Cahangir Əsgərova "bankrot şoku"
10:05 02-06-2015
İQTİSADİYYAT
AZAL "şef"inin nəzarətindəki klub müflisləşir
Son vaxtlar Azərbaycanda ayrı-ayrı oliqarxların maliyyə vəziyyəti ilə bağlı ürəkaçan olmayan xəbərlər yayılır. Aydın hiss olunur ki, onlar ciddi maddi çətinliklərlə üz-üzədirlər.
Görünən odur ki, neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində neft gəlirlərinin azalması, eyni zamanda manatın devalvasiyası istər iri məmurların, istərsə də onların himayə etdikləri iş adamlarının maliyyə vəziyyətini xeyli ağırlaşdırıb. Bunu işçilərin ixtisarından tutmuş onların maaşlarının vaxtlı-vaxtında ödənməməsinədək bir çox neqativ hallar açıq şəkildə göstərir. Oliqarx şirkətlərinin gəlirlərinin kəskin azalması yönündə də intensiv xəbərlər gəlməkdədir.
Bütün bunlar iri məmurlar və iş adamlarının maliyyə qaynaqlarının ciddi böhran keçirdiyini təsdiqləyir.
Dünənsə belə bir məlumat yayıldı ki, Azərbaycan futbolunda daha bir klub dağılmaq təhlükəsiylə üzləşib. Məlumatı maraqlı edən isə dağılmaq təhlükəsi ilə yaşayan həmin futbol klubu ölkənin aparıcı oliqarxlarından biriin - "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun himayəsi altında fəaliyyət göstərirdi.
AZAL "şefi"nin maliyyələşdirdiyi və rəhbərlik etdiyi qurumun adını daşıyan futbol klubu fəaliyyətini dayandıra bilər. Buna səbəb isə "təyyarəçilər"in himayəçisi, Cahangir Əsgərovun maliyyə durumunun xeyli pisləşməsidir.
AZAL futbol klubundakı mənbənin verdiyi məlumata görə, Əsgərov müflis olma həddindədir. Elə bu səbəbdən də onun klubunun futbolçulara üç aylıq borcu yaranıb. Azərbaycan Premyer-Liqasının 2014/15 mövsümünün sonunda borcun ödəniləcəyi bildirilsə də, klubun sahibi "pul yoxdu" mesajını göndərib.
Futbolçulara istirahətdən qayıdandan sonra borcların ödəniləcəyi ilə bağlı vəd verilib. Mənbənin verdiyi məlumata görə, vəd yerinə yetirilməyəcək. Çünki AZAL rəhbəri ümumiyyətlə, klubdan imtina etmək niyyətindədi. Mənbə onu da bildirib ki, yaxın bir ay ərzində bütün suallara aydınlıq gələcək. Ola bilsin ki, Əsgərov klubun buraxılması ilə bağlı göstəriş versin.
Mənbə onu da deyib ki, vəziyyətin ağır olması barədə klubun rəhbər şəxsləri və baş məşqçi Tərlan Əhmədov məlumatlandırılıb. Əsgərovun maliyyə durumu o qədər pisləşib ki, AZAL "şefi" klubun Şüvəlanda yerləşən stadionunu da satmaq niyyətindədi. Təbii ki, alan olsa...
Onu da deyək ki, Cahangir Əsgərovun ciddi maliyyə çətinliyi ilə üzləşməsi onun son vaxtlar ayrı-ayrı KİV-lərdə ciddi tənqid hədəfinə çevrildiyi bir vaxta təsadüf edir. Xüsusilə AZAL-ın uçuş biletlərinin xeyli baha olması bu qurumu müstəqil ekspertlərin, ictimaiyyət nümayəndələrinin, media orqanlarının tənqid hədəfinə çevirib.
Bəzi qaynaqların iddiasına görə, son aylarda Əsgərovun bu və digər mövzularla bağlı kəskin tənqidlərlə qarşılaşması təsadüfi deyil. Hesab olunur ki, AZAL-da rəhbər dəyişikliyinin baş verməsi üçün zaman yetişib. Elə "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərinə qarşı genişmiqyaslı ittihamlar da məhz ictimai rəyi belə bir dəyişikliyə hazırlamaq üçün məqsədyönlü kampaniyanın tərkib hissəsi hesab olunur.
Belə bir vaxtda AZAL "şef"inin maddi böhranla üzləşməsinə dair xəbərin yayılması, onun maliyyələşdirdiyi klubun dağılmaq həddinə çatmasına, hətta "baş təyyarəçinin" klubuna məxsus stadionu satmaq istəməsinə dair informasiyanın dövriyyəyə buraxılması maraq doğurur. İstisna etmək olmaz ki, həmin məlumatların məhz indiki vaxtda ictimailəşməsi AZAL rəhbərinin başı üzərində "qara buludların" dolaşdığı - yəni onun əvəzlənəcəyi ilə bağlı bir müddətdir yayılan iddiaların reallaşa biləcəyinin təzahürüdür.
Çünki Azərbaycan təcrübəsində hansısa aparıcı oliqarxın postundan kənarlaşdırılması ilk növbədə onun maddi baxımdan zəiflədilməsi ilə başlayır. Ola bilər ki, indi belə bir "maliyyə zəiflədilməsi" Cahangir Hacyevlə bağlı baş verir.
Əgər bu versiya doğrudursa, onda biz çox keçmədən onun postundan kənarlaşdırılması barədə xəbəri də oxuya bilərik.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05