Cahangir Hacıyevə növbəti "qara xəbər"
08:50 09-06-2015
İQTİSADİYYAT
Beynəlxalq Bankın keçmiş sədrinin şirkətləri əlindən alınır
"Azərinşaatservis" MMC-də 2 aya yaxındır ki, işçilərə əmək haqqı verilmir. Bu barədə MMC-də çalışanlar məlumat verib.
Məlumat üçün deyək ki, "Azərinşaat" MMC bir müddət əvvəl Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin nəzarətinə keçib. Buna səbəb MMC-nin Beynəlxalq Banka külli miqdarda kredit borcunun olmasıdır. Borc müqabilində "Azərinşaatservis" o vaxtki sahibləri tərəfindən Cahangir Hacıyevə verilib. Müəssisənin həmin vaxtkı rəhbəri Türkiyə vətəndaşı olan Bülent Karani isə Azərbaycandan qaçıb.
"Azərinşaatsevris" Cahangir Hacıyevin nəzarətinə keçdikdən sonra Beynəlxalq Bankın sabiq rəhbəri yaxın adamı Mehdi Əliyevi sözügedən MMC-yə direktor təyin edib. Mehdi Əliyev Beynəlxal Bankla bağlı "kredit qalmaqalı"na görə həbs olunub.
MMC-nin işçiləri deyir ki, Mehdi Əliyev "Azərinşaatservis"ə rəhbər təyin olunandan sonra xeyli peşəkar kadrı işdən uzaqlaşdırıb. Şirkəti uçuruma sürükləyib. Onun həbsindən sonra isə işçilərə maaş verilmir. Bundan başqa "Azərinşaatservis"lə müqavilə əsasında işləyən şirkətlərdə ödənişlər edilmir. İşçilər deyir ki, belə şirkətlərdən biri "İnter securty" mühafizə şirkətidir. Məlumat üçün deyək ki, bu şirkət də Cahangir Hacıyevə məxsusdur. Şirkətin rəhbəri isə İbrahim Hüseynov adlı şəxsdir. "İnter securty"nin işçilərinə də 3 aydır maaş verilmir.
Xatırladaq ki, bundan əvvəl Cahangir Hacıyevə məxsus başqa bir şirkətin - "İnter Security" adlı mühafizə şirkətinin 20-yə yaxın keçmiş əməkdaşı mətbuata müraciət edib və onlar müraciətdə bildiriblər ki, şirkətdən öz ərizələri ilə çıxıblar. Buna səbəb isə baş verən qanunsuzluqlar, maaşların gecikməsi, işçilərin adı ilə maxinasiyalara yol verilməsi olub: "Bu ilin mart, aprel, may aylarının maaşını verməyiblər. Ona görə də bir neçə gün əvvəl işdən çıxmışıq. Hər dəfə maaşların nə vaxt veriləcəyini soruşanda bizi müxtəlif vədlərlə aldadıblar. Biz işimizdə heç bir nöqsana yol verməmişik. Amma şirkətin rəhbərliyi qanunsuzluğa əl atıb. İşçilərin adlarına külli miqdarda kreditlər götürülüb, maaşlarımız bəzi hallarda mənimsənilib və s. Biz dəfələrlə şirkətin rəhbərliyinin diqqətinə çatdırmışıq ki, baş verənlərlə bağlı müvafiq dövlət qurumlarına şikayət edəcəyik. Amma onların bizə verdiyi cavab belə olub: "Gedin nə bacarırsınızsa edin". Biz də məcbur qalıb işdən çıxdıq. Amma işdə qalanlar da var. Onların da maaşları verilmir. Onlar da pullarını tələb edir".
"Unikal"ın araşdırması zamanı ortaya çıxıb ki, hələ bu ilin martında Beynəlxalq Bankın keçmiş rəhbərinə məxsus olan BOT MMC də fəaliyyətini müvəqqəti dayandırıb. Adıçəkilən MMC-dən şirkətin fəaliyyətini dayandırması sifarişin olmaması ilə əsaslandırılsa da (bu şirkət Dövlət Sərhəd Qoşunlarının keçirdiyi tenderin qalibi olub və onlar üçün ayaqqabılar hazırlayıb, deyilənə görə, bundan sonra şirkətə heç bir sifariş verən olmayıb).
Maraqlı burasıdır ki, BOT MMC 15 ilə yaxın müddətdə Müdafiə Nazirliyi üçün də ayaqqabı istehsalı ilə məşğul olub. Amma Səfər Əbiyevin müdafiə naziri postundan uzaqlaşdırılmasından sonra BOT MMC-yə sifarişlər dayandırılıb.
300-ə yaxın işçisinin işsiz qaldığı BOT MMC-nin rəhbərinin Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev olması mətbuatda dəfələrlə qeyd edilib. Şirkət 1998-ci ildə 4 nömrəli Bakı ayaqqabı fabrikinin bazasında yaradılıb. BOT MMC Azərbaycan Respublikasının güc strukturları üçün hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olub. Amma onun fəaliyyətini dayandırması məhz Cahangir Hacıyevin "vurulmasından" sonraya təsadüf etdiyi üçün şirkətin bağlanması xüsusi maraq doğurur.
Əldə etdiyimiz məlumata görə, Cahangir Hacıyevin nəzarətində olan bir neçə başqa müəssisədə də analoji vəziyyət yaranıb. Həmin müəssisələrdə də işçilər xüsusilə son bir neçə ayda maaşlarının ödənilməməsindən gileylənirlər.
İstisna edilmir ki, proseslərin belə gedişi Beynəlxalq Bankın sabiq rəhbərinin qurduğu "biznes imperiyasının" tamamilə çöküşü ilə nəticələnsin. Belə ki, Cahangir Hacıyevin maliyyə baxımından "batmaq" təhlükəsi ilə üzləşən şirkətlərinin onun əlindən alınması və başqa oliqarxların nəzarətinə keçməsi tamamilə gözləniləndir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53