Ərdoğan üçün çətin sual: Kolisiyaya, kimlə və necə...
09:26 13-06-2015
İQTİSADİYYAT
Ərdoğan üçün çətin sual: Kolisiyaya, kimlə və necə...
Türkiyə seçkilərinin nəticələri qardaş ölkəyə nə vəd edir?
Türkiyədə keçən parlament seçkiləri hakim Ədalət və Dirçəliş (AKP) partiyasının 13 illik təkhakimiyyətliliyinə son qoydu. Seçkinin nəticələri AKP-yə təkbaşına hökumət qurmağa imkan vermir və pariyaları müştərək, yaxud koalisiya höküməti qurmaya vadar edir. Odur ki, seçkidən sonra Türkiyə siyasi gündəminin əsas mövzusu mümkün koalisiyalarla bağlı proqnozlardır.
Beləliklə, son nəticələrə əsasən AKP 40,85 faiz səs toplamaqla parlamentdə 258 yerə sahib oldu. Hakim partiya 2011-ci ilə nisbətən 9 faiz az səs toplayıb. Əsas müxalifətçi partiyalar olan CHP (Cumhuriyyet Halk Partiyası) 24,96, MHP (Milliyetçi Haraket Partiyası) 16,28 faiz səs toplayıblar. CHP 2011-ci il illə müqayisədə 1 faiz az səs topladığı halda, MHP 3.27 faiz çox səs toplamağa nail olub.
Səsvermənin sürpriz nəticəsi isə kürdlərin partiyası kimi tanınan, əslində bütün azlıqların (milli, dini, sosial, cinsi) təmsilcisi qismində çıxış edən HDP-nin (Halkların Demokratik Partiyası) 13,11 faiz səs toplayaraq 10 faizlik səddi aşması və 80 millət vəkili ilə parlamentə düşməsi oldu.
Maraqlıdır ki, partiyaların hər biri seçkinin nəticələri məlum olduqdan sonra qələbələrini bayram etməyə başlayıblar. AKP birinci olduğuna görə, CHP və MHP AKP-nin təkhakimiyyətliyinə son qoyulduğunadan, HDP isə məclisə düşə bildiyi üçün qələbə sevincini yaşayır.
Bir çox ekspertlər AKP-nin tarixində ilk dəfə olaraq təkbaşına höküməti qura bilməməsini prezident Ərdoğanın partiyasının siyasi məğlubiyyətinin başlanğıcı kimi qiymətləndirirlər. Lakin Ərdoğan üçün bu nəticələrin gözlənilməz olduğunu demək doğru deyil. Partiyanın 10 ildən artıq hakimiyyətdə olmasını, partiya sədriliyini artıq Ərdoğanın deyil, Əhməd Davudoğlunun icra etməsini nəzərə alaraq 40 faiz səs toplaması kifayət qədər müsbət nəticədir.
Prezident seçilməklə partiya başqanlığından çəkilən Ərdoğan, AKP-ni Davutoğlunun rəhbərliyilə seçkiyə yola salmaqla əslində bu partiyaya şəxsiyyət və liderdən asılı olmayan müstəqil partiya kimi siyasi sistemdə özünə yer tutmasına şərait yaratdı. Şəxsiyyətə bağlı olmayan partiyanın siyasi sistemdə yaşama hüququnu əldə etməsinə görə 9 faiz səsin qurban verilməsi heç də böyük itki deyil.
Kürdlərin partiyası olan HDP-nin parlamentə düşməsi isə PKK-çıların Türkiyədə silahlı mübarizəsini dayandırmalarının bədəli idi. Türkiyədə "kürd məsələsi" faktdır və bu faktı görməzdən gəlmək problemin həlli hesab oluna bilməz. Ərdoğanın hakimiyyətinin ən böyük uğuru kürdləri silahlı mübarizə müstəvisindən siyasi mübarizə müstəvisinə keçirməsi oldu. HDP-nin parlamentə daxil olması kənardan hər nə qədər arzulanan görünməsə də, əslində Türkiyədə demokratiyanın inkişafının göstəricisidir.
Türk millətçilərini təmsil edən MHP-nin səslərinin 3 faiz yüksəlməsi Türkiyə cəmiyyətində kürdlərin özünü siyasi identifikasiya etmə prosesinə cavabdır. Əgər MHP-də HDP-nin başqanı Selaheddin Demirtaş kimi nisbətən gənc, xarizmatik və daha güclü lider olsaydı, millətçilərin topladıqları səslər daha artıq ola bilərdi.
Koalisiyaya gəlincə, Türkiyə qanunvericiliyinə əsasən, ölkə prezidenti seçkidə ən çox səs toplamış partiyanın liderinə yeni höküməti qurmaq göstərişi verməlidir. Əgər bu partiya koalisiya ilə bağlı digər siyasi qüvvələrlə ortaq mövqe tapa bilməsə, prezident hökumət formalaşdırmaq vəzifəsini ikinci partiyaya həvalə edə, yaxud yenidən seçki elan edə bilər. Prezident Ərdoğanın seçkidən sonra verdiyi bəyanatdan da hiss olunur ki, dövlət rəhbəri AKP-nin tək başına hökumət qurması iddiasında deyil və partiyaları səsvemələrin nəticələrini real qiymətləndirərək addım atmağa dəvət edir.
"Nəticələrin heç bir partiyaya təkbaşına iqtidar imkanı vermədiyi mövcud tablonun yarışa qatılmış bütün partiyalar tərəfindən sağlam və real dəyərləndiriləcəyinə inanıram. Seçkidən sonra başlayan bu yeni dövrdə ölkəmizdəki əmin-amanlıq və etimad ortamının, demokratik irəliləyişlərin qorunması üçün bütün siyasi partiyaların lazımi həssaslığı göstərmələri, məsuliyyətli davranış sərgiləmələri böyük əhəmiyyət daşıyır",- deyə prezident vurğulayıb. Bununla Ərdoğan koalisiyadan yana olduğunu dolayı yolla partiya liderlərinə çatdırıb.
Mümkün koalisiya ehtimalları ilə bağlı demək olar ki, MHP burada açar siyasi qüvvədir. Höküməti qurmaq istəyən istənilən qüvvə məqsədinə çatmaq üçün MHP ilə razılığa gəlməlidir.
Belə ki, AKP ilə CHP-nin təməl siyasi baxışları fərqli olduğu üçün bu iki partiyanın koalisiyası mümkünsüzdür. Bununla belə, 1995-ci ildə sekulyalist DYP-nin (Doğru Yol Partiyası) islamçı Rəfah Partiyası ilə koalisiyaya daxil olmasını nəzərə aldıqda hər bir variantın mümkünlüyü istisna edilmir.
Höküməti qurmaq vəzifəsi ilkin olaraq AKP-yə veriləcəyi üçün Davutoğlunun iki seçimi var: ya HDP, ya da MHP. AKP-nin HDP ilə hökümət qurması ehtimalı istisna olunmasa da, Demirtaşın heç bir halda AKP ilə koalisiyaya daxil olmayacağını bildirməsi bu ehtimalın reallığına inamı azaldır. Üstəlik, kürdlərin ilk seçkidəcə parlamentə daxil olmaları və hökumət formalaşdırmaları onlara lazımından artıq göstərilmiş etimad olar. Ancaq bununla belə, Qərb dövlətlərinin praktikasında güclü partiyalar azlıqları təmsil edən siyasi qüvvələrlə iş birliyinə girməyə üstünlük verlər. Bununla birincisi hakimiyyətin şəriki daha kiçik olur, ikincisi isə, ölkə daxildə milli birlik təmin olunur, separatlaşmanın qarşısı alınır.
CHP-nin səsləri HDP ilə hökumət qurmağa imkan vermir, CHP-HDP-MHP birliyi isə mümkün deyil, çünki Devlet Bahçeli HDP ilə heç bir koalisiyanın mümkün olmadığını bildirib.
Belə olan halda növbəti hökumətin AKP ilə MHP-nin koalisiyasından formalaşacağı daha inandırıcıdır. Xatırlatmaq yerinə düşər ki, məhz MHP-nin dəstəyi nəticəsində 2008-ci ildə AKP Türkiyə universitetlərində başörtüsünə icazə verən qanunun qəbuluna nail oldu. 2007-ci ildə isə prezident seçkilərində MHP-nin öz namizədini irəli sürməsi Abdullah Gülün prezident seçilməsini leqal don geyindirdi. Bu onu göstərir ki, AKP hər zaman əhəmiyyətli məsələlərdə MHP-nin dəstəyini ala bilib.
Eyni zamanda nəzərə alınmalıdır ki, MHP lideri Devlet Bahçeli artıq uzun illərdir ki, partiyaya rəhbərlik edir və bu onun sonuncu iqtidarda təmsil olunmaq şansı ola bilər. Bahçelinin belə fürsətdən yararlanmayacağı inandırıcı deyil.
Türkiyədə Böyük Millət Məclisinə keçirilən son seçkilərdə kürd partiyası olan HDP-nin 13% miqdarında səs toplaması yalnız qardaş ölkədə deyil, Azərbaycanda da müzakirə və mübahisələrə səbəb olub.
Seçkilərdə HDP-nin bunca səs toplaması nə ilə bağlıdır? Doğrudanmı HDP siyasi bir gücə çevrilməkdədir və yaxın gələcəkdə kürdlərin Türkiyənin siyasi həyatında həlledici rol oynaması qaçılmazdır? Əslində isə baş verənləri kürdlərin müstəqillik əldə etmək siyasətinin başlanğıcı kimi qiymətləndirmək olar. Bu seçkinin nəticəsi özü ilə böyük problemlər gətiəcək. Həm siyasət, həm də terror baxımından Türkiyə cəmiyyətində ikili xəttin yürüdülməsi hökmən ciddi qarşıdurmaya gətirib çıxardacaq. Necə ki, seçkilərdən dərhal sonra Diyarbəkirdə bu qarşıdurmanın əlamətləri özünü göstərməyə başlayıb.
Kürd partiyasının uğur qazanmasının əsas səbəbkarı isə AKP-dir. AKP-nin yaratdığı imkanlar onları bu yerə gətirib çıxartdı. Əvəllər kürdlərin bu istiqamətində səs verməsi ənənəsi elə də geniş deyildi. Amma AKP elə bir siyasət yürütdü ki, nəticə etibari ilə əksər kürdlər HDP-yə səs vermiş oldu. Kürdlər bu istiqamətdə birlikdə hərəkət etməyə başladılar. Əvəllər MHP-yə, AKP-yə ayrılan səslər bu dəfə HDP-yə yönəlmiş oldu. Nəticədə HDP 13 fazilik bir nəticə göstərdi. Bu AKP-nin bəlkə də düşünülməmiş siyasətinin nəticəsidir. Kürdlərin tələbləri qarşısında hökumətin geri çəkilməsi, Öcalanın təlimat vermək imkanlarının artırılması belə bir nəticəyə gətirib çıxartmalı idi.
Əlbəttə ki, kürd problem həll edilməli, bir çözüm yolu tapılmalıdır. Amma kürd problemini bu qədər siyasiləşdirməyin Türkiyənin gələcəyi üçün o qədər də faydalı olmadığı da ortadadır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05