Ülvi Quliyev nəticələrdən razıdır

Millət vəkili: "Gözlədiyimizdən də artıq oldu"

Millət vəkili, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev hazırda ölkəmizdə keçirilən Avropa Oyunlarında karateçilərin əldə etdiyi uğurlardan danışıb.
Ü. Quliyev bildirib ki, I Avropa Oyunlarında karate idman növünün də təmsil olunması onları sevindirib: "Karate idman növü Yay Olimpiya Oyunlarına aid olmasa da, Avropa Oyunlarının tərkibinə daxil edildi. Bu, ölkə başçısının bizə böyük hədiyyəsi oldu. Hər zaman karate idman növünə dövlət tərəfindən qayğını hiss etmişik. Karateçilərimizin uğurları bundan əvvəl Avropa və dünya çempionatlarında da olub".
Onun sözlərinə görə, Avropa Oyunlarına Azərbaycan ev sahibliyi etdiyi üçün idmançılarımızda həyacan və məsuliyyət çox idi: "Düşünürəm ki, karateçilərimiz etimadları doğrultdu. Belə ki, ilk bürünc və qızıl medal karateçilərdən gəldi. Bu nəticə də bizi sevindirir. Çünki həm bizə göstərilən etimad doğrulur, həm də çəkdiyimiz əzab-əziyyətin nəticəsini görürük. Əvvəlcədən etdiyimiz proqnozlara görə, üç-dörd medal qazanmalı idik. Hesab edirdik ki, bunlardan biri ya ikisi qızıl olsaydı, daha yaxşı olardı. Amma dörd qızıl və iki bürünc medalın olması gözlədiyimizdən də artıq oldu. Digər idman növlərindəki uğurlamızı da görürük. Bütün bunlar Azərbaycanın idman ölkəsi kimi tanınması, eyni zamanda sağlam həyat tərzinin kütləviliyini sübut edən əsas məsələlərdən biridir. Buna görə də ölkə başçısına, həmkarımız Mehriban Əliyevaya bütün karate ailəsi adından böyük tarixi idman hadisəsini bizə bəxş etdiyi üçün minnətdarıq. Gələn qonaqlar bir daha Azərbaycanda gedən prosesləri, inkişafı görür. Onlar hər dəfə bu inkişaf barədə bizə danışanda sevinirik".
Günel Türksoy