"Seçkidə qalib gələcəyik" –
Siyavuş Novruzov

"Yeni Azərbaycan Partiyası bütün seçki proseslərinə yeni şüarla qatılır, davamlı inkişafın prioritet məsələ olduğunu devizində əks etdirir. Ölkədə keçirilən butün seçki proseslərindən qələbə ilə çıxan YAP-ın qarşıdan gələn parlament seçkilərində də uğur qazanacağı şəksizdir".
Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. YAP rəsmisi bildirib ki, Azərbaycanın bugünkü reallıqları, Prezident İlham Əliyevin gördüyü işlər bu qələbəyə böyük əsas yaradır. Lakin hər zaman olduğu kimi, bu seçki prosesində də partiya özündə arxayınlıq yaratmayaraq, hazırlıq işlərini yüksək səviyyədə həyata keçirməyə çalışır.
"Nəzərə alsaq ki, hazırlıq işlərinin yüksək təşkili qələbə üçün uğurlu başlanğıcdır, bu halda səylərin daha da artırılması mütləqdir. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi, müvafiq tapşırıq və tövsiyələr verildi. Məqsəd mütəşəkkil şəkildə hazırlıq işlərini həyata keçirmək, seçkilərdə fəal iştirak etmək, Yeni Azərbaycan Partiyasının qələbələr partiyası imicini daha da möhkəmləndirmək, uğur səhifələrimizə yenilərini artırmaqdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və biz bundan sonra da bunu edəcəyik". Biz inanırıq ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərində növbəti qələbəsini təmin etməklə qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərin gerçəkləşdirilməsinə dəstək olacaq. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir".