Rusiya niyə Azərbaycanın xoşuna gəlməyə çalışır - Analiz
11:54 06-06-2015
CƏMİYYƏT
Rusiya niyə Azərbaycanın xoşuna gəlməyə çalışır - Analiz
Şimal qonşumuzun davranışındakı xoş jestlər əslində nəyə hesablanıb?
Son günlər Rusiya-Azərbaycan münasibətlərində xüsusi istiləşmə müşahidə olunmaqdadır. Düzdür, Rusiya-Azərbaycan münasibətlərində onsuz da antoqonist ziddiyyətlər azlıq təşkil edib, bununla belə Kremlin son günlərdə ölkəmizə yönəlik xoşməramlı jestləri siyasi kluarların başlıca müzakirə mövzularından birinə çevrilib.
"Unikal" qəzeti olaraq Kremlə Bakı arasındakı mövcud münasibətlərin alt qatında yatan geosiyasi amillərə nəzər salmaq qərarına gəldik. Bir sıra politoloqların qənaətinə görə Azərbaycan Avrasiya İttifaqına daxil olsa Qarabağ məsələsi tezliklə həllini də tapa bilər. Amma bu qənaətin həqiqəti özündə ehtiva etdirdiyini düşünmək də ciddi düşüncənin məhsulu ola bilməz. Heç kimə sirr deyil ki, Avrasiya İttifaqı Avropa Birliyinə alternativ olan bir qurum kimi yaradılıb və məqsəd də MDB dövlətlərini bir araya gətirməkdir. Fikir verdinizsə Ukrayna hadisələrindən sonra təkləndiyini görən Rusiya bu məsələdə xeyli canfəşanlıq etdi və hər vəchlə prosesi sürətləndirərək öz istəyinə nail olmağa çalışdı.
Orası də bəllidir ki, Rusiyanın niyyəti xoşməramlı deyil və MDB ölkələrini nəzarətdə saxlamağa hesablanıb. Üstəlik, həmin ideyanın Qazaxıstan prezidenti Nazarbayevə məxsus olduğu iddiaları da diqqəti yayındırmağa hesablanıb və Rusiyanın ambisiyalarını ört-basdır etməyə xidmət edir. Təbii ki, Rusiya nəhəng enerji və digər zəngin təbii ehtiyatlara malik qüdrətli ölkədir, amma son vaxtlar sanksiyalar bu ölkəni məngənədə saxladığından Vladimir Putin manevrlər etməyə, Qərbi qıcıqlandırmağa, buna nail olmadıqda isə imperiya istəklərini büruzə verməklə köhnə qitəni xofda saxlamağa çalışır.
Kremlin sahibi bütün bunları ona görə edir ki, Qərb və Avropa Kremlin keçmiş SSRİ dönəmində mövcud olmuş respublikaları təsir dairəsində saxlamasıyla barışsın. Konkret Azərbaycana gəldikdə isə iddia etmək mümkündür ki,ölkəmizin bu qurumda təmsilçiliyi indiki halda milli maraqlarla ziddiyyət təşkil edir. Nəyə görə? Çünki birincisi o qurumda Ermənistan da var. O Ermənistan ki, həyasızcasına 20 faiz Azərbaycan torpaqlarını işğalda saxlayır və beynəlxalq hüquq normalarına məhəl qoymayaraq bu ilhaqı davam etdirir. Ona görə də bizə qənim kəsilmiş düşmən bir dövlətlə eyni qurumda təmsil olunmağımız mümkünsüzdür. İkincisi, son dövrlər bu istiqamətdə müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlara və diplomatların, siyasətçilərin açıqlamalarına gəldikdə isə anlamaq lazımdır ki, bütün bunlar sadəcə siyasi spekulyativ xarakter daşıyır və nəbzi yoxlamağa xidmət edir. Fikir verirsinizsə, hətta artıq Putin Birinci Avropa oyunlarına hazırlıqları yetərincə işqlandırmadığına görə Rusiya telekenallarına irad da tutur.
