Villaları

Villaları sökülən "gizli oliqarxlar" Hacıbala Abutalıbova qarşı birləşdi

Milyonlarla dəyəri olan tikililərin sökülməsini səssiz qarşılayan və üzə çıxmayan məşhurlar Bakı merindən qisas alacaqlarını bəyan edib

Villa sahiblərinin adları lazımi instansiyalara təqdim olunub, "zərərçəkmişlər" Hacıbala Abutalıbovdan şübhələnir....
Dövlət başçısı İlham Əliyevin Bakıda baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında səsləndirdiyi fikirlərdən irəli gələn tədbirlərin həyata keçirilməsi günün aktual mövzularındandır.

Məlumat üçün bildirək ki, prezident İlham Əliyev sözügedən toplantıda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə yanaşı ictimai əhəmiyyət daşıyan digər problemlərə də toxunmuşdu. Kifayət qədər maddi imkanlara sahib olan məmurların qanunsuz şəkildə tikintilər apardığını önə çəkən prezident bununla bağlı konkret fakt və ünvan da göstərmişdi:
"İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq parkı"nın bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, Dostluq parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz Dostluq parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı".
Qeyd edək ki, dövlət başçısının bu açıqlamasından dərhal sonra sözügedən ərazidəki bütün villaların sökülməsinə start verilsə də həmin tikililərin sahibləri gözlənildiyi kimi səssiz qalmağa üstünlük verdilər. Son rəsmi məlumatlara görə, hazırda Dostluq parkında sökülən villaların yerində ağacəkmə kampaniyası həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı altında reallaşan iməcliklərdə şəxsən iştirak edən mer Hacıbala Abutalıbov isə istisnasız olaraq bütün qanunsuz villaların söküləcəyini vəd etdi.
Mer bəyan edib ki, həmin parkda bəzi villalar sökülüb, yerində isə müxtəlif şam ağacları əkilib. Ağacəkmə kampaniyasında 2 mindən çox insan iştirak edib və kompaniya çərçivəsində 10 min ağac əkilib. Amma villaların hamısı hələki sökülməyib. Söküntü bundan sonra da davam edəcək. Merin sözlərinə görə, indiyə qədər 42 villa sökülüb. Onların sahibləri isə hələ də üzə çıxmır.
Etibarlı mənbələrdən "Unikal" qəzetinə sızan informasiyalarda isə baş verənlərin Hacıbala Abutalıbova böyük zərbə olacağını düşünmək üçün ciddi əsaslar yaradır. Qaynağımız iddia edir ki, dəyəri milyonlarla ölçülən və Hacıbala Abutalıbovun nəzarəti altında buldozerlərin qabağına verilərək sökülən villaların sahibləri buna görə Bakı meri ilə "haqq-hesab" çəkməyi planlaşdırıb.
Daxil olan məlumatda bildirilir ki, həmin tikililərin sahibləri üzə çıxmasalar da onların kimliyi artıq bəllidir. Belə ki, söküntüdən öncə Hacıbala Abutalıbov "gizli oliqarxlar"ın siyahısını tərtib edib və hələlik ictimaiyyətə bəlli olmayan villa sahiblərinin adlarını lazımi instansiyalara ötürüb. Bundan xəbərdar olan villa sahibləri isə indiki halda üzə çıxmamaq taktikasına sadiq qalsalar da bu səssizliyə sona qədər sadiqlik nümayiş etdirmək fikrindən uzaqdırlar: "Onlar üzləşmiş olduqları gözlənilməz və arzuolunmaz situasiyaya görə Bakı merini günahkar bilirlər. Odur ki, ələ düşən ilk fürsətdəcə Hacıbala Abutalıbovu cəzalandırmağı düşünən həmin güclər paytaxt merinə qarşı birləşiblər".
Əməkdaşlarımızın apardığı araşdırmalar zamanı o da bəlli olub ki, sökülən villaların sahibləri respublikada kifayət qədər tanınan və böyük təsir gücünə malik olan məmurlar və onların yaxın qohumlarıdır. Bu isə Hacıbala Abutalıbova qarşı təşəkkül tapan güclərin lazımi anda təhlükəli ola biləcəyindən xəbər verir. Bununla belə, onların yaxın zamanlarda nələrsə edə biləcəyi də inandırıcı görünmür. Ən azından ona görə ki, məsələ birbaşa ölkə prezidentinin nəzarətindədir və bu səbəbdən də "gizli oliqarxların" gün işığına çıxaraq Hacıbala Abutalıbova açıq şəkildə meydan oxuyacağı istisnadır.
Sadəcə olaraq, onların Bakı merini "vurmaq" üçün əlverişli situasiyanın yetişməsini gözləməkdən başqa çarələri qalmayıb.
Orxan Həsənli