəxsin lazımi cəza alması belə bəzən zərərçəkmişə təsəlli olmur. Çünki, onda özünə qarşı cəmiyyətdə bir kompleks yaranır, namusu ləkələnmiş bir qadın kimi bütün nəzərləri daim üzərində hiss edir. Bu zorlanma hadisəsinin qadına vurduğu ən böyük psixoloji zərbədir ki, cinayətkar cəzasını alsa da, bu qadınlar həyatları boyu bu travma ilə yaşayırlar. Ona görə də hesab edirəm ki, hüquqi dövlət kimi Azərbaycanda bu əməllər bütün instansiyalarda öz hüquqi qiymətini almalı, bu əməli törədənlərə bir görk olmalıdır.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16