Bunun nə dərəcədə səmimi olduğunu test etməyin yeri yoxdur, sadəcə görünən odur ki, Rusiya hər vəchlə özünü Azərbaycana strateji müttəfiq kimi göstərmək istəyir, baxmayaraq ki, başımıza bütün bu oyunları gətirən aqressor ölkə ilə münasibətləri də gizlətmir. XİN başçısı Elmar Məmmədyarovun verdiyi bəyanatsa manevr etməkdir və Rusiyanın könlün almaq niyyəti daşıyır. Moskvada da real vəziyyəti düzgün qiymətləndirirlər və bilirlər ki, bu günki şərtlər altında Azərbaycanın Ermənistanla eyni bir qurumda təmsilçiliyi mümkün olan şey deyil. Amma necə deyərlər, Kreml nə yardan doyur, nə əldən qoyur. Yəni nə Ermənistandan imtina etmək istəyir, nə Azərbaycandan, amma bilir ki, bunların birindən imtina etmək zorundadır. Belə bir dilemma qarşısında qalan Rusiya heç olmasa Azərbaycanın Qərbə inteqrasiya prosesini tormozlamaq istəyir və Qərbin regiona yaxınlaşmasını əngəlləmək üçün çabalayır.
Amma bu heç də o demək deyil ki, biz Rusiyadan üz döndərərək Qərbə inteqrasiya etmək xəttini yürüdəcəyik. Anlayırıq ki, Rusiya nəhəng nüvə dövlətidir, bu ölkədə milyonlarla soydaşımız yaşayır və işləyir. 70 il sovetlər biriliyi də daxil olmaqla iki yüz il bu ölkənin təsiri altında olmuşuq, milli-mədəni, iqtisadi-humanitar əlaqələrimiz formalaşıb. Ona görə də heç bir azərbaycanlı istəməz ki, bu ölkədə tutaq ki, xaos yaransın, iqtisadiyyat çöksün və siyasi-humanitar böhranlar yaşansın. İstərdik ki, Rusiya güclü dövlət olsun, amma eyni zamanda heç bir dövlətin daxili işlərinə qarışmasın, böyük qardaş ritorikası ilə danışmasın və gücündən ətrafındakı dövlətlərə qarşı dəyənək kimi istifadə etməkdən imtina etsin. Xoşbəxtlikdən bu gün Rusiya ilə çox normal siyasi və iqtisadi əlaqələrimiz var və münasibətlər artan xətlə inkişaf edir. Azərbaycan da çox ağıllı xətt götürərək Rusiyanın maraqlarına toxunmamaq siyasəti yürüdür. Bu da Kremldə məmnunluqla qarşılanır. Dövlət başçısı İlham Əliyev də çalışır ki, Azərbaycanın patronajlığı altında həyata keçiriləcək TAP və TANAP layihələrinin keçəcəyi ölkələrdə Rusiyanın maraqlarına zərbə dəyməsin. Baxmayaraq ki, Azərbaycandan fərqli olaraq Rusiya Azərbaycanla təzyiq dilində danışırdı və çıxarılan bütün qazı almağa çalışırdı. Amma Azərbaycan prezidenti bu təzyiqlərə boyun əymədi və imzaladığı layihələrlə Azərbaycanın müstəqlliyinin qarantına imza atmış oldu. Özü də Azərbaycanın yeni qaz layihələri 21-ci əsrin kontraktlarıdır və onun siyasi mahiyyəti iqtisadi əhəmiyyətini xeyli üstələyir.
Bu layihələrə imza atmaqla ölkə başçısı Azərbaycanın müstəqilliyinin əbədi olmasını təmin etmiş oldu. Azərbaycan öz qaz layihələrini də Gürcüstan üzərindən qardaş Türkiyədən keçməklə Avropaya çıxarmaq istəyi ilə də çox böyük strateji seçim etmiş oldu. Bu cəsarət Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağlarını daha da möhkəmləndirdi. Amma görünən odur ki, prezident İlham Əliyev Azərbaycanın yeni enerji strategiyasının həyata keçirilməsinə hər addımda əngəl olmaq istəyən qüvvələrin davranışlarından xeyli narahatdır. Cənab prezident 27 mayda Respublika Günündəki çıxışında və sonuncu neft-qaz sərgisində də bu məsələyə toxundu. Bildirdi ki, hamı bir yerdə işləməlidir ki, Azərbaycan qazının Avropaya çıxarılması tezləşdirilsin. Yəni əgər biz Azərbaycan qazının Avropaya çıxarılmasında nə qədər maraqlıyıqsa, Avropa bundan daha artıq maraqlı olmalıdır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00