Gözlənilən

Gözlənilən gün yetişdi; Bu gün Bakı-2015- Avropa oyunlarına start verilir

Möhtəşəm tədbirin açılış günündə bütün dünyanın gözü Azərbaycanda olacaq

Bu gün Bakı-2015 I Avropa Oyunları start götürəcək. "Unikal"ın məlumatına görə, artıq yarışın açılış mərasiminin keçiriləcəyi gündə 2 idman növü üzrə yarışlar başlayacaq.
Belə ki, su polosu və sinxron üzgüçülükdə mübarizə sabah start götürəcək. İlk medal dəsti iyunun 13-də sahibini tapacaq. Həmin gün ümumilikdə 13 dəst medalçılar müəyyənləşəcək. Avropa Oyunlarında cəmi 253 dəst medal olacaq. İlk gün istisna olmaqla, hər gün çempion və mükafatçılar müəyyənləşəcək. Yarışın son günündə 9 növdə güclülər bilinəcək.
Ən çox – 35 dəst medal iyunun 21-də sahibinə qovuşacaq. Həmin gün 14 növdə yarışlar keçiriləcək. Ayın 17-də və 19-da azarkeşlər 13 növdə mübarizəyə şahid olacaq.
Qeyd edək ki, təxminən 6000 idmançının 20 növdə mübarizə aparacağı yarışın açılış mərasimi sabah saat 20:15-də başlayacaq.
"Atletlər kəndi Avropa Oyunlarında xüsusi yer tutur. Orada xüsusi ab-hava olur". Bunu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki deyib. AOK rəhbəri KİV nümayəndələri ilə görüşündə Avropa Oyunlarına son hazırlıqları qiymətləndirib. O bildirib ki, Azərbaycan 6 min idmançının 20 növdə mübarizə aparacağı ilk yarışa çox gözəl hazırlaşıb: "Bu rəqəmin özü belə diqqət çəkir. Təşkilatçı Azərbaycanın bu Oyunları keçirmək üçün çox az vaxtı olub. Lakin onlar bu işin öhdəsindən çox gözəl gəldilər. Gözəl arenalar, əla infrastruktur düzəltdilər. Bir sözlə, Azərbaycan yarışa çox gözəl hazırlaşıb".
AOK prezidenti Bakı-2015-in startını səbirsizliklə gözlədiyini də deyib: "Avropadan fərqli, digər qitələrdə belə Oyunlar vardı. Bu yarışlar zəruri idi və onlar həyata keçir. Bu çox həyəcanlandırıcı andı. Bu üzdən də açılış mərasimini səbirsizliklə gözləyirik. Oyunlar haqda test xarakterli demək düzgün olmaz. Çünki Bakıya çox sayda Olimpiya və dünya çempionları gəlir. Rəqəmlər özü hər şeyi deyir. Bir sıra növlərdə Rio-2016 üçün reytinq xalları oynanılacaq. Bir sözlə, yarışın səviyyəsi çox yüksəkdi".
İnformasiya Şöbəsi