Qərbin əlində oyuncağa çevrilən qalmaqallı diplomat siyasətə gəlir
10:01 11-06-2015
İQTİSADİYYAT
Qərbin əlində oyuncağa çevrilən qalmaqallı diplomat siyasətə gəlir
Arif Məmmədovun "siyasi intiharı": O, sürətlə acınacaqlı sonluğuna yaxınlaşır...
Facebook statusları, verdiyi açıqlamalarla ictimai qınaq obyektinə çevrilən diplomat Arif Məmmədov artıq siyasətə transfer etməkdədir.
Hər halda onun mətbuata verdiyi geniş müsahibədə səsləndirdiyi fikirlər Arif Məmmədovun sanki hansısa gizli güclər tərəfindən hərəkətə gətirildiyi və danışdırıldığı təəssüratını yaradır. Sonuncu müsahibəsində özü haqqında "peşəkar diplomat" deyən, bunun ardınca "diplomat elə siyasətçi deməkdir" söyləyən və "mən islahat tərəfdarıyam" bəyanatını verən Arif Məmmədovun siyasi iddiaları boy qaldırır. Bu həm sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsdən öncəki statusu ilə necə də oxşardır. İndi, Arif Məmmədov da Fərhad Əliyevin bir vaxtlar etdiyi ciddi yanlışları təkrarlayır, təmsil olunduğu hakimiyyət haqqında aşağılayıcı ifadələr işlədir, hakimiyyətdəkilərin dəyişməli olduğu haqda siqnallar verir, islahatların qaçılmazlığından bəhs edir və s. Bu isə artıq Arif Məmmədovun diplomat kimi "öldüyünü", əvəzində isə onun simasında ambisyon bir siyasətçinnin "ölü doğulduğunu" göstərməkdədir.
Baş verənlər isə Arif Məmmədovun hansısa beynəlxalq güclər tərəfindən danışdırıldığı qənaətini möhkəmləndirir. Hər halda Azərbaycan hakimiyyətinə açıq meydan oxuyan ifadələrin onun leksikonunda daha çox yer alması, Azərbaycan hakimiyyətinin onu diplomat kimi geri çağıra bilməyəcəyini xüsusi olaraq qeyd etməsi, təmsil etdiyi İslam Əməkdaşlığı Təşkilatı haqda "bura, layiqli adamın işdən azad edilib bir saniyənin içində məhv edilə biləcəyi Bakı deyil" bəyanatını səsləndirməsi nələrdənsə xəbər verir. Bəli, bir vaxtların ortabab diplomatı indi siyasət meydanına atılmaq niyyətindədir, bu isə Arif Məmmədovun intiharıdır. Hər halda onun sözügedən müsahibədə səsləndirdiyi fikirlərlə tanışlıq həmin qənaəti daha da möhkəmləndirir.
Həmin müsahibədə Arif Məmmədov təmsil etdiyi hakimiyyətə necə sayğısız yanaşdığını özü də etiraf edir: "Bir necə gün əvvəl Istanbulda Islam Əməkdaşlığı Təşkilatının görüşündə idim. Telefonuma zəng gəlib, ancaq görüşdə olduğuma görə çatdırıb cavab verə bilməmişəm. Sonradan ismarıc aldım ki, administrasiyadan mənimlə danışmaq istəyirlər. Ancaq kimin zəng etdiyini bilmirdim. Düşündüm ki, görüşdən çıxıb zəng edərəm".
Daha sonar isə Arif Məmmədov Azərbaycan XİN-in onu tutduğu postdan geri çağıra bilməyəcəyini xüsusi vurğulayır: "Mən Azərbaycan diplomatıyam. Fövqəladə və səlahiyyətli səfir rütbəm var. Ancaq IƏT-nın səfiri vəzifəsinə Azərbaycanın deyil, bu təşkilatın baş katibinin qərarı ilə təyin edilmişəm. Yəni məni ancaq IƏT-nın baş katibi geri çağıra bilər. IƏT nüfuzlu beynəlxalq təşkilatdır. Üzv ölkələrin sayına görə 57 üzvlə dünyanın ikinci ən iri təşkilatıdır. Orda Bakının öyrəşdiyi tərzdə işləmirlər. Baş katib ölkəsindən xeyli kənarda tanınan təcrübəli siyasətçidir. Geri çağırılmağımla bağlı sorğunun göndərilib-göndərilməməsi, göndəribilsə, kim tərəfindən edilməsi barədə məlumatım yoxdur. Ancaq düşünürəm ki, baş katib hər hansı qərarı qəbul etməzdən öncə xeyli düşünəcək. Bundan əlavə, mənim müqaviləm var və bu müqaviləni pozmaq proseduru olduqca mürəkkəbdir. Bura, layiqli adamın işdən azad edilib bir saniyənin içində məhv edilə biləcəyi Bakı deyil. Prosedurlar BMT standartlarına çox yaxındır. Bu, BMT baş katibinə hər hansı ölkədəki nümayəndəsini onun vətəndaşı olduğu ölkənin tələbi ilə geri çağırmaq üçün müraciət etməyə bərabərdir. Baxaq görək bu nə ilə bitəcək. Ancaq təkrar edirəm, baş katibi tanıyıram. Çox tanınmış və təcrübəli adamdır. Onu həm Səudiyyə Ərəbistanında, həm də xeyli kənarda tanıyırlar. Bunun tezliklə baş verəcəyinə və asan qərar olacağına inanmıram".
Daha sonra isə özünün sonunu yaxınlaşdıran Facebook statuslarından danışan Arif Məmmədov yazdıqlarının hamı tərəfindən, elə Azərbaycan məmurları tərəfindən də gizli şəkildə danışıldığını deyərək sanki kimlərəsə şantaj dolu ismarıclarını da göndərməyi unutmur: "Bəli, bu status qəlbimin fəryadı idi. Ancaq bunu təkcə yanan 16 mərtəbəli binaya görə yazmadım. Xeyli şey yığılıb və özü də tək məndə yox. Mənim yazdıqlarımı hamı danışır. Sadəcə açıq demirlər, evdə, mətbəxdə, qonaqlıqda, istirahətdə pıçıldaşırlar. Azərbaycanda elə bir dövlət məmuru yoxdur ki, onu şəxsən tanımayım. Onların hər biri nəyisə tənqid edir, ancaq özü dəyişmək istəmir".
"Feysbukda statusum onlar üçün bəhanə oldu" deyən Arif Məmmədov daha sonra hakimiyyətdə onun "uğurlu diplomat" olmağını həzm edə bilməyən qüvvələrin mövcudluğundan yazır. Və nə qədər paradoksal görünsə də iddia edir ki, guya "vurulması" da məhz bununla bağlıdır: "Avropanın bütün siyasi elitası məni tanıyır. Strasburqda da, Brüsseldə də tanıyırlar. Bu da Bakıda bir çoxlarında narazılıq yaradıb. Avropada mənə hörmət edirlər və söhbətlərə, ideyalara və debatlara açıq olan demokratik ideyalı adam kimi tanıyırlar. Avropada səmimiyyəti, adamın müxtəlif proseslərə tənqidi yanaşma bacarığını, hər neqativdə nəsə yaxşı bir şey axtarmağı dəyərləndirirlər. Bakıda da uğurlu işlədiyimə görə məni sevməyən çevrə var. Yəqin onlar düşünür ki, burda nəsə elə deyil...
Bu çoxdan davam edirdi. Çoxdandı mənə diş qıcayırdılar. Dəqiq 5-6 il olar"
Müsahibənin sonunda diplomat olduğunu unudan Arif Məmmədov artıq siyasətçi, həm də müxalifət təmsilçisi kimi danışmağa başlayır: "Hakimiyyət dəyişikliyinin tərəfdarı kimi deyil, islahat tərəfdarı kimi çıxış edirəm. Hakimiyyət xalqın ondan gözlədiyi islahatları həyata keçirə bilsə... Biz də xalqın, küçədəkilərin, hətta elitanın əhvalını yaxşı bilirik. Elitada elə adamlar var ki, baş verənlərin səhv olduğunu görür. Onları şəxsən tanıyıram, elitanın bir çox üzvləri ilə ünsiyyətdəyəm. Əgər məni tanıdıqlarına görə də adamları işdən çıxarsalar, onda gərək bütün siyasi elitanı qovsunlar.
Adamlar başa düşür ki, nəsə etmək lazımdır. Mənə hücum edənlər komandanın daha mütərəqqi düşüncəli üzvlərini qorxu içində saxlayırlar. Sonuncular yuxarıdan gələn qorxuya görə hətta fikirlərini də dilə gətirə bilmirlər".
"Hər bir diplomat həm də siyasətçidir" fikriylə müsahibəyə nöqtə qoyan Arif Məmmədov bununla da artıq siyasətin içində olduğuna açıq eyham vurur. Amma bu ortabab diplomatın siyasətdə uzaq gedəcəyi kifayət qədər şübhəli görünür. Hər halda proseslərin sonrakı inkişafı bunu təsdiq edəcək: bizə isə yalnız gözləmək qalır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05