"Serj Sərkisyan Dağlıq Qarabağ məsələsində güzəştlərə başladı"
09:53 28-07-2015
CƏMİYYƏT
"Serj Sərkisyan Dağlıq Qarabağ məsələsində güzəştlərə başladı"
Mübariz Əhmədoğlu: "Aparılan müzakirələrdə bəlli olacaq ki, Dağlıq Qarabağın əsl sahibi azərbaycanlılardır"
"ATƏT MQ sədrlərinin regiona son səfəri, ehtimal ki, konkret nəticə ilə bitəcək. Ermənistan tərəfinin atdığı addımlar bunu deməyə əsas verir".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, həmsədrlər Ermənistanda olduğu ərəfədə Ermənistanın müdafiə nazirinin müavini David Tonoyan Dağlıq Qarabağda əsir və itkin düşmüşlərin komissiyasının iclasını keçirdi:
"Ermənistan tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsinə razılıq vermirdi. Çünki Ermənistan bütün dünyaya məlumat yayırdı ki, guya Dağlıq Qarabağda azərbaycanlılar erməniləri qırıblar. Amma itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi qəbristanlığın aşkarlanmasını zəruri edəcək. Qəbristanlıqların aşkarlanması vaxtilə həmin ərazidə yaşamış Azərbaycanın nümayəndələrinin o ərazilərə getməsini tələb edir. Qəbristanlıqdakı meyitlərin DNT analizi isə tamamilə həqiqəti ortalığa qoyacaq".
M.Əhmədoğlu bildirib ki, öldürülənlərin, bu məzarda yatanların böyük əksəriyyətinin ermənilər deyil, azərbaycanlılar olduğu bəlli olacaq: "DNT analizi hətta o adamların ad, familiyasına qədər müəyyən etməyə imkan verəcək. Beynəlxalq Qırmızı Xaç Komitəsi xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsi Fransa prezidenti Ollandın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə razılaşdırılmışdı. Bu barədə müvafiq bəyanat yayılmışdı. Yuxarıda göstərilən səbəblərə görə Serj Sərkisyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsinə razılıq vermədi. İtkin düşənlərin siyahısının dəqiqləşdirilməsi mövzusu vasitəçilər tərəfindən gündəliyə gətirilmişdi. Ondan əvvəl isə həmsədrlər azərbaycanlıların və ermənilərin işğal altındakı ərazilərdə ata-baba məzarlıqlarını ziyarət etmə məsələsini gündəliyə gətirmişdilər. Ermənistan bu təklifdən də imtina etdi".
Mərkəz rəhbəri sonra qeyd edib ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ ərazisinə azərbaycanlıların ayağının dəyməsindən qorxurdu: "Çünki Dağlıq Qarabağ ərazisinə vaxtı ilə orada yaşamış azərbaycanlıların ayağı dəyən kimi Dağlıq Qarabağ ermənilərinin içərisində xof yaranacaq. Yeni yaranan gənc nəsil istər-istəməz suallar verəcək ki, bu azərbaycanlıların burada nə işi var? Aparılan müzakirələrdə gənclərə bəlli olacaq ki, Dağlıq Qarabağın əsl sahibi azərbaycanlılardır. S.Sərkisyan bu iki faktorun qorxusundan o vaxt bu təklifi rədd etdi və həmsədrlər də təklifin mahiyyətini kiçildib, itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi təklifini irəli sürdülər. Sonradan S.Sərkisyan DNT analizi məsələsini bilən kimi Serj Sərkisyan bundan da imtina etdi".
