Prezident İlham Əliyevin 2025-ci il 21 iyun tarixli 632 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına medal və vəsiqələr təqdim edilib.

Nazirlikdən "Unikal"a bildirilib ki, tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov kənd təsərrüfatının daha da inkişafı məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirildiyini, aqrar sahədə əldə edilən uğurlar və nəticələrin Prezident İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd edib.

Dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyini diqqətə çatdıran nazir vurğulayıb ki, 21 iyun 2025-ci il tarixli Sərəncamla dövlət qulluqçularının təltif edilməsi onların əməyinə verilən yüksək dəyərdir.

Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan 9 nəfərin dövlət başçısının Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini xatırladan nazir göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezidentin imzaladığı sərəncamla təltif olunan nazirlik əməkdaşları verdiyi dəyərə görə dövlətimizin başçısına təşəkkür ediblər.

Sonra təltif olunmuş nazirlik əməkdaşlarına medal və vəsiqələr təqdim edilib.