Müdafiə

Müdafiə naziri Silahlı Qüvvələrin real vəziyyətilə bağlı hesabat verdi

Zakir Həsənov: "Biz Ali Baş Komandan tərəfindən qarşımıza qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək üçün bundan sonra da səy və bacarıqlarımızıəsirgəməyəcəyik"

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən ildən bu günədək Ordumuzun vəziyyəti, əsas prioritetləri, aparılan islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.

Z.Həsənov deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu ordu dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilərək döyüş hazırlığına görə Müstəqil Dövlətlər Birliyi məkanında ön sıralarda qərarlaşıb: "İlk növbədə, qeyd etmək istərdim ki, Ali Baş Komandanın tapşırığı ilə 2015-ci il Silahlı Qüvvələrdə döyüş hazırlığı ili elan olunub. Burada planlı şəkildə, mərhələlərlə mühüm məsələlər həyata keçirilir. Həm struktur, həm kadrlar baxımından mühüm işlər görülür. Qarşımıza qoyulan məqsəd isə hər bir hərbi qulluqçunun, tutduğu vəzifədən asılı olmayaraq, öz yerində tapşırıqları yüksək səviyyədə yerinə yetirməsinə qadir olması və vəzifələrini döyüş şəraitinə uyğun bacarmasıdır".
Nazirin sözlərinə görə, istənilən səviyyələrdəki qərargahlarda, idarəetmə məntəqələrində şəxsi heyətin biliyi, bacarığı, təcrübəsi və vərdişləri təkmilləşdirilir: "Döyüş hazırlığının çöl şəraitində, o cümlədən müəyyən hissəsinin gecə vaxtı, özü də birbaşa döyüş şəraitinə uyğun keçirilməsinə üstünlük verilir. Bununla əlaqədar döyüş hazırlığı planına uyğun olaraq, Silahlı Qüvvələrin bütün birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, tank, artilleriya, kəşfiyyat, mühəndis-istehkam hərbi hissələrində, Xüsusi Təyinatlı Qüvvələrdə gündüz və gecə şəraitində müxtəlif səviyyəli irimiqyaslı təlimlər keçirilir.
Xüsusi qeyd etmək istərdim ki, qısa müddət ərzində tam təmin olunmuş yeni poliqonlar inşa edilib və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün müvafiq şərait yaradılıb. Burada əsas məqsəd ordunu gələcək döyüşlərə hazırlamaq, zabit və əsgərlərin qarşısında duran vəzifələrin yüksək səviyyədə icrasını təmin etməkdir.
Dövlətimizin başçısının tapşırığına əsasən, Müdafiə Nazirliyinin döyüş hazırlığı planına uyğun olaraq keçirilən təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər də cəlb edilib. Onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, müasir silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, düzgün istifadə və istismarı qaydalarını bilmək imkanı əldə ediblər. Eyni zamanda, Silahlı Qüvvələrimizin şəxsi heyəti beynəlxalq səviyyədə keçirilən müxtəlif təlimlərdə iştirak edir. Təlimlər, yoxlamalar və digər tədbirlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını belə müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərdi".
Z.Həsənov açıqlamasında xatırladıb ki, ötən ilin yay aylarında cəbhə xəttində hadisələrin gərginləşməsi, noyabr ayında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin məhv edilməsi, döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən Ermənistan Silahlı Qüvvələrinin təxribat törətmək planlarının tam alt-üst edilməsi bir daha ordumuzun kifayət qədər gücə malik olduğunu sübuta yetirdi: "Ermənistan tərəfi itkilərini gizlətməyə çalışır. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq. Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət çox acınacaqlıdır. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən rejimdir. Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, o cümlədən Yaxın Şərq regionundan - Livandan və Suriyadan muzdluları cəlb edir. Şübhəsiz ki, Azərbaycanın müasir tələblərə cavab verə biləcək güclü ordusunun formalaşdırılmasında, yüksək döyüş hazırlığının təmin edilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən, döyüş hazırlığının daha da artırılması məqsədilə hərbi təhsil sisteminə ciddi diqqət yetirilir. Bu sistem müxtəlif pilləli ardıcıl təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsindən və təhsili idarəetmə orqanlarından ibarətdir. Bundan əlavə, zabit-gizir heyətinin peşəkar hazırlığının təkmilləşdirilməsi üçün biz bu gün xüsusi proqram tərtib etmişik.
Digər bir vacib məsələ - Silahlı Qüvvələrdə müasir dövrün tələblərinə uyğun aparılan kadr siyəsətidir. Daha layiqli kadrların aşkar edilməsi, düzgün seçilməsi, yerləşdirilməsi, vəzifə üzrə irəli çəkilməsi və təhsil almağa göndərilməsi, növbəti hərbi rütbələrin vaxtında verilməsi və mükafatlandırılması məqsədilə kadrların obyektiv qiymətləndirilməsi yeni attestasiya qaydalarının tətbiqi ilə həyata keçirilir. Zabitlərin bilik və bacarıqlarına uyğun istifadə olunması, dəyişən xidmət şəraitinə uyğunlaşma vərdişlərinin inkişaf etdirilməsi, xidmətdə bərabər şəraitin yaradılması məqsədilə Silahlı Qüvvələrdə onların xidməti yerlərinin planlı şəkildə yerdəyişməsi (rotasiyası) yeni təlimat əsasında aparılır".
Nazir bildirib ki, hazırda isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr siyasəti konsepsiyası"nın layihəsi üzərində işlər davam etdirilir: "Hərbi xidmətin nüfuzunun artırılması və maddi stimullaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi hərbi quruculuqda aparılan irimiqyaslı islahatlar çərçivəsində təqdirəlayiq işlərdən hesab olunur. Müdafiə Nazirliyi ölkənin əsas güc strukturlarından biri kimi bu sahədə bir neçə yeni qanunvericilik aktının layihələrini hazırlayıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırıb və onları müvafiq instansiyaya təqdim edib.