Politoloq hesab edir ki, indi S.Sərkisyan artıq başa düşür ki, daha böyük güzəştlərə gedə bilər: "Ona görə S.Sərkisyan itkin düşənlərin siyahısının dəqiqləşdirilməsini kiçik məsələ hesab edərək güzəştə getdi. Bununla da o, yenidən özünü ABŞ-ın müttəfiqi kimi göstərir. Çünki bu təklifin müəllifi ABŞ-dır. ABŞ isə S.Sərkisyanla belə razılıq əldə edən kimi dərhal son dövrlərdəki aktivliyini azaltdı. ABŞ-da da başa düşürlər ki, indi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ABŞ-ın maraqlarına uyğun deyil. Eləcə də, ABŞ hal-hazırda Ermənistanı Rusiyanın əleyhinə istifadə etmək istəyir. ABŞ Azərbaycanı da antirusiya işlərə qoşmağa cəhd edə bilər. Bu niyyətlə ABŞ özünün aktivliyini azaltdı".
M.Əhmədoğlu vurğulayıb ki, S.Sərkisyanın Dağlıq Qarabağ məsələsinə digər güzəşti isə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılmasına razılıq verməsidir: "Bu barədə də Ermənistan müdafiə nazirinin müavini David Tonoyan Dağlıq Qarabağda olarkən Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçisinə məlumat verdi. Əslində, bu iki hadisə kiçik hadisədir. 27 ildir Dağlıq Qarabağ münaqişəsi başlayıb, 22 ildir Dağlıq Qarabağ tənzimlənməsi gedir. Bu dövr ərzində bu iki hadisə, bu iki güzəşt çox kiçik güzəştdir. Amma nəzərə almaq lazımdır ki, Ermənistan bu vaxtadək bu güzəştlərə də razı deyildi. İndi razılıq veribsə, demək, vəziyyətin çıxılmaz olduğunu Ermənistan başa düşür. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın ən əsas gücü ondan ibarətdir ki, o, həmsədrlərlə birləşib tənzimlənmənin başlanmasına imkan vermirdi. Dağlıq Qarabağ tənzimlənməsi uşaqların oynatdığı şar kimidir. İynənin harasından batmasından asılı olmayaraq partlayacaq və zay olacaq. Ona görə əminliklə demək olar ki, bu iki kiçik dəyişiklik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində böyük hadisələr yarada bilər".
Mərkəz rəhbəri qeyd edib ki, Amerikanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki son aktivliyini tormozlandırması göz qabağındadır: "Çox mümkündür ki, hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi və Dilqəm Əsgərovun və Şahbaz Quliyevin geri qaytarılması məsələsinin son razılaşdırılması avqustda, sentyabrda deyil, oktyabr, noyabr aylarında baş verəcək. Həmsədrlər avqust ayı istirahət edəcək, sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Görüşdə, yəqin ki, sənəd imzalanacaq. Sənəd tənzimləmənin Helsinki Yekun Aktının 3 prinsipi əsasında aparılmasını və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi mövzularını əhatə edəcək".
Politoloqun qənaətincə, sonra isə hər halda oktyabr, noyabr ayında bu iş reallaşmağa başlayacaq: "Hər halda ABŞ tərəfi çalışacaq ki, 2016-cı ilin mart ayına qədər bu proses davam etsin. Yalnız mart ayında ABŞ-ın dəqiq anlayışı olacaq ki, onun İranla münasibəti nə vəziyyətdədir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ABŞ-ın indiki tutduğu mövqe İranla əlaqəlidir. O cümlədən, Rusiyanın da son dövrlərdə aktivləşməsi də İran-ABŞ yaxınlaşması ilə əlaqəlidir. ABŞ-ın indiki dövrdə aktivliyini azaltması hələ Rusiyanın da aktivliyini azaltması anlamında deyil. Nəzərə alınmalıdır ki, Azərbaycanın Böyük Sülh Sazişinin imzalanmasından imtinası qeyri-mümkündür. Həm də Ermənistanın mövqeyini dəyişdirən əsas qüvvə Azərbaycan ordusudur. Azərbaycan ordusu da torpağımızın axırıncı mm kvadratı azad olunmayanadək aktivliyini azaltmayacaq".
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45