Xəyanətkar səfirin səfil müxalifətə qoşulmasının təfərrüatları
08:53 09-06-2015
CƏMİYYƏT
Xəyanətkar səfirin səfil müxalifətə qoşulmasının təfərrüatları
Diplomatı olduğu ölkə haqqında hədyanlar yağdıran Arif Məmmədov "batan gəmiyə bilet aldı"
Steynar Gilə yalvarış dolu müraciət, özünü qorumaya ehtiyacı olan Milli Şuradan dəstək istəyi və daha nələr...
Artıq bir neçə gündür ki, ölkə mətbuatının aparıcı mövzularından biri də uzun illərdir Azərbaycanı Avropada təmsil edən, son günlərə qədər Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı səfiri olmuş Arif Məmmədov ətrafında baş verənlərdir. Keçmiş səfirin təmsil etdiyi ölkə haqqında sosial şəbəkələrdə hədyanlar yağdırması, sonra dediklərini və yazdıqlarını danması, artıq hər şeyin gec olduğunu başa düşdükdə isə özü haqda "əzabkeş" obraz yaratmağa çalışması ikrah doğurur. Azərbaycan müxalifətinin özünü radikal adlandıran, amma heç bir radikallığı ilə yadda qalmayan xaricdən asılı qüvvələri isə ələ düşən fürsəti fövtə verməyərək "əzabkeş səfirin" ətrafında birləşmək cəhdləri daha ürəkbulandırıcıdır.
Əslində son günlər baş verənlər radikal müxalifətin simasının açılması baxımından yeni deyil. Gəlin xatırlayaq, bunlar hansı "əzabkeş"lərin ətrafında birləşməyib: Rəsul Quliyev, Rüstəm İbrahimbəyov, indi də eyni ssenarini Arif Məmmədovla bağlı həyata keçirmək istəyirlər. Hər halda AXCP sədri əli Kərimli, onun birbaşa redaktəsi ilə dərc olunan "Azadlıq" qəzeti və Əli Kərimlinin oyuncağına çevrilmiş Milli Şuranın keçmiş səfiri az qala "Azərbaycan xalqının xilaskarı" cildində görməsi heç də xoş mənzərə sayılmamalıdır. Bunlar öz yerində, indi isə gəlin bir daha xatırlayaq: səfir Arif Məmmədov nə etmişdi ki, bu qədər ictimai qəzəbin ünvanına çevrildi?
Hazırda müxalifət mətbuatının əziz-xələfinə çevrilən Arif Məmmədovun sonunu gətirən facebook statuslarına nəzər salaq. Cənab Məmmədov yazır: "Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar". Kifayət qədər təzadlı və anlaşılmaz yanaşmadır, deyilmi? Əvvala, ona görə ki, sən diplomat kimi bu ölkəni təmsil edirsən, əgər doğurdan da facebookda yazdıqlarında səmimisənsə o zaman tutduğun postdan niyə imtina etmirdin? Axı səni kimsə həmin vəzifədə zorla saxlamırdı? İkincisi isə hər bir diplomatın birbaşa vəzifəsi təmsil etdiyi dövlətin maraqlarını mühafizə etməkdir. Daha bir diplomatın işi facebook-da sərsəm bəyanatlar vermək deyil. İndi Arif Məmmədov etdiklərinin cəzasını çəkir, həm də tək yox.
Məmmədov sadəcə olaraq Brüsseldə gizli anti-Əliyev şəbəkəsi qurdu, nəinki təkcə özünü, hətta XİN-in daha üç əməkdaşını bu çirkin oyuna saldı. Həmin üç əməkdaş da artıq işdən qovulub. Onların cəzasının necə olacağı isə hələ məlum deyil. Görünən isə odur ki, indi Məmmədov ona görə hədəfə alınan XİN-in 3 əməkdaşını yox, yalnız özünü düşünür. Hər halda onun tez tələsik özünümüdafiə səddi yaratmağa çalışması da bunun bariz nümunəsidir. Söhbət onun bir neçə gün bundan öncə uzun illər öncə Azərbaycanda çalışan diplomat Steynar Gillə (Norveçin ölkəmizdəki sabiq səfiri) ünvanladığı yalvarış dolu müraciətindən gedir. Bildirək ki, Norveçin Bakıdakı sabiq səfiri Steynar Gil özünün facebook profilində maraqlı bir status paylaşıb. Həmin statusun tərcüməsi belədir: "Səfir Arif Məmmədov məndən bunu paylaşmamı xahiş etdi:
- Cənab Steiner Gil, bunu paylaşmanızı xahiş edirəm. Mən 29.06 tarixdən 10.07 tarixə qədər Norveçdə səfərdə olacam. İnsanlar oyanıb. Azərbaycanın bütün gerçək dostlarının yardımına ehtiyacım var. Güman edirəm ki, sizinlə də görüşəcəm. Avropa mediası da mənə dəstək verməlidir. Bu, bir ümumi SOS siqnalıdır".
Bir Azərbaycan diplomatının əcnəbi diplomatdan öz ölkəsi əleyhinə yardım istəməsinin nəinki əxlaqa, heç diplomatik etiketlərə belə uymadığını isə sadəcə xatırlatmaq istədik-bu qədər. Bunun ardınca isə Arif Məmmədovun azərbaycanlı diplomatlara həyasızcasına çağırış etməsinin heç bir adı yoxdur. Bu həm də keçmiş səfirin aşkar şəkildə cinah dəyişdirməsinin, müxalifət cəbhəsində yer almasının göstəricisidir. Gəlin, həmin müraciətdən də bir hissəyə göz ataq:" Şərəfimə and olsun ki, Azərbaycan xalqı ədaləti bərpa edəcək və siz bu dövlətdə yüksək mövqelər tutacaqsınız. Bunu çox gözləmək lazım gəlməyəcək". Lənət şeytana, adama bir anlıq elə gəlir ki, Arif Məmmədovun müraciətindəki bu cümlələri Əli Kərimli diqtə edib-necə də oxşar pafos və arxasında heç bir həqiqət dayanmayan cəfəngiyyat!
Görünür, AXCP-nin, "Azadlıq" qəzetinin və Milli Şuranın Arif Məmmədovu ağına-bozuna baxmadan dəstəkləməsi heç də təsadüf deyilmiş. Hər halda bu nələrdənsə xəbər verir...
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54