Abid Şərifov hökumətdə "zəif bənd"ə çevrildi
10:55 26-05-2015
İQTİSADİYYAT
Abid Şərifov hökumətdə "zəif bənd"ə çevrildi
Baş nazir müavininin açıqlamaları iqtidar daxilində də narazılıq yaradıb
Baş nazirin müavini Abid Şərifovun son açıqlamaları onun özünə qarşı çevrilib. KİV-də, sosial şəbəkələrdə və ictimaiyyətdə narazılıq yaradan həmin açıqlamalar qocaman vitse-premyeri hökumət dairələrində də pis vəziyyətdə qoyub.
Xatırladaq ki, paytaxtın Nobel prospekti, Zığ yolunda yanan binanın narazı sakinləri ilə görüşən A.Şərifov binanın təmiri, kompensasiya ödənilməsi kimi məsələləri qaldıran sakinlərlə kobud rəftar edib. Narazı sakinin sözlərini yarımçıq kəsən baş nazirin müavini ona "Nağıl danışma" deyib və digər sakinlərə narazılıqlarını bildirməyə imkan verməyib.
Abid Şərifov həmçinin yanan binanın gələcək taleyilə bağlı sualları da kobud şəkildə cavablandırıb. Binada təmir işlərinin 5 aya tam başa çatacağını bildirən baş nazirin müavini üzlüklərin hansı materialdan olması haqda hələ ki, qərar verilmədiyini açıqlayıb. Belə ki, jurnalistin "Tikinti işlərinə hansı şirkət daxil olacaq? sualına Abid Şərifov belə cavab verib:
"Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala... Sonra?! Müəyyən olunur ki, filankəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun "pressa"ya dəxli var, ay oğul? Sonra? Sualınız var?! Allah sizi qorusun. Mənəm! Mənim şirkətimdir, yaz!".
Bu açıqlamaların ardından Şərifovun ünvanına sosial şəbəkələrdə sərt qınaq mesajları göndərilib, KİV-də tənqidi yazılar yer alıb, bir çox tanınmış ictimaiyyət nümayəndələri baş nazir müavininin bu cür üslubunu kəskin şəkildə pisləyiblər. Amma ən önəmlisi odur ki, Abid Şərifovun dedikləri hökumət çevrələrində də narazılıq doğurub.
Bu barədə redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, baş nazir müavininin dünən tələm-tələsik şəkildə öz açıqlamalarını korrektə etməyə çalışması məhz ona iqtidar daxilindən də təpkilərin olması ilə əlaqədardır.
Qeyd edək ki, baş nazir müavini dünənki açıqlamasında üç gün əvvəl dedikləri ilə bağlı yaranmış vəziyyəti yumşaltmağa çalışıb. "Mən balam kimi deyirəm, ay oğul, ay atam, sənə nə fərqi var kim tikib? Məsləhət olub filankəs tiksin, o da tikir. Siz də mənim bu cavabımı dramatikləşdirirsiniz, faciəyə, tragediya çevirirsiniz, şou düzəldirsiniz" - bunu Şərifov "report.az"a açıqlamasında deyib.
Baş nazirin müavini hesab edir ki, jurnalistlərin hansı şirkətin yaxşı, hansının pis işlədiyini bilmələri mümkün deyil. "Allah sizi qorusun, Allah sizi salamat eləsin. Siz jurnalistlər bəyəm bilirsiz hansı şirkət yaxşıdır, hansı şirkət pisdir, hansı şirkət vicdanla işləyir? Ay Allah sizi salamat eləsin. İstər o balaca, istər də böyük jurnalistlərə mən bir balam kimi, ərkyana müraciət edirəm. Siz də başlayırsız onu şou etməyə. Nə istəyirsiz edin. Allah sizi sağ-salamat eləsin", - A.Şərifov əlavə edib.
Mənbəmizin bildirdiyinə görə, baş nazir müavininin belə bir yumşaldıcı açıqlama ilə çıxış etməsi onun sosial şəbəkələrdə, KİV-də və ictimai rəydə qınaq hədəfinə çevrilməsindən çox, məhz hökumət dairələrində xoş olmayan təpki ilə qarşılaşmasından, yaranmış situasiyanın tutduğu kresloya təhlükə yarada biləcəyi qorxusundan qaynaqlanır.
Onu da deyək ki, "Unikal" olaraq hələ bu ilin fevralında baş nazirin bəzi müavinlərinin postuna ciddi təhlükə yarandığı barədə xəbər vermişdik. Həmin xəbərdə bildirilirdi ki, ölkə rəhbərliyinin büdcə vəsaitlərinə qənaət məqsədi ilə başlatdığı struktur islahatları hökumət kabinetinə də sirayət edə bilər. "İstisna edilmir ki, Nazirlər Kabineti aparatı da kiçildilsin, buradakı bir çox şöbələr birləşdirilsin və yaxud ləğv olunsun. Eyni zamanda hesab olunur ki, baş nazir müavinləri İsmət Abbasovla Abid Şərifovun səlahiyyətləri də birləşdirilə bilər. Belədə isə bu iki müavindən birinin vəzifəsi ilə vidalaşması mümkün sayılır" - qəzetimizin xəbərində deyilirdi.
Abid Şərifovun məlum açıqlamaları səbəbindən onun adı ətrafında yaranan qalmaqal baş nazirin bu müavininin hökumətdəki və ictimaiyyətdəki mövqelərinə ciddi zərbə sayıldığından, "vurulması" ehtimal edilən baş nazir müavininin də məhz o olacağı qənaəti yaradır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05