Rusiyadan Azərbaycana ilginc təklif: "Qarabağı geri istəyirsinizsə..."
08:54 09-06-2015
CƏMİYYƏT
Rusiyadan Azərbaycana ilginc təklif: "Qarabağı geri istəyirsinizsə..."
Kremlin "danışan dil"lərindən sayılan Aleksandr Duqin şok Qarabağ açıqlaması ilə çıxış etdi
Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ probleminin həlliylə bağlı illərdir ki, aparılan diplomatic danışıqlar və sülh prosesi hələlik gözlənilən nəticəsini verməyib. Bu isə bütövlükdə Qafqazda sülhü şübhə altına salmaqla yanaşı region dövlətlərinin qarşılıqlı iqtisadi əlaqələrinin qurulmasına əməlli-başlı maneçilik törədir. Sözsüz ki, yaranmış sitiuasiyadan ən çox iqtisadi zərərlə çıxan dövlət məhz işğalçı Ermənistandır.
Belə ki, Azərbaycanın təşəbbüsüylə gerçəkləşən bütün beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdən kənarda qalan Ermənistanın günü gündən gerilədiyini elə rəsmi Yerevanın açıqladığı statistika da təsdiqləyir. Hazırda Ermənistanda işsizlik görünməmiş həddə çatıb, əhalinin gəlirləri minimuma enib, ölkə faktiki olaraq xaricdən göndərilən ianələr hesabına başını girələyir. Elə bunun nəticəsidir ki, hazırda Ermənistan əhalisi ümidsizlik girdabında çabalayır, onlar Qarabağ probleminin tezliklə həll olunmasını, Bakı ilə münasibətlərin normallaşdırılmasını tələb etməkdədir. Deyəsən, bunu artıq kremldə də anlayıblar. Hər halda ötən gün Rusiyalı politoloqun səsləndirdiyi şok Qarabağ açıqlaması da belə düşünməyə əsas verir. Gəlin, həmin açıqlamaya və açıqlamanın alt qatında yatan sətiraltı mesajlara göz ataq.
"Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olarsa, o zaman Qarabağ mövzusu tamam ayrı anlam qazanacaq, necə ki, Türkiyə və Yunanıstan NATO-ya üzv olandan sonra Şimali Kipr məsələsi başqa məna qazandı". Bu barədə "Beynəlxalq Avrasiya Hərəkatının" lideri, Kremlin "danışan dil"lərindən sayılan Aleksandr Duqin erməni KİV-ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu yaxınlarda Rusiya mediasına müsahibəsində söylədiyi "Azərbaycan Avrasiya birliyinə üzvlük haqda Dağlıq Qarabağ problemi nizamlanandan sonra fikirləşə bilər" şərtinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, məhz o halda Dağlıq Qarabağ məsələsində real tərəqqi başlaya bilər: "Yalnız bir məqamı deməliyəm ki, Azərbaycan tərəfdən belə bir şərt qoyulması ki, əvvəlcə Qarabağ problemini nizama salın, sonra biz üzv olarıq, doğru yanaşma deyil. Əksinə, məhz Azərbaycanın Avrasiya İqtisadi Birliyində olması Qarabağ məsələsinin həlli üçün şərait yetişdirə bilər. Yəni ardıcıllıq belə olmalıdır – öncə Avrasiya Birliyinə üzv olmaq lazımdır ki, Qarabağ məsələsi çözülsün. Konfliktin həlli üçün yeganə variant – Avrasiya platformasına keçməkdir. Əgər bu baş verməsə, Qarabağ münaqişəsi ümumiyyətlə, yoluna qoyulmayacaq, yeni qanlar axacaq, yeni müharibələr olacaq".
Rusiyalı politoloq bir daha xüsusi vurğulayıb ki, "Azərbaycan Dağlıq Qarabağ məsələsi həll ediləndən sonra Avrasiya İqtisadi Birliyinə üzv olmayacaq, əksinə, Azərbaycan üzv olandan sonra Qarabağ konflikti həllini tapa bilər".
Göründüyü kimi, açıqlamada da ifadə olunduğu kimi Rusiya nəyin bahasına olursa olsun azərbaycanı "yeni SSRİ"-yə - Avrasiya Birliyinə cəlb etmək istəyir. "Öncə Avrasiya Birliyinə üzv olun, sonra Qarabağ problemi həllini tapsın" çağırışı isə əslində rəsmi Bakını ideyaya şirnikləndirməkdən başqa heç nəyə xidmət etmir. Amma Azərbaycanın Kremlin bu təklifinə "hə" deyəcəyini düşünmək də sadəlöhvlük olardı. Düzdür, "Qarabağın açarının Rusiyada olmasını" Bakıda çox yaxşı anlayırlar, bununla belə Rusiyanın səsləndirdiyi bəyanatların səmimiliyinin sıfıra bərabər olduğunu da yaxın tariximiz təsdiqləməkdədir. Odur ki, bu dəfə inanmamaq növbəsi bakınındır: Bu dəfə göz yaşlarına inanmayan tərəf Moskva yox, Bakıdır.
Şahin
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28