Z.Həsənov bildirib ki, son illər ərzində Azərbaycanın hərbi xərcləri sürətlə inkişaf edib və qısa zamanda hərbi büdcəmiz 20 dəfədən çox artıb. Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri Azərbaycanın 2015-ci il üçün hərbi büdcəsindən təxminən 2 milyard ABŞ dolları azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə, Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür: "Ali Baş Komandanımız İlham Əliyevin "düşmənin ayaqlarının altında torpaq od tutub yanmalıdır" sözləri qarşımızda mühüm vəzifələr qoyur. Məhz buna görə də Silahlı Qüvvələrimizin döyüş arsenalının müasir tələblər əsasında yenilənərək gücləndirilməsi ümumi fəaliyyətimizin başlıca istiqamətlərindən birini təşkil edir. Silahlı Qüvvələrimizin imkan və qabiliyyətlərinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılır. Biz müəyyən olunmuş inkişaf proqramına əsasən, hərbi təyinatlı məmulatların təmirini, modernləşməsini və təkrar emalını həyata keçiririk. Qoşunların silah və döyüş sursatı ilə təminatı, uzun müddət istismarda olan silahların və cihazların yeniləri ilə əvəzlənməsi, onların istifadəsinin düzgün təşkil olunması məsələlərinə xüsusi diqqət yetirilir".
Nazir qeyd edib ki, hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir. Qısa bir müddətdə relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində yerləşən və uzunmüddətli ərzaq tədarükü edilən hərbi hissələrin şəxsi heyətinin gücləndirilmiş kalorili hazır və keyfiyyətli milli yeməklərlə təmin edilməsi məsələsi həllini tapıb. Həmçinin ön xətdə yerləşən hərbi hissələrin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə onlar qablaşdırılmış su ilə təmin olunur: "Ali Baş Komandanın tapşırığı ilə orduda həyata keçirilən mühüm islahatlardan biri də məişət və təsərrüfat fəaliyyəti ilə bağlı vacib tapşırıqların təcrübəli mülki işçilərə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına həvalə edilməsidir. Hazırda Silahlı Qüvvələrdə təxminən 20 min nəfərədək mülki şəxs və 20 min nəfərədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işlə təmin edilib. Bu istiqamətdə atılan addımlar bölgə sakinləri tərəfindən də müsbət qarşılanır. Cəbhəboyu rayonlarda əsgəri xidmətini başa vuran yüzlərlə gənc ordunun məişət-təsərrüfat sahələrində işlə təmin edilir, ailələrin sosial şəraitinin yaxşılaşdırılmasına zəmin yaradılır. Şəxsi heyətin məişət xidmətinin yaxşılaşdırılması məqsədilə bir çox hərbi hissələrdə müasir tipli hamam-camaşırxana kombinatları fəaliyyət göstərir. Bir sıra hərbi hissələrdə yeni kombinatların inşası davam etdirilir.
Hərbi hissələrdə hərbi qulluqçuların sosial-məişət şəraitinə diqqətin artırılması, yüksək kalorili qidalarla təmin edilməsi onların arasında xəstələnmə hallarının xeyli dərəcədə azalmasına, immunitetinin artmasına, bir sıra yoluxucu xəstəliklərin - difteriya, qızılca, malyariya, qarın yatalağı kimi təhlükəli infeksiyaların qarşısının tamamilə alınmasına gətirib çıxarıb.
Silahlı Qüvvələrin digər təminat növləri kimi şəxsi heyətin tibbi təminatı da yaxşılaşır, hərbi təbabətimiz inkişaf edir, təkmilləşdirilir. Hərbi həkimlərimiz dünyanın inkişaf etmiş dövlətlərində, o cümlədən Türkiyədə, Almaniyada və digər ölkələrdə ixtisasartırma və təkmilləşmə kurslarında, elmi-praktik konfranslarda iştirak edirlər. Hazırda Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında 20 həkim ixtisaslaşma təhsili alır və artıq bu kursları bitirmiş 25 hərbi həkim hospitallarda müvafiq vəzifələrə təyin olunub.
Sözsüz ki, qeyd edilən bütün bu uğurların əsasında Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti durur.
Ordumuz son bir ildə bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələndiyini sübuta yetirdi. Biz düşmənə gücümüzü göstərməklə onlara aydın başa saldıq ki, münaqişənin yeganə çıxış yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədilə erməni silahlı birləşmələrininərazilərimizi birdəfəlik və qeyd-şərtsiz tərk etməsidir. Düşmən bunu anlamalıdır. Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşən yeganə vəzifə isə düşməni darmadağın etməyə hər an hazır olmaqdır. Biz buna hazırıq və bütün qoşun növlərində döyüş hazırlığının gücləndirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və döyüş əzminin yüksəldilməsi məqsədilə daim keçirilən döyüş atışlı təlimlər, məşqlər qələbə gününün uzaqda olmadığına sübutdur. Ordumuzun güclü potensialı tam əminliklə deməyə əsas verir ki, bundan sonra da nəzərdə tutulan bütün işlər, qarşıya qoyulan məqsədlər uğurla yerinə yetiriləcəkdir. Biz Ali Baş Komandan tərəfindən qarşımıza qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək üçün bundan sonra da səy və bacarıqlarımızıəsirgəməyəcəyik.
Bu bayram günündə mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində, sülhməramlı qüvvələrin tərkibində, xarici dövlətlərdəki missiyalarımızda xidmət edən şəxsi heyəti təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram.

Z.MƏMMƏDLİ