Sıradan çıxarılan vətəndaş
cəmiyyətləri və beynəlxalq təpkilər
Artıq bir neçə gündür ki, Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyanın Londona səfər etməsi və bir sıra dövlət xadimləri ilə görüşməyə cəhd etməsi müzakirə edilir. Məsələnin maraqlı tərəfi budur ki, Azərbaycan bu prosesin qarşısını ala biləcəkmi? Ekspertlər hesab edir ki, Böyük Britaniya Azərbaycanı regionda ən ciddi dövlət hesab edir və buna görə vətəndaş cəmiyyətinin tam oturuşduğu bir ölkə ilə üz-üzə gəlməyə çalışmaz.
Çünki bu gün Ermənistanın dövlətçilik ənənəsinin sıradan çıxdığı, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında bir uçurumun yaranması göz önündədir və belə halda Böyük Britaniya Azərbaycanı itirmək haqqında düşünməz. Elə Azərbaycanın rəsmi orqanları da bu fikirdədirlər. Gəlin öncəliklə bu açıqlamalara diqqət ayıraq. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana təminat verib ki, Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyana Londonda bu ölkənin rəsmi şəxsləri ilə görüşməsi üçün imkan verilməyəcək.
Bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutunun (The Royal Institute of International Affairs) təşkil etdiyi tədbirdə iştirak etmək üçün qondarma "Dağlıq Qarabağ" rejiminin rəhbərinin Londona səfərini şərh edərkən deyib.
Böyük Britaniya XİN B.Saakyanın Londona səfəri ilə bağlı mövqeyini Azərbaycan səfirliyinə təqdim etdiyi cavab məktubunda izah edib.
Səfir bildirib: "Azərbaycanın Böyük Britaniyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda Azərbaycan tərəfinin tanınmamış separatçı rejimin lideri olan, eləcə də bəşəriyyətə qarşı kütləvi cinayətlərdə, o cümlədən soyqırımda özünü ləkələyən şəxsin Böyük Britaniyaya səfəri ilə bağlı narahatlığını ifadə edib. Məktubda ikitərəfli münasibətlərin müsbət məqamları qeyd edilməklə və Azərbaycanla əməkdaşlığın gələcək inkişafına sadiqliyi ifadə olunmaqla, eyni zamanda, bu cür səfərin Krallığın nüfuzuna kölgə sala biləcəyinə dair narahatlıq bildirilib. Səfirlik, həmçinin Britaniya tərəfinin Bako Saakyana Birləşmiş Krallığın rəsmi şəxsləri ilə hər hansı görüşlərin keçirilməsi üçün şərait yaradılmayacağına dair təminatlar verməsini xahiş edib".
T.Tağızadənin sözlərinə görə, Böyük Britaniya XİN-in cavab məktubunda bir neçə məqam qeyd edilib: "Birləşmiş Krallıq özünü müstəqil elan etmiş Dağlıq Qarabağ rejimini tanımır və bu mövqeyinin dəyişdirilməsi ilə bağlı planları yoxdur; Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, eləcə də münaqişənin ATƏT-in prinsipləri əsasında həllinə sadiqdir. Böyük Britaniya XİN, həmçinin vurğulayıb ki, "Chatham House" tədbirinin nazirliklə heç bir əlaqəsi yoxdur, çünki institut qeyri-hökumət təşkilatıdır".
Diplomat diqqətə çatdırıb ki, səfirlik daha əvvəl "Chatham House" rəhbərliyinə məktub göndərib: "Səfirlik məktubda Azərbaycan və Böyük Britaniya münasibətlərinin, eləcə də Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrini, analitiklərini Londona dəfələrlə dəvət etmiş institutla əlaqələrin inkişafını vurğulayıb. Biz, həmçinin qeyd etmişik ki, "Chatham House"un özünü müstəqil elan etmiş Dağlıq Qarabağ rejiminin liderinin Londona səfəri zamanı çıxış etməsi üçün ona tribuna verilməsi qərarı qəbuledilməzdir və anlaşılan deyil. Qeyd edilirdi ki, azad debatlar separatçılığa haqq qazandırmamalıdır. Diplomatik missiya, həmçinin vurğulayıb ki, Kral Beynəlxalq Münasibətlər İnstitutunun mövcud beynəlxalq nüfuzu Londona səfər edən separatçı rejimlərin liderləri üçün piar-imkanın yaradılması kimi belə düşünülməmiş addımların nəticəsində təhlükə altına salınmamalıdır".
İnstitut rəhbəri cavab məktubunda Azərbaycanla əməkdaşlığı davam etdirmək, Azərbaycanın mövqeyini təqdim etmək üçün ölkənin rəsmi şəxslərinə və analitiklərinə platforma təqdim etmək niyyətini qeyd edib.
T.Tağızadə deyib: "Saakyanın səfərinə gəlincə, institut qeyd edib ki, onun Londona səfəri rəsmi xarakter daşımır. İnstitut anlayır ki, "siyasi cəhətdən ziddiyyətli fiqurlar"a bəzən dəvət göndərir və çıxış etmək imkanı verir. Bununla da institut Saakyanı "ziddiyyətli fiqur" adlandırıb".
Səfirin sözlərinə görə, institutun saytından tədbir barədə məlumatı silib. İnstitut rəhbərliyi Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrinin münaqişə ilə bağlı mövqelərini bildirməsi üçün onları dəvət etmək niyyətini və arzusunu bəyan edib.
Diplomat əlavə edib: "Separatçı Dağlıq Qarabağ rejiminin liderinin iştirak etdiyi tədbirə gəlincə, orada təqribən 40 nəfər iştirak edib, onların 20-dən çoxu Ermənistanın Böyük Britaniyadakı səfirliyinin, Ermənistan QHT-lərinin və regionla əməkdaşlıqda maraqlı olan bəzi şirkətklərin nümayəndələri, eləcə də Azərbaycan səfirliyinin nümayəndələridir".
Onun sözlərinə əsasən, B.Saakyanın çıxışı olduqca ağır təəssürat yaratdı: "O, erməni dilində tərcümə ilə çıxış etdi ki, bu da çox uzun və cansıxıcı idi. Təşkilatçılar bu çıxışla bağlı narazılığı hər hansı yolla yüngülləşdirməyə çalışırdılar və buna görə də onun çıxışını turizmin, iqtisadiyyatın vəziyyəti və s. məsələlərlə bağlı sual-cavablarla məhdudlaşdırmağa cəhd edirdilər. Azərbaycan səfirliyinin və İngilis-Azərbaycan Cəmiyyətinin nümayəndələri sual və şərhlər verməyə nail oldular. Sual və şərhlər belə tədbirin keçirilməsinin və separatçı rejimin liderinin çıxışının yolverilməzliyi ilə bağlı olub. Səfirliyin və Böyük Britaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan təşkilatlarının köməyi ilə institutun binası qarşısında aksiya da keçirildi. Aksiya Saakyanın səfərinə qarşı etiraz əlaməti olaraq videomateriallar, bannerlər, şüarlarla müşayiət olundu".
Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası "Çıraqov və digərləri Ermənistana qarşı" (ərizə No. 13216/05) işi ilə bağlı qərarı britaniyalı parlamentarilər tərəfindən ədələtin təntənəsi kimi dəyərləndirilib. Ekspertlər hesab edir ki, Ermənistana qarşı hətta ciddi basqıların olacağını da ehtimal edir. Səbəb isə aşağıdakılardır.
1. Ermənistan dövlətçilik ənənələrini itirib.
2. Ermənistanda dövlət quruculuğu tam iflasa uğrayıb.
3. Vətəndaş cəmiyyəti təsirsiz hala salınıb.
4. Az da olsa mövcud olan vətəndaş cəmiyyəti artıq tam dəfn edildi.
Məhz bu cür səbəblərə görə Ermənistan beynəlxalq miqyasda nüfuzunu tamami ilə itirəcək. Bunu da qeyd edək ki, separatçıların lideri Londona gedəndən sonra Böyük Britaniya siyasətçiləri daha maraqlı addım atdılar. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının üç xüsusi maddəsinin pozuntusunun qəbul edilməsindən əlavə, məhkəmə həmçinin Ermənistanın Dağlıq Qarabağa və 7 ətraf rayonun ərazisinə tam nəzarətinin olmadığını iddia edən Ermənistan hökumətinin etirazını rədd edib. Məhkəmə qərar verib ki, bu münaqişə hazırda hakimiyyətdə olan rejimin üzvləri tərəfindən başlandığından və həyata keçirildiyindən Ermənistan bu münaqişəyə cavabdehdir. Böyük Britaniya Parlamentinin üzvü Stefen Hepbörn Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavabında bəyan edib ki, Ermənistan hökuməti bu qərarın yaratdığı imkandan faydalanmalı və Azərbaycan ərazilərinin işğalında oynadığı rolu qəbul etməlidir.
Onlar, həmçinin, artıq 20 il davam edən durğunluq vəziyyətindən sonra diplomatik irəliləyişə nail olmaq üçün ciddi danışıqlara başlamalıdırlar.
Öz növbəsində Baronessa Zahidə Mənsur bildirib ki, AİHM-in bu qərarı münaqişənin Dağlıq Qarabağın yerli əhalisi olan ermənilər tərəfindən aparılması barədəki mifi darmadağın etdi. Bu, Azərbaycanın suveren ərazisinin Ermənistan tərəfindən işğalıdır.
Sülh əsasında həll yolunun tapılmasında danışıqlara dürüst yanaşmaq və nəhayət ki, müəyyən irəliləyiş əldə etmək üçün bunu qeyd etmək vacibdir.
Müşahidəçilər hesab edir ki, Azərbaycan da öz tərəfindən dünyaya Ermənistanda vətəndaş cəmiyyətinin tam iflas olduğunu göstərməlidir. Yeri gəlmişkən artıq bir neçə gündür ki, Ermənistanda mitinqlər gedir və onlarla şəxs polis təzyiqi ilə üz-üzə qalıb. Bu isə əsas verir ki, Azərbaycan dünyaya bəyan etsin ki, öz ölkəsində vətəndaş cəmiyyətini boğan Ermənistan hakimiyyəti Azərbaycan torpaqlarını da işğal etməklə regionda bir qara yaraya çevrilirlər. Başqa cür desək Ermənsitan rəhbərliyi nəinki Ermənistandakı ermənilərin, həm də Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərin də hüquqlarını ayaqlar altına salırlar.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16