Baş nazirin müavini və Səlim Müslümov ƏƏSMN-nin bir sıra obyektlərində olublar
09:58 03-06-2015
CƏMİYYƏT
Baş nazirin müavini və Səlim Müslümov ƏƏSMN-nin bir sıra obyektlərində olublar
Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin bir sıra obyektlərində əlilliyi olan şəxslərə göstərilən xidmətlərin vəziyyəti ilə yaxından tanış olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə (Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) gələn tədbir iştirakçıları mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasının təşkili, onların təminatı vəziyyəti ilə yaxından tanış olub, peşə təlimində olan gənclərlə görüşüblər. S. Müslümov məlumat verərək bildirib ki, Prezident cənab İlham Əliyevin əlilliyi olan insanlara böyük diqqət və qayğısı nəticəsində 2013-cü ilin dekabrında əsaslı təmirdən sonra istifadəyə verilən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bu vaxta qədər artıq 450 nəfərə yaxın peşə reabilitasiyasına cəlb edilib.
Ə.Əhmədov və S. Müslümov daha sonra ƏƏSMN-nin Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində olublar. Mərkəz Sumqayıt şəhərində və ətraf rayonlarda yaşayan 16 yaşdan yuxarı əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərilməsi ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyasına xidmət edir. S. Müslümov bildirib ki, hazırda nazirliyin Bakıda və respublikanın bölgələrində yerləşən ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir: "Ötən il bu müəssisələrdə 7837 nəfər, cari ilin ilk rübündə isə 1227 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib. Bu müəssisələrdə müasir tələblərə uyğun xidmət şəraitinin yaradılması üçün müvafiq işlər görülür. Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri başa çatıb və yenidən istifadəyə verilmək ərəfəsindədir. Bakı Protez-Ortopedik Bərpa Mərkəzində, Mərdəkan Müalicə Pansionatında, Bakı şəhər Uşaq Bərpa Mərkəzində isə əsaslı təmir işləri aparılır. Nazirliyin digər bir sıra bölgələrdəki bərpa mərkəzlərində də əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur. Biz təmir işləri başa çatdırıldıqdan sonra bu müəssisələri müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz etməklə bərabər, onlarda sosial reabilitasiya yönümlü xidmətlər şəbəkəsini genişləndirməyi nəzərdə tuturuq".
Ə. Əhmədov və S. Müslümov ƏƏSMN-nin Sumqayıt şəhərindəki 12 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) yeni inzibati binasının açılışında iştirak ediblər.
ƏƏSMN-nin Paralimpiya İdman Kompleksinə gələn Ə.Əhmədov və S.Müslümov Kompleksdə əlilliyi olan idmançıların təlim-məşq toplanışlarının təşkili, beynəlxalq yarışlara hazırlaşmaları üçün yaradılmış şəraiti nəzərdən keçiriblər. Ə.Əhmədov və S. Müslümov ƏƏSMN-nin Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində də olublar.
Digər Xəbərlər
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15