Uçüncü dəfə həbsxanaya düşdü; 253 manatlıq dələduzluq və 8 il cəza
Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Ağcabədi şəhər sakini, 1985-ci il təvəllüdlü Vasif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ittihama görə, Vasif Əliyev əvvəllər talama cinayəti törətdiyi üçün 2003-cü ildə 9 il müddətə azadlıqdan mərhum edilib. 9 ildən sonra azadlığa çıxan Vasif Əliyev iş tapa bilmədiyi üçün dələduzluğa başlayıb və Zərdab Rayon Məhkəməsinin 13 iyun 2013-cü il tarixli hökmü ilə 1 il 6 ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum olunub. Şirvan Apelyasiya Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli qərarı ilə cəza 6 aya endirilib.
Cəza bitdi, cinayət yox
Vasif Əliyev 3 oktyabr 2013-cü ildə cəzasının başa vuraraq azadlığa çıxıb, amma yenidən dələduzluq əməlləri törətməyə başlayıb. Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinə gedərək orada satıcı işləyən Tural Süleymanova xarici pasportunu verərək, onun etimadını qazanıb .Vasif xəstə uşağını həkimə aparacağı adı ilə və bir saat müddətinə qaytaracağını vəd etməklə Turaldan 35 manat alıb.
Bir neçə dəqiqədən sonra yenidən Tural Süleymanovun yanına qayıdan Vasif Əliyev ona bir ədəd "Bluetooth D1530 FM" markalı istifadəyə yararsız mobil telefon aparatı verib və pasportunu geri alıb.
Vasif Əliyev 28 dekabr 2013-cü ildə, saat 21 radələrində Ağcabədi şəhərində yerləşən əvvəllər tanımadığı İbadət Abdullayevin ət mağazasına gedib, yeməkxana işçisi olması adı ilə onu aldadıb.
O, pasportunu İbadət Abdullayevə təqdim edib, aldığı ətin pulunu ödədikdən sonra sənədi götürəcəyini bildirib. Bu yolla 50 manatlıq quzu əti alıb. Həmin gün saat 24 radələrində yenidən ət mağazasına qayıdıb və işlədiyi yeməkxanaya ərzaq alacağı adı ilə təkrarən satıcıdan 50 manat pul alıb.
200 manatlıq ziyan
Vasif Əliyev həmin il dekabrın 29-da, saat 10 radələrində yenidən İbadət Abdullayevə məxsus mağazaya gəlib. O, mağaza sahibini yenə restorana ərzaq alacağı adı ilə aldadaraq 70 manatını alıb. Vasif həmin gün saat 17 radələrində yenə İbadət Abdullayevin mağazasına qayıdaraq taksi sürücüsünə verəcəyi adı ilə 30 manat alıb. O, İbadəti Bakı şəhərindən "Kapital Bank"ın Ağcabədi filialına guya adına göndərilmiş pul vəsaitini götürəcəyi və ondan aldığı pulları qaytaracağı adı ilə aldadıb və sənədini almağa çalışıb. Bununla da o, İbadət Abdullayevə 200 manat ziyan vurub.
Vasif Əliyev Cinayət Məcəlləsinin 178.3.3-cü (təkrar dələduzluq törətmək) maddəsi ilə təqsirli bilinib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Vasif Əliyev apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
"İbadət kimlərin qohumu
olduğumu soruşdu"
Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Vasif Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, bildirib ki, Ağcabədi şəhərində himayəsində işləməyən həyat yoldaşı və bir azyaşlı uşağı ilə birgə yaşayıb: "Əvvəllər iki dəfə məhkum olunmuşam, heç bir yerdə işləməmişəm. Zərərçəkmiş şəxslər - İbadət Abdullayevi və Tural Süleymanovu hadisəyə kimi tanımamışam, onlarla heç bir münasibəti olmayıb. 2013-cü ilin dekabr ayının 28-də qohumum Asəfin idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Ağcabədi şəhəri, H.Əliyev adına parkın yaxınlığında yerləşən çay evinə gedərkən yolun sağ kənarında olan ət dükanının açıq olduğunu gördüm. Həmin vaxt avtomobildən düşərək ət dükanına girdim.
Əvvəllər tanımadığım qəssab İbadətə 5-6 kilo ət lazım olduğunu, ancaq ət almağa pulum olmadığını dedim. İbadət kimlərin qohumu olduğumu soruşdu, ona dəri alveri edən Bakirin xalası oğlu olduğunu bildirdim. İbadət Bakiri yaxşı tanıdığını, ondan daim dəri aldığını dedi. Cibimdəki şəxsiyyət vəsiqəmi ona verdim, aldığım ətin pulunu səhəri gün ödəyəcəyimi və sənədi götürəcəyimi dedim.
Ondan kiloqramı 9 manatdan 50 manatlıq ət aldım. Geri qayıdarkən bazarın yanında ərzaq mağazasına girdim və aldığım ətin kiloqramını 7 manata mağazada işləyən qadına satdım".
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün yenidən saat 24 radələrində ət mağazasına gəlib: "Mağazanın bağlı olduğunu gördüm və İbadətin evinə gedərək 50 manat pul lazım olduğunu dedim. Səhəri qaytarmaq şərti ilə ondan 50 manat istədim. İbadət problem olmadığını deyərək mənə 50 manat verdi. İki gün ərzində İbadətdən aldığım ətin pulu ilə birlikdə ondan 200 manat borc almışam, qaytaracağıma söz versəm də, imkansızlıqdan borcu qaytara bilməmişəm".
Vasif Əliyev qeyd edib ki, Tural Süleymanova sənəd və mobil telefon aparatı verməyib, ondan 35 manat pul da almayıb: "Mobil telefonu Turala həmin vaxt mənim yanımda olmuş Rəhman adlı şəxs verib. İbadət Abdullayevdən aldığım 200 manatı dələduzluqla ələ keçirməmişəm, ondan borc kimi almışam. Hazırda əməlimdən peşmançılıq keçirmişəm. Himayəmdə heç bir yerdə işləməyən həyat yoldaşımın və bir azyaşlı uşağımı olduğunu, əldə etdiyim pulu dələduzluqla deyil, borc kimi almağımı və maddi ziyanın ödənildiyini nəzərə alınmasını xahiş edirəm".
Təqsirləndirilən deyib ki, birinci instansiya məhkəməsinin hökmü heç bir mötəbər sübuta söykənməmdən hökm çıxarıb. O, şikayətində birinci məhkəmə instansiyasının hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
"Xəstə uşağına dərman almaq üçün 35 manat istədi"
Zərərçəkmiş Tural Süleymanovun sözlərinə görə, Hindarx qəsəbəsində "Petrol" adlı yanacaqdoldurma məntəqəsində operator işləyir. Vasif Əliyevi əvvəllər tanımayıb, onunla heç bir münasibəti olmayıb: "2013-cü ilin noyabr ayının ortalarında, axşam saat 20 radələrində iş yoldaşım Natiq Məmmədovla işdə olarkən əvvəllər tanımadığım bir oğlan yanacaqdoldurma məntəqəsinə gələrək iki saatdan sonra qaytarmaq şərti ilə pul istədi. O, xarici pasportunu mənə verdi və xəstə uşağına dərman almaq üçün 35 manat götürdü.
Təxminən 5-6 dəqiqədən sonra həmin şəxs qayıdaraq "Bluetooth D 5130" markalı Çin istehsalı olan mobil telefon aparatı verdi və pasportunu götürdü, 2 saatdan sonra məndən aldığı 35 manat pulu qaytaracağını dedi. Ancaq həmin şəxs bir daha qayıtmadı.
Təxminən 2-3 gün sonra Vasifin gəlmədiyini görərək onun verdiyi telefonu açmaq istədim, amma telefon açılmadı. Telefonun nömrə yerinə baxdım, nömrə yerinin xarab olduğunu gördüm. Aparatın heç bir düyməsi işləmirdi. Vasif məndən aldığı pul qaytarmayıb. Həmin pul yanacaqdoldurma məntəqəsinin pulu olduğu üçün sonradan əmək haqqımdan tutulub".
Tural Süleymanov şikayətçi olmadığını deyərək, Vasif Əliyevin apelyasiya şikayətinin təmin edilməsini, ona daha yüngül cəzanın təyin edilməsini xahiş edib.
Dövlət ittihamçısı Səyavuş Sadıqov deyib ki, Vasif Əliyev Cinayət Məcəlləsinin 178.3.3-cü maddəsi ilə məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti əsassızdır. Prokuror törədilmiş cinayət hadisəsinin iş materialları ilə tam sübuta yetirildiyini və birinci instansiya məhkəməsi tərəfindən qanuni, ədalətli və əsaslı hökm çıxarıldığını bildirib.
Tərəfləri dinləyən hakim heyəti apelyasiya şikayətini təmin etməyib.
Hacı Zeynalov
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28