Türkiyədəki seçkidə hakim partiyaya böyük şok

Türkiyədəki seçkidə hakim partiyaya böyük şok

AKP məğlubiyyətə bərabər qələbə qazandı, təkbaşına iqtidar ümidini itirdi

İyunun 7-də Türkiyədə növbəti parlament seçkiləri keçirilib. İlkin açıqlamalara görə, səsvermə hüququ olan 53 milyon 765 min 231 seçicidən 70 faizə yaxını səsvermə hüququndan istifadə edib. Türkiyə Böyük Millət Məclisinin yeni heyətinə 20 siyasi partiya və 165 müstəqil namizəd iddialı olub.

Mərkəzi Seçki Qurumunun ilkin açıqlamalarında görə 2011-ci ildə keçirilmiş son parlament seçkisi ilə müqayisədə təxminən 9% səs itirərək 41% səs alan Ədalət və İnkişaf Partiyası (AKP) təkbaşına çoxluq hökuməti qurma gücünü itirib.
Xatırlatmaq yerinə düşər ki, partiyanın qurucu lideri Rəcəb Tayyib Ərdoğan 10 avqust 2014-cü ildə keçirilən prezident seçkisində 51.7% səs alıb. Seçkinin nəticələrini Konyada öyrənən AKP sədri və baş nazir Əhməd Davudoğlu Ankaraya hərəkət etməzdən əvvəl partiyanın tərəfdarlarına müraciət edərək təşəkkürünü bildirib: "Bundan sonra da birlikdə olacağıq, gözəl günlər bizi gözləyir. Heç kimin önündə əyilməyəcəyik. Allah sizdən razı olsun".
Konstitusiyaya görə, baş nazir Əhməd Davudoğlu bazar ertəsi hökumətin istefa ərizəsini prezidentə təqdim edəcək. Türkiyədə formalaşmış siyasət ənənəsinə görə, prezident Ərdoğan növbəti hökumət qurulana qədər Əhməd Davudoğlundan baş nazir vəzifəsini icra etməsini xahiş edəcək. Siyasi təmayüllərə uyğun olaraq, prezident Ərdoğanın yeni hökumətin qurulması səlahiyyətini Məclisin birinci partiyasının lideri olan Əhməd Davudoğluna verməsi gözlənilir. Hökumətin Məclisdən etimad ala bilməsi üçün 276 millət vəkilinin dəstəyinə ehtiyacı var. Hazırda təxminən 260 mandat qazanmış AKP-nin təkbaşına çoxluq hökuməti qurması mümkün görünmür. Əgər seçkidən sonrakı 45 gün ərzində yeni hökumət qurula bilməzsə, prezidentin Məclisi buraxıb yeni seçkiyə getmək barədə qərar qəbul etmə səlahiyyəti var.
Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası 2011-ci ildə olduğu kimi yenə seçkidən ikinci yerdə çıxaraq təxminən 130 mandat qazanıb. 7 iyunda keçirilmiş seçkidə əsas fərqlənən isə müxalifətdəki Milliyyətçi Hərəkat Partiyası (MHP) və kürd təmayüllü Xalqların Demokratk Partiyası (HDP) olub. 2011-ci ildəki seçkidə Məclisə 54 millət vəkiliylə girən MHP bu dəfə təxminən 16.5% səslə 84 mandat qazanıb. Seçki xəritəsinə baxılanda MHP-nin təsirli olduğu bir çox bölgədə reytinqini yüksəltdiyi görünür. 7 iyunda keçirilmiş seçkinin ən önəmli hadisəsi isə 2014-cü ilin iyununda qurulan HDP-nin 11.5% səslə 10%-lik ölkə bariyerini keçməsi və təxminən 75 millət vəkili mandatı qazanmasıdır. Belə ki, son iki seçkiyə müstəqil namizədlərlə girərək daha sonra Məclisdə fraksiya yaradan kürd təmayüllü siyasi hərəkat ilk dəfə 10%-lik ölkə bariyerini keçərək Məclisdə 75 mandat qazana bilib..
Daha əvvəl İstanbul millət vəkili olub bu dönəmdə Ankaradan seçilən Sırrı Sürəyya Öndər partiyanın tərəfdarlarına müraciət edərək "Bu gecə qələbəni qeyd etməməyə, seçki məntəqələrində qalaraq səsləri qorumağa" çağırıb.
MHP-nin seçki uğuruna diqqəti cəlb edən siyasi müşahidəçilər "İqtidar partiyasının dövlətin bütün imkanlarından istifadə edərək apardığı qeyri-bərabər təbliğat dönəmindən sonra CHP-nin əldə etdiyi nəticəni uğursuz saymadıqlarını" bildiriblər.
Konstitusiyaya görə, seçkidən sonrakı mərhələdə Məclisin yeni rəyasət heyəti formalaşdırılacaq. Yeni sədr seçilənə qədər Məclisin ən yaşlı üzvü sədr seçkisi prosesini idarə edəcək. Məclisin spikeri seçiləndən sonra isə vəzifəni ona təhvil verəcək.

Davudoğlu
pafoslu danışdı

AKP-lilərin seçki sonrası ilk açıqlamalarından onlarıni nəticələrdən razı qalmadığı açıq hiss olunub. Hökumətin və hakim partiyanın önəmli isimlərindən Bülənt Arınc jurnalistlərin suallarına məyus şəkildə, "üzgünəm" deməklə reaksiya verib.
Baş nazir Əhməd Davudoğlu isə seçkinin nəticələri açıqlandıqdan bir qədər sonra ənənəvi balkon çıxışını edib, "Bu, bir demokrasi şölənidir, bura - bu balkon isə demokrasi balkonudur" deyən baş nazir əlavə edib: "Millətimizin qərarı hər şeyin üstündədir. O, nə qərar veribsə, bütün partiyalar tərəfindən, hər kəs tərəfindən qəbul olunacaq. Biz millətdən gəldik, millətlə yürüyürük, millətdən güc alanlar əyilməz. AKP bir əxlaq hərəkatıdır... Biz 11-ci seçimimizi də birinci olaraq bitirdik. Allaha həmd olsun. Böyük tarixi yürüşlər üçün 12-13 il bir başlanğıc zamanıdır. Bir an belə durmadan davam edəcəyik".
Davudoğlu uzun çıxışında seçki dönəmini və yekunları dəyərləndirərkən daha çox pafosa üstünlük verib. Ekspertlər bunu da təsadüfi saymır. Hesab olunur ki, Davudoğlu bununla seçkinin nəticələrindən pərt vəziyyətə düşən AKP-lilərin ovqatını yüksəltməyə çalışıb.

Bahçeli AKP ilə
koalisyon
hökumətə yox dedi

Türkiyədə keçirilən seçkilərdə 3-cü yeri qazanmış MHP-nin başqanı Dövlət Bahçeli isə AKP ilə koalisyon hökumət qurmaq istəmədiklərini bildirib.
Seçki nəticələrini dəyərləndirən Bahçeli, prezident Ərdoğanın belə bir durumda baş nazir Davudoğluna yeni hökumətin qurulması üçün tapşırıq verməsi lazım olduğunu deyib.
Bahçeli kürd problemi ilə bağlı həll prosesinə qarşı olduqları üçün, AKP ilə koalisiya ortağı olmaq istəmədiklərini söyləyib. MHP lideri koalisiyanın AKP ilə HDP arasında qurulmasının daha uyğun olacağını deyib. O, həmçinin ikinci variant kimi AKP-CHP-HDP koalisiyasını təklif edib.
"Belə bir durumda MHP ana müxalifət missiyasını almağa hazırdır. Alınmazsa qoy erkən seçki olsun" - MHP lideri belə deyib.

Abdulla Öcalanın bacısı qızı Türkiyə parlamentində
PKK lideri Abdulla Öcalanın bacısı qızı srağagün Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə əsasən millət vəkili statusu qazanıb. HDP-nin Şanlıurfadan irəli sürdüyü namizədlər arasında ikinci sırada olan Dilək Öcalanın hələ 28 yaşı tamam olmayıb.
Qeyd edək ki, D.Öcalan daha əvvəl siyasətlə məşğul olmayıb.

Türkiyə 54 il
sonra bir ilk: 3 erməni deputat seçilib

Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda 39, Cümhuriyyət Xalq Partiyası (CHP) 28, Xalqların Demokratik Partiyası (HDP) 11, Milliyyətçi Hərəkat Partiyası (MHP) isə 10 millət vəkili mandatı qazanıb. Bundan başqa, AKP, CHP və HDP Böyük Millət Məclisinə 3 erməni millət vəkili göndərib.
AKP-də Markar Eseyan, CHP-nin deputatlığa namizədlər siyahısında 1-ci sırada olan erməni vəkil Selina Doğan millət vəkili seçiliblər. HDP-dən də milliyyətcə erməni olan namizəd Garo Paylan da mandat qazana bilib.
Beləliklə, Türkiyə Böyük Millət Məclisinə 54 il sonra ilk dəfə erməni millət vəkilləri seçiliblər.

İğdırda HDP-dən
millət vəkili
seçilənlərdən
biri azərbaycanlıdır

İyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərində İğdır şəhərində HDP böyük qələdə əldə edərək iki millət vəkili yerini qazanıb. Beləliklə İğdırı Türkiyə Böyük Millət Məclisində iki HDP-li millət vəkili, Emin Adıyaman və Kıznas Türkali təmsil edəcək.
Emin Adıyaman 12 iyul 1980-ci ilə hərbi çevrilişi zamanı həbs olunub. 3 il həbsdə qaldıqdan sonra azad olunub. İğdırda vəkil kimi fəaliyyər göstərir.
Azərbaycan əsilli Kıznas Türkali isə litsey məzunudur. O da 1992-ci ildə Topkapıda vərəqələr payladığı üçün həbs olunub və 6 ay cəza çəkib.
Xatırladaq ki, MHP İqdırdan İsa Yaşar Tezel və Səfər Qaraqoyunlunun namizədliyini irəli sürmüşdü. Hər iki namizəd azərbaycanlıdır.
CHP-nin irəli sürdüyü namizəd Adil Aşırım da azərbaycanlıdıdır, amma son parlament seçkilərində 1300 səs alıb. AKP isə millətcə kürd olan Cengiz Şeyranın və Ferdi Turanın namizədliyi üzərində durmuşdu.

Şok iddia: Türkiyənin Baş nazirliyində
sənədlər yandırılır

Bu arada Türkiyədə "Fuat Avni" kimi tanınan "Tvitter" istifadəçisi Ədalət və İnkişaf Partiyasının (AKP) seçkilərdən təkbaşına iqtidar çıxa bilməməsindən sonra bir iddia irəli sürüb.
Qardaş ölkə mediası xəbər verir ki, "Fuat Avni" seçkilərin nəticələrinin məlum olmasından sonra Baş nazirlikdəki sənədlərin yandırıldığını bildirib.
"Baş nazirlikdəki sənədlərin yandırılmasına başlanılıb. Proses gecə yarısına kimi davam edib. Sənədləri məhv etsəniz də, qurtuluşunuz yoxdur. Əbəs yerə çabalamayın", - "Fuat Avni" yazıb.
Qeyd edək ki, Türkiyədəki həbslər və hökumətin planları haqqında öncədən "Tvitter"də məlumatlar yayan "Fuat Avni"nin kimliyi gündəmin əsas mövzularındandır. Bəziləri bunun Fətullah Gülənin şəxsən özü olduğunu bildirirlər.

MHP kürdləri hakimiyyətə buraxacaqmı?

"Türkiyədə kolalisyon hökumət qaçılmaz hala gəldi". Bu açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib.
O bildirib ki, parlamentə keçən 4 partiyadan ikisi arasında ittifaq yaradılmalıdır: "Əlbəttə, formalaşacaq koalisyon hökumətin daxili və xarici siyasətdə uğur qazanmaq şansı yüksək deyil, ancaq başqa alternativ də qalmayıb, növbədənkənar parlament seçkisi çıxış yolu deyil. Belə olan halda parlamentə keçən 4 partiyadan ikisi arasında ittifaq yaradılmalıdır. Şəxsən mən AKP-MHP koalisyonuna üstünlük verirəm. Doğrudur, Ərdoğan-Davudoğlu duetinin bir-birlərinə demədikləri söz qalmadı. Ancaq bu seçki kampaniyası idi, indi isə gündəmdə ölkənin taleyidir və məsuliyyətli olmaq gərəkir. MHP dövlətçilik və millətçilik adına məsuliyyətli partiyadır, parlamentdə təmsil olunan Xalqların Demokratik Partiyasının hakim koalisyonda yer almasını istəməz. Çünki əks halda kürd radikalizmi Türkiyə tarixində ilk dəfə idaerəetmədə yer alacaq. Bunun qarşısının alınmasının iki yolu var: ya AKP-MHP koalisyonu qurulur, ya da MHP məsuliyyəti AKP ilə bölüşmək istəməsə də, səsləri ilə kənardan AKP-nin hökumət formalaşdırmasına yaşıl işıq yandırır. İkinci variant MHP-yə imkan verəcək ki, AKP-nin siyasətini nəzarətdə saxlasın".
E.Şahinoğlunun sözlərinə görə, Ərdoğan meydanlara düşməsəydi, Davudoğlu AKP üçün indikindən də az səs toplayacaqdı: "Ancaq Ərdoğnın meydanlara düşməsi onun siyasi məsuliyyətini artırdı. Çünki birincisi, "koalisyonlar ölkəni uçuruma apardı" deyən prezident indi seçki nəticələrinə görə öz sözündən geri çəkilərək koalisyon hökumətin formalaşdırılmasına yaşıl işıq yandırmalıdır, ikincisi "Türkiyə parlament respublikasından prezident respublikasına çevrilməlidir"şüarını ən azı gələn seçkilərə qədər unutmalıdır. Beləliklə, Ərdoğan ikiqat zərbə aldı..."

CHP Azərbaycanda
AKP-ni uddu

İyunun 7-də Türkiyə parlamentinə keçirilən seçki çərçivəsində Azərbaycanda yaşayan türklər də səsvermə hüququndan istifadə ediblər. Seçki Bakı səfirliyi, Gəncə və Naxçıvan konsulluqlarında baş tutub.
Azərbaycandan gələn səslərin 100 faizi hesablandıqdan sonra alınan Nəticələrə görə, Bakıda CHP (Cümhuriyyət Xalq Partiyası), Gəncə və Naxçıvanda isə AKP (Ədalət və İnkişaf Partiyası) liderdir.
Bakıda keçirilən səsvermədə CHP liderdir. Bu partiya 508 səs (30.01 faiz) toplayıb. Hakim AKP 460 (27.17), HDP 355 (20.96), MHP (Milliyətçi Hərəkat Partiyası) 302 (17.84 faiz) toplayıb.
Gəncədə AKP 20 (37.03 faiz), MHP 13 (24.07 faiz), HDP 12 (22.21 faiz), CHP 7 (12.96 faiz)
Naxçıvanda - AKP 42 (43.29 faiz), CHP 26 (26.80 fazi), MHP 14 (14.43 faiz), HDP 7 (7.21 faiz)
Ümumi nəticələrdə CHP 29, 34; AKP 28,31; HDP 20,28; MHP 17,84, digərləri isə 4,23 faiz səs toplayıb.
Kənan Rzaquliyev