Azərbaycan bələdiyyələri "can verir"
07:40 17-06-2015
CƏMİYYƏT
Azərbaycan bələdiyyələri "can verir"
Və ya özünüidarə edə bilməyən yerli hakimiyyətlərimiz...
"Bələdiyyə barədə söhbət düşəndə əhalidə ilk reaksiya belə olur ki, bu qurum lazımsızdır və onları ləğv etmək lazımdır. Bilgisiz vətəndaşın bu fikrini anlamaq olar, ancaq hansısa ekspertin, ictimai çəkisi olan şəxsin belə söz deməsi əsil faciədir. Acı da olsa bu, bir reallıqdır".
Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, faktiki olaraq bələdiyyələr lazımsız qurum səviyyəsinə endirilib və cəmiyyətdə düşünülmüş şəkildə onlar barədə neqativ fikri formalaşdırılıb: "Bunda bələdiyyələrin də xidməti az deyil. Onlar arasında qanunsuz hərəkətlər edənlər də var. Ancaq əsas səbəb bu deyil. Əsas səbəb odur ki, bələdiyyələrin nə zəruri səlahiyyəti var, nə də lazımi maliyyəsi. Heç statusu da bəlli deyil. Prezidentin də dediyi kimi, onlar icra hakimiyyəti orqanlarının filialı funksiyasını daşıyır. Axı, bələdiyyələrin bu vəziyyətə düşməsində mərkəzi hakimiyyətin də payı var. Azərbaycan "Yerli özünüidarəyə dair" Avropa Xartiyasına qoşulub və bununla da Avropa Şurası qarşısında bələdiyyələri gücləndirmək öhdəliyi götürüb. Hələ də öhdəliyin yerinə yetirilməsində ciddi problemlər var".
Samir Əliyevin sözlərinə görə, ölkədə hazırda 1600-dan çox yerli özünüidarə qurumu fəaliyyət göstərir. Ancaq bələdiyyələrin statusu hələ də qeyri-müəyyən olaraq qalmaqdadır: "Səlahiyyətlər məhduddur, onlar da müstəsna deyil. Maliyyə imkanları isə acınacaqlıdır. 2014-cü ildə ölkə üzrə bütün bələdiyyələrin cəmi büdcəsi 48,7 milyon manat olub. Təsəvvür edin ki, bir bələdiyyənin orta illik büdcəsi 29 min manatdır. Tək-tük bələdiyyə var ki, illik büdcəsi 100 minlərlə ölçülür. Ölkə bələdiyyələrinin təxminən 85%-ni təmsil edən kənd bələdiyyələrində illik büdcə gəlirləri 5-6 min manatdan çox deyil. Yəni aylıq büdcə 450-500 manata bərabər. Kənd bələdiyyələrin orta aylıq büdcəsi ölkə üzrə orta aylıq əmək haqqı həddindədir və ya bir ailənin aylıq qazancı qədər. Bu vəsaitlər bələdiyyə hansı öhdəliyi yerinə yetirə bilər?".
Müsahibimiz deyir ki, bələdiyyələrin büdcələrinin əsas mənbəyini hələ də torpaq satışı təşkil edir: "Yerli vergi üzrə daxil olmalar ötən il 13,4 milyon manat olub. Bunun 6,9 milyon manatı əmlak vergisinin payına düşür. Yəni hər bir vətəndaş yaşadığı evə görə bələdiyyəyə il ərzində 73 qəpik vergi ödəyir. Sevindirici haldır ki, əmlak vergisi üzrə vergi bazasında təkmilləşdirilib və bu, vergi daxil olmalarını təxminən 10 dəfəyədək artıra bilər. Ancaq bu dəyişiklik kifayət etmir. Çünki bələdiyyə büdcələri ən yaxşı halda 2 dəfə artacaq. Yerli problemlərin dəyəri isə daha bahadır.
20 milyardlıq dövlət büdcəsində bələdiyyələrə cəmisi ildə 5,2 milyon manat ayrılır. Kənd bələdiyyələrin aldığı dotasiya 1000 manatdan çox deyil. Həmin pul bələdiyyə üzvlərinin və qulluqçularının aylarla almadıqları maaşlarının sosial sığorta haqlarına ödənilir. Nəzərdə tutulmağına rəğmən dövlət proqramlarının icrasına cəlb edilmirlər. Bəlkədiyyələr öz vəsaitləri üzərində müstəqil sərəncam vermək iqtidarında deyillər".
Sonda ekspert bildirib ki, heç bir qurum yerli problemləri bələdiyyələrindən yaxşı görə bilməz: "Ən yaxşı mərkəzi hakimiyyət qurumu belə əraziyə bələdiyyə qədər bələd deyil. Bələdiyyələr əhaliyə ən yaxşı qurum hesab edilir. Nahaqdan dünyada bələdiyyələri təsadüfən yerli hakimiyyət adlandırmırlar. Dövlətlər yeri əhəmiyyətli işləri istisnasız olaraq bələdiyyələrə həvalə edir. Biz də öz bələdiyyələrimizə etibar etməliyik. Əks halda neft gəlirlərinin azalması fonunda yerli problemlər diqqətdən kənarda qala bilər".
Toğrul
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28