Məmurlarımız pullarını Türkiyəyə "axıdır"
14:24 28-05-2015
İQTİSADİYYAT
Məmurlarımız pullarını Türkiyəyə "axıdır"
Qardaş ölkədə yaradılan Azərbaycan kapitallı 60 şirkətin sirri
2015-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitallı 60 şirkət, o cümlədən 16 səhmdar cəmiyyət yaradılıb. Bu barədə Türkiyənin Palatalar və Birjalar Birliyindən bildirilib.
Səhmdar cəmiyyətlərin kapitalında Azərbaycan investorlarının iştirakı 76,5%-dir (4 milyon 391,5 min lirə). Azərbaycan sahibkarları məhdud məsuliyyətli şirkətlərin kapitalına isə 3 milyon 392 min lirə qoyublar. İnvestorlarımız əsasən ticarət, ictimai iaşə, turizm, nəqliyyat və s. sahələrə sərmayə yatırırlar.
Qeyd edək ki, bu investorların kimliyi maraq doğurur. Nəzərə alsaq ki, söhbət kifayət qədər iri kapitalın qardaş ölkəyə yatırılmasından gedir, o zaman yaradılan bu 16 səhmdar cəmiyyətin bəzilərinin arxasında müəyyən məmurların maraqlarının dayanması ehtimalı da kifayət qədər yüksəkdir.
O da maraqlıdır ki, Azərbaycandan qardaş ölkəyə belə geniş miqyaslı kapital axını müəyyən oliqarxların külli miqdarda kredit borclarına görə həbs edilməyə başlaması ərəfəsinə təsadüf edib.
Onu da vurğulamaq yerinə düşər ki, son vaxtlar Türkiyənin Azərbaycanın bəzi məmurları və iş adamları üçün cəlbediciliyinin artdığı hiss olunur. Bir müddət əvvəl Bakıda işləri heç də qaydasında getməyən, ciddi maliyyə böhranı yaşadığı açıq hiss olunan "Baghlan Group"un "Hafka" ləqəbli prezidenti Hafiz Məmmədovun qardaş ölkədə biznes işinə girişdiyinə dair informasiyalar yayılmışdı.
Bundan başqa, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (XDGİ) sabiq rəisi Aydın Bəşirovun da hazırda Türkiyədəki biznesi ilə məşğul olduğu və buradakı biznes fəaliyyətini genişlətməyə çalışdığına dair də iddialar dolaşır.
Qeyd edək ki, hələ uzaq 2009-cu ildə intensiv şəkildə belə xəbərlər dolaşırdı ki, Azərbaycanın çox zəngin məmur-oliqarxları və onların çətiri altında fəaliyyət göstərən iş adamları bizneslərini başqa ölkələrə köçürürlər. "Həmin şəxslər son aylar daha çox Türkiyəyə və Fransaya üz tuturlar. Əvvəllər azərbaycanlı zənginlər daha çox Rusiyaya yatırım qoyurdular. Bu ölkəni özləri üçün etibarlı biznes məkanı sayırdılar. Amma artıq Rusiya azərbaycanlı zənginlər üçün o qədər də təhlükəsiz ölkə hesab olunmur. Uzun illər Moskvada yaşamış, indi isə Türkiyəyə sığınan milyarder Telman İsmayılovun (AST Telman) Rusiyada başına gələnlər, bu ölkənin ən yüksək vəzifəli şəxslərinin göstərişi ilə onun biznesinə əl qoyulması azərbaycanlı məmur-oliqarxları qorxudub. Buna görə də, onlar bizneslərini daha etibarlı ölkələrə köçürmək qərarına gəliblər" deyə o vaxt mətbuat yazırdı.
Təxminən üç-dörd il öncə isə Gürcüstan bizim məmurlar və onların himayəsindəki iş adamları üçün cəlbedici rol oynamağa başladı. Onların burada turizm sektoruna iri pullar yatırdığına, hotellər, restoranlar açdığına dair məlumatlar bir ara qəzet səhifələrini bəzəyirdi. Sonradan hansısa səbəbdən azərbaycanlı vəzifəli şəxslərin və iş adamlarının "Gürcüstan sevdası"da öləziməyə başladı.
Görünən odur ki, indi onlar üçün ən uğurlu biznes ölkəsi rolunu Türkiyə oynamaqdadır.
Yada salaq ki, 2013-cü ilin statistikası açıq şəkildə göstərmişdi ki, azərbaycanlılar Türkiyədə daşınmaz əmlak alışına görə ilk sıralarda qərarlaşıblar. Belə ki, Azərbaycan vətəndaşları həmin il Türkiyədə 911 ədəd daşınmaz əmlak satın alıblar. Onlar bu sayla xaricilər arasında beşinci yeri tutur. Belə ki, 2013-cü ildə Türkiyədə ruslar 3 min 322 ədəd, almanlar 2 min 637 ədəd, ingilislər 2 min 455 ədəd, norveçlilər 1256 ədəd, azərbaycanlılar 911 ədəd, isveçlilər 811 ədəd, səudiyyəlilər 773 ədəd, iraqlılar 770 ədəd, küveytlilər 725 ədəd, Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları 250 ədəd mülk alıb.
Ekspertlərin fikrincə, azərbaycanlıların qonşu Türkiyəyə daşınmaz əmlak üçün üz tutmasının əsas səbəblərindən biri onun daha yaxın olması və bu ölkədə, Azərbaycan da daxil olmaqla, bir neçə dövlətə qarşı qoyulmuş qadağanın aradan qaldırılmasıdır.
Ekspertlər ona da qəti əmindirlər ki, Türkiyədə əmlak alanlar daha çox məmurlar və biznesmenlərdi. Belədə isə ölkəmizdən Türkiyəyə pul axınının artması və təkcə bu ilin ilk 4 ayı ərzində 60 Azərbaycan kapitallı şirkətin yaradılması da qətiyyən təsadüfi qarşılanmamalıdır; belə bir versiya kifayət qədər inandırıcı təsir bağışlayır ki, artıq bizim imkanlı və vəzifəli şəxslər üçün qardaş ölkə həm biznes, həm də həyat şərtləri baxımından daha əlverişli və cəzbedici görünür.